Biz əvvəllər bunu yazmışdıq... Gülənin qaranlıq keçmişi
Bələdiyyə və prezident seçkilərindəki acı məğlubiyyətindən sonra bu ilin iyununda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə müəyyən mənada uğur qazanmağı hədəfləyən Nurçu camaatının lideri Fətullah Gülən Türkiyədə hələ də qalmaqda olan tərəfdarlarına okeanın o tayından lazımı göstərişlər verib.
2 Sentyabr 2016 17:20 SiyasətBələdiyyə və prezident seçkilərindəki acı məğlubiyyətindən sonra bu ilin iyununda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə müəyyən mənada uğur qazanmağı hədəfləyən Nurçu camaatının lideri Fətullah Gülən Türkiyədə hələ də qalmaqda olan tərəfdarlarına okeanın o tayından lazımı göstərişlər verib. Pensilvaniyadan gələn tapşırıqda Gülən tərəfdarlarının maksimum dərəcədə parlamentə düşə bilməsi vurğulanır. Bu məqsədlə gülənçilərin Türkiyənin müxalifət partiyaları ilə razılıq əldə etməsi istiqamətində cəhdlər göstərilir. Plana əsasən Gülən tərəfdarı olan şəxslərdən hər hansı biri siyasi partiyaların namizədləri sırasında yer alsa həmin partiyanın seçki marafonuna Fətullah Gülən tərəfindən külli miqdarda maliyyə vəsaiti xərclənəcək. Ancaq bu arada Fətullah Gülənlə bağlı yeni faktların ortaya çıxması hoca əfəndinin iyun planlarının reallaşmayacağı təəssüratı yaradıb. Belə ki, hələ "Paralel əməliyyat" zamanı Fətullah Gülənin mason olması, sionizmlə yaxın əlaqələr qurması barədə deyilənlər fakt kimi ortaya çıxıb.
Nurçularla masonları nə bağlayır?
Türkiyənin "Yeni Şafak" qəzetinin yazdığına görə, Fətullah Gülənlə bağlı bu vaxta qədər iddia kimi irəli sürülən, bu gün isə təsdiqini tapan bəzi qaranlıq faktlar üzə çıxıb. Qəzetin yazdığına görə, Nurçu camaatının lideri Fətullah Gülən hələ 1969-cu ildə Azad və Qəbul Edilmiş Masonlar lojası tərəfindən təltif edilib. "Yeni Şafak" yazır ki, 1948-1949-cu illərdə nəqliyyat naziri vəzifəsində çalışan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Qasım Gülek Fətullah Gülən barədə məktubunda bu barədə qeyd edib. Qasım Gülək məktubunda bildirib ki, Fətullah Gülən hər masonun xəyalı olan ən böyük medala layiq görülüb. Hətta Fətullah Gülən hərbi xidmətdə olarkən belə mason təşkilatları ilə təmasa keçib. Fətullah Gülən masonlarla əlaqəsi vasitəsilə MOSSAD və Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) çıxış əldə edib.
Gülən məktəbləri ilə mason mərtəbəsi arasında oxşarlıq
Bu arada Fətullah Gülən barədə aparılan araşdırmalardan məlum olub ki, nurçuların liderinin masonluq fəaliyyəti təkcə bununla kifayətlənməyib. Gülən mıəktəblərində təhsil alan və dərs deyən müəllim heyətinin Nur camaatı arasında tanınmasının da eynilə masonluq mərtəbəsi ilə oxşar olduğu aydınlaşıb. Məlumat üçün qeyd edək ki, masonluqda yüksəliş mərtəbəsi şagirdlik, tələbəlik və ustadlıq olaraq sıralanır. Eynilə Gülən məktəblərində də bu sıralama davam edir. Fətullah Gülən də öz camaatından bəhs edərkən onları şagirdlik, tələbəlik və nəhayət ustadlıq kimi sıralayır. Maraqlı bir fakt isə ondan ibarətdir ki, Gülən məktəblərini ağız dolusu tərif edən və bu haqda "Barış körpüləri" adlı kitab yazan Eser Karakaş da zaman-zaman mason lojalarındakı konfranslarda məruzəçi kimi çıxış edənlər sırasındadır.
Gülənçilərin masonlarla birlik və bərabərliyinə daha bir işarə hər iki qüvvənin öz aralarına qətiyyətlə qadın almamalarıdır. Masonlar aralarına qətiliklə bir qadını qəbul etmirlər, öz həyat yoldaşları isə yalnız ildə bir dəfə dərnək daxilində görüşə bilirlər. Bu görüş isə ümumi bir yerdə, nahar şəklində olur. Eyni ilə Gülən məktəblərində də bu prinsip qorunurdu. Elə son vaxtlara qədər Azərbaycanda faəliyyət göstərən Gülən məktəbləri, liseylərinin timsalında bunu açıq görmək mümkündür. Hər kəsə məlumdur ki, həmin məktəblərin müəllim heyəti yalnız kişilərdən təşkil olunub və nə paytaxt, nə də regionlardakı liseylərdə qadın müəllimələrə dərs demək hüququ tanınmayıb.
Gülənə mason dəstəyi
Fətullah Gülənə mason dəstəyi hər zaman özünü büruzə verib. Vaxtı ilə Ankara 2 nömrəli Dövlət Təhlükəsizlik Məhkəməsində mühakimə olunan Fətullah Gülənə o zaman da ən əhəmiyyətli dəstək yenə masonlardan gəlib. Elə Fətullah Gülənin yaxın ətrafında olanlara nəzər yetirdikdə də nurçuların liderinin masonlarla həlqələndiyini görmək mümkündür. Belə ki, Gülənin okeanın o tayında təşkil etdiyi əksər tədbirlərinin yaxından iştirakçısı olan yəhudi camaatının lideri Bensiyon Pinto da ustad masonlardandı. Bu illər ərzində Gülənin Amerikada qalması üçün ona yaxından dəstək verən CIA-nın yüksək rütbəli şeflərindən sayılan Qraham Fuller, Morton Abromovitz, Paul Volfovitz, Corc Fidasın da adı masonlar sıyahısındadır. Həmçinin hər zaman Gülənin yanında olan Üzeyir Qarih və İzak Alaton da masonlar arasında üstadlıq səviyyəsinə yüksələnlərdəndir.
Süleyman İsmayılbəyli
"Olaylar" qəzeti, 31 mart 2015