Güclü dövlət, uğurlu siyasət, kamil millət xoş gələcəyimizdir
4 Avqust 2016 12:14 SiyasətSabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovun daha bir kitabı nəşrə hazırlanır. "Fikir və düşüncələrim" adlı kitabda sabiq millət vəkilinin müxtəlif sahələrə aid yazıları, məqalələri, fikirləri, eləcə dəayrı-ayrı illərdə ölkənin nüfuzlu kütləvi informasiya vasitələrində dərc olunan müsahibələri yer alıb. "OLAYLAR" sabiq millət vəkilinin sözügedən kitabda yer alan məqalələrini təqdim edir.
Qeyd edək ki, sabiq millət vəkilinin "Fikir və düşüncələrim" adlı kitabı aprel döyüşlərində həlak olmuş şəhidlərin ruhuna ithaf olunub.
İnsan, həyat və ölməzlik haqqında
Müasir dövrdə insanı öyrənən xüsusi elmlər böyük nailiyyətlər əldə etmişlər. Lakin onlar öz predmetlərinə uyğun olaraq insanın bu və ya digər tərəfinə üstünlük verirlər. Mənə belə gəlir ki, buna görə də həmin məlumatlar əksər hallarda birtərəfli xarakter daşıyır. Odur ki, insanı kompleks və hərtərəfli öyrənməyə tələbat və ehtiyac yaranır. Hər şeydən əvvəl göstərmək lazımdır ki, insan çox mürəkkəb və müxtəlif tərəfləri əhatə edən bio-sosial varlıqdır. Buna görə də onu bütün əhatəliyi və hərtərəfliliyi ilə öyrənmək zərurət halını alır. İnsan varlığının unikal xarakterini, mahiyyəti və təbiətini açmaq, onun təbii-bioloji cəhətlərini və sosial keyfiyyətlərini araşdırmaq zəruridir.
İnsan ən mürəkkəb və sirli obyektlərdəndir. Onun mahiyyətinin izahında hələ də bir çox məsələlər aşkar olunmamış qalır. İnsanın mahiyyəti kainat qədər sirlidir. Fikrimcə, bu mənada onun öyrənilməsini bitmiş hesab etmək olmaz. Elm onun dərinliklərinə nüfuz etdikcə açılmamış qatların çox olduğu daha aydın görünür. Odur ki, insanı tam öyrənmək üçün bir ömür kifayət deyildir. Amma bu çox şərəfli işdir. İnsan üçün onun özünü öyrənməkdən maraqlı heç nə yoxdur. Müdriklərdən biri demişdir: "Əgər bütün həyatını insanı öyrənməyə sərf etmisənsə, onda ömrünün hədər getmədiyini söyləyə bilərsən".
İnsan haqqında ilk təsəvvürlər hələ Qədim Hindistan və Çindəki təlimlərdə ifadə olunub. Burada insanın mənəviyyatı, onu ehtiraslardan azad etməyin yolları göstərilirdi. Qədim Çində geniş yayılmış konfusilik və daosizm təlimlərində də insanın əxlaqı, davranışı təbiət və kainat ilə əlaqələndirilir, tərbiyə məsələləri diqqət mərkəzində dururdu. Ümumiyyətlə, Qədim Şərq fikrində insanın təbii və sosial aləminə hümanist münasibət, onun daxili dünyasının təkmilləşdirilməsi başlıca yer tutub.
Bütövlükdə, oxuduqlarımdan bu nəticə hasilə gəlir ki, insanın anlaşılmasına dair müxtəlif baxışları aşağıdakı kimi üç formada qruplaşdırmaq olar: birinci mövqe göstərir ki, insan unikal mövcudatdır. O, öz-özünün yaradıcısı, dünyadakı bütün şeylərin ölçüsüdür. İkinci baxışa görə insan Allahın yaratdığı möcüzədir. Üçüncü nöqteyi-nəzər isə hesab edir ki, insanın yaranması təbiətin səhvidir. O, sonsuz sayda nöqsanlara malik olan bədbəxt törəmədir. Buna görə də insanın gələcəyi yoxdur.
Belə bir fikir var ki, insanın mahiyyəti mürəkkəb olduğu üçün çoxölçülü xarakter daşıyır. Onda aşağıdakı dörd səpkini ayırmaq olar: bioloji, psixiki, sosial və kosmik. Birinci səpki insanın anatomik və fizioloji xassələrində, genetik əlamətlərində, onun orqanizmində baş verən beyin-əsəb proseslərində, fizki və elektrokimyəvi dəyişikliklərdə ifadə olunur. Başqa sözlə bu mövqe insanı bioloji orqanizm kimi öyrənir. Psixiki səpki insanın ruhi-mənəvi dünyasını nəzərdə tutur. Burada söhbət insandakı şüurlu və qeyri-şüuri proseslərdən, onun iradəsi, hissləri, hafizəsi, xarakteri, temperamenti və s. psixiki səciyyələrindən gedir. Sosial səpki xüsusilə mühüm olub, insanların ictimai mahiyyətini araşdırır. Onun diqqət mərkəzində aşağıdakı məsələlər durur: insanın sosial münasibətlər sistemində yeri, onun fəaliyyətinin xarakteri, həyatının təşkili formaları, mənəvi dünyası, mədəniyyəti və s. Nəhayət son dövrdə intensiv müzakirə olunan dördüncü səpki insan ilə kosmos, kainat arasında qarşılıqlı münasibətlərin bütöv bir sistemini əhatə edir.
Belə düşünürəm ki, insanın mahiyyəti onun sosial yaradıcı fəaliyyəti ilə müəyyən olunur. Fəaliyyətdən, sosial münasibətlərdən və ünsiyyətdən kənar insan yoxdur.
İnsan iki proqram, həm instinkt proqram və həm də sosial-mədəni proqram əsasında fəaliyyət göstərir. Bədəninin cismani təşkilinə və fizioloji fiıniksiyalarına görə o təbiət dünyasına mənsubdur. Məlumdur ki, heyvanların mövcudluğu bir qayda olaraq irsi keçən instinktlərlə tənzimlənir. Heyvanlar onların davranışına verilən instinktiv tələblərdən kənara çıxa bilmirlər. Lakin insan ona təbiət tərəfindən əzəldən verilmiş bir çox əlamətlərini itirmişdir. Sosiallıq, mədəniyyət standartları instinktlərin əksinə olaraq insan üçün tamamilə başqa davranış qaydaları müəyyən edir.
İnsan təkcə sosial mövcudat deyil, həm də təbiətin bir hissəsidir, bioloji varlıqdır. Buna görə də digər bioloji növlərə xas olan qanunauyğunluqlar insanda da özünü göstərir. Məsələn, irsiyyət və dəyşikənlik, böyümə, çoxalma, məhvolma və s. İnsanın uşaqlıq, yetkinlik və qocalıq dövrləri də bioloji cəhətdən şərtlənir. Onun qidalanması, bəzi əlamətlərinin irsən keçməsi də biologiya ilə sıx bağlıdır.
Deyilənlərdən aydın olur ki, hər bir insanda bioloji tərəf ilə sosial keyfiyyətlər çulğalaşmış şəkildə çıxış edir. İnsanın eyni vaxtda həm bioloji aləmə, həm də sosial həyata daxil olması bir sıra çətinliklər törədir. Təbiət insana onun həyatı üçün lazım olan bütün nemətləri hazır şəkildə vermir. Buna görə də təbii imkanları sosial həyatda reallaşdırmaq lazım gəlir. Sonuncu proses isə bilavasitə insanda sosial tərəfi göstərir. Belə demək olar ki, insan təcəssüm olunmuş ruha və bədənə malik zəkalı mənəvi-maddi mövcudatdır. O, eyni zamanda əməyin, sosial münasibətlərin və nitqin köməyilə həyata keçirilən ünsiyyətin subyektidir.
İnsan daim düşünür, fikirləşir, şübhələnir. Ona görə də belə fikir də vardır ki, "düşünürəmsə, mövcudam". Hər bir insan kimliyindən asılı olmayaraq öz həyatının müvəqqəti olması haqqında düşünür. Bütün canlılar içərisində yalnız insan həyatının sonu olacağını başa düşür. Bu hiss onda güclü emosional təsir buraxır, daxili aləminin dərinliklərində böyük təəssüf hissi doğurur. Lakin normal insan nə vaxtsa öləcəyindən qorxaraq özünü itirmir, ümidsizliyə qapılmır. Əksinə, ona verilən ömrü mənalı yaşamağa çalışır. Hər bir fərdin həyatının məqsədi və amalı, onun mənimsəmiş olduğu sosial ideyalarla, yaşadığı dövrün şəraiti ilə sıx bağlı olur. Məhz onlara arxalanaraq insan öz həyatını xeyir və ya şər, doğruçuluq və ya yalançılıq, ədalət və ya ədalətsizlik kimi mənəvi-əxlaqi anlayışlar üzərində qurur. İnsan həyatının mənası, ölməzliyi onun özü tərəfindən qazanılır. Mən belə düşünürəm ki, insan elə yaşamalıdır ki, keçdiyi həyat yoluna fəxrlə baxsın, özündən sonra gələcək nəsillərin faydalanması üçün iz qoya bilsin. Bəlkə də məni bu kitabı yazmağa sövq edən də bu hisslərdir.
Din insanın həyatını müqəddəs qaydalara əməl etməkdə, dini ayin və mərasimləri yerinə yetirməkdə, etiqad vasitəsilə Allaha, axirət dünyasına inam bəsləməkdə görür. Elm isə bu məsələni həll edərkən ona fərdi, şəxsi və ümumbəşəri göstəricilərin vəhdəti baxımından yanaşır. Bu, real humanizm idealını ifadə edir. Həmin ideal insanda ölüm ilə ölməzliyi, əbədi ilə müvəqqətini qarşılıqlı əlaqədə götürür. İnsan həyatı fiziki cəhətdən keçici olmasına baxmayaraq mənəvi baxımdan ölməzlik qazana bilir. İnsanın ölməzliyi onun qoyub getdiyi mənəvi irsdə, yaradıcılıqda və xeyirxah əməllərdədir. Təsadüfi deyildir ki, görkəmli elm və mədəniyyət xadimləri, gözəl sənətkarlar, xalqın vətənpərvər oğulları cismən ölüb getsələr də, mənən əbədiyyətə qovuşur, əsrlər boyu yaşayırlar. Deməli, insanın ölməzliyi onun zəkasının qüdrətində və humanizmində təcəssüm edir.
Bioloji varlıq olan insan öz həyatının mənası üzərində düşünərkən, həm də həyat və ölüm məsələlərinə öz münasibətini formalaşdırır. Bəşəriyyətin inkişafının bütün pillələrində bu məsələlər təkcə ictimai fikrin qabaqcıl nümayəndələrini deyil, həm də bütün insanların fikrini məşğul etmişdir. Onlara cavab verərkən hər şeydən əvvəl həyatın mənasız olduğu haqqında təssəvvürlərə yol verilməməlidir. Bütün digər canlılardan fərqli olaraq insan yeganə mövcudatdır ki, həyatı boyu daim özündən narazı olur, müəyyən narahatlıq keçirir. Öz məqsədinə çatmağa çalışır. Bu onun inkişafının stimulu rolunu oynayır. O, öz qabiliyyətlərini hərtərəfli inkişaf etdirməyə, cəmiyyətin tərəqqisinə, ümumi işin xeyrinə öz töhfəsini verməyə səy göstərir. İnsanın sosial mahiyyət daşıması, cəmiyyətdə yaşaması onu buna sövq edir.
Müasir dövrdə təbabətin, biologiyanın, genetikanın və digər elmlərin heyrətamiz kəşfləri insan ömrünün uzadılması üçün real imkanlar açır, insan orqanizminin müxtəlif üzvlərinin köçürülməsi sahəsində qazanılmış uğurlar sübut edir ki, bəşəriyyət hazırda uzunömürlülüyü həyata keçirməyin astanasındadır. Lakin insan həyatına bu yeni baxış hər şeydən əvvəl yüksək əxlaqi prinsiplərə, humanist ideallara və dəyərlərə arxalanmalıdır. Digər tərəfdən ölüm probleminin sosial-etik və əxlaqi humanist səpkisi getdikcə daha çox diqqəti cəlb edir. İlk nəzərdə məsələnin bu cür qoyuluşu qəribə görünə bilər. Belə kı, əsrlər boyu insan daha çox yaşamağa, həyatla bağlı problemləri həll etməyə çalışır. Lakin etiraf edək ki, hazırda yaşamaq hüququ ilə yanaşı ölmək hüququ da çox böyük maraq kəsb edir. Bununla əlaqədar iki məsələ daha çox mübahisə doğurur: Birinci, insanın öz həyatına qəsd etməsi,intihar etməsidir. Qeyd edək ki, hətta dində də bu hərəkət pislənilir və göstərilir ki, öz həyatına qəsd edən adamı ümumi qəbiristanlıqda basdırmaq günahdır. İkinci məsələ, uzun müddət xəstə yatan ölümə məhkum olan, xəstəlik dövründə əziyyət çəkən adamın həyatına müdaxilə edərək, onun ölümünü sürətləndirməklə (evtanaziya) bağlıdır. Təsadüfi deyildir ki, hazırda evtanaziya(ağrısız, sakit, əziyyətsiz ölmək mənasını bildirir) problemi geniş müzakirə edilməkdədir. Burada belə bir suala cavab vermək əsas yer tutur. Evtanaziyaya mənəvi cəhətdən haqq qazandırmaq olarmı və əgər olarsa onu necə qanuniləşdirmək lazımdır? Bu suala cavab verərkən alimlər və praktiki tibb işçiləri iki mövqeyə ayrılır: a) antipaternalizm (insan həyatını ictimai mənafelərə və dövlət mənafeyinə tabe edən baxış) mövqeyində duranlar belə hesab edirlər ki, ağır xəstəliyə düçar olan insan öz bədəninin tədricən əriyib getdiyini hiss edir, çox böyük fiziki sarsıntılar keçirir. Bundan əlavə o, öz qohumları və yaxınları üçün də ağır yük olduğunu başa düşür. Bu şəraitdə insanı ölməyə qoymamaq doğru deyildir və belə halda evtanaziya tətbiqi qadağan edilməməlidir. b) digər bir nöqteyi-nəzərin paternalizmin münasibəti isə belədir ki, insanı həyatdan məhrum etməyə haqq qazandırıla bilməz. Buna görə də evtanaziyaya yol vermək olmaz. Onlar öz fikirlərini aşağıdakı səbəblərlə əsaslandırmağa çalışırlar. Əvvəla, insan həyatı müqəddəs və toxunulmazdır. Digər tərəfdən evtanaziya buna görə edilməməlidir ki, bu halda həkim tərəfindən və ya xəstənin ailə üzvləri və qohumları tərəfindən vərəsəlik mənafeyi üzündən sui-istifadə hallarına yol verilə bilər. Nəhayət evtanaziya "çıxmayan cana ümid çoxdur" prinsipi ilə bir araya sığmır. Yəni uzun müddət xəstəlik keçirən bir adam sağalıb normal həyata qayıda bilər.
İnsan həyat və ölüm məsələsinə mərdliklə yanaşmalıdır. Vaxtı çatmış ölümü öz həyatının tərkib hissəsi kimi qəbul etməli, ondan qorxmamalıdır. Elm həyatın mənasını humanizm mövqeyindən müəyyən edir. Burada fərdi və ictimai ölçülər ayrılmaz vəhdətdədir. İnsanın həyat idealında təbii-bioloji ilə sosial, olüm və ölməzlik qarşılıqlı təsirdə çıxış edir.
Bir məsələyə də son illər tibb sahəsində gedən nəaliyyətlər ilə bağlı fikir aydınlığı gətirmək istəyirəm. Elm artıq insanların genetik xüsusiyyətlərini və bundan irəli gələn genetik xəstəliklərinin qarşısının alınması yollarını müəyyən etmişdir. Hətta uzun ömürlülüyün sirrləri də bu gün elm qarşısında duran ən vacib məsələlərdən biridir. İnsanın öz genetik formalarından kənarlaşması uzun illərin zəhməti və bəhrəsindən əmələ gəlir. Burada səhiyyənin, təlim və tərbiyənin, yaşayış faktorlarının, dünyada gedən proseslərin, maarifləndirmənin, yaşadığı ölkənin cəmiyyətinin qanunlarının böyük rolu vardır. Elmin inkişafı ilə gələcəkdə insanları pis xəstəliklərdən qorumaq mümkün olacağı halda pis əməllərdən də, genetik pis xüsusiyyətlərdən də çıxarmaq mümkün olacaqdır. Yalnız belə halda biz gələcəkdə ideal cəmiyyət haqqında düşünə bilərik. Buna isə hələ əsrlər qədər zaman lazımdır. Belə olan halda yenə də qərb təcrübəsindən istifadə etmək daha asan yoldur. Necə ki, son yüz ildə qərb dövlətləri azad inkişaf yolu ilə gedərək sosioloji, bioloji elmləri inkişaf etdirmək ilə cəmiyyətdə olan pis əməlləri, geriliyi aradan qaldıra bildikləri halda cəmiyyətdə daha düzgün formalaşmış insanlar yetişdirməyə müvafiq olmuşlar. Burada dövlətlərin rolu olduqca böyükdür. Azad cəmiyyətdə insanların bütün problem və çətinlikləri qabardılaraq cəmiyyətə çatdırılır, cəmiyyətin qınaq obyektinə çevrilir və bu vasitə ilə cəmiyyəti daha düzgün formalaşdırmağa imkan yaradır. Əlbəttə, demək olmaz ki, qərb cəmiyyətindəki insanların bioloji, sosioloji problemləri yoxdur. Lakin ümumilikdə, götürüldükdə həmin cəmiyyətdə azyaşlı uşaqların təlim-tərbiyəsindən tutmuş, məktəbə qədər və məktəb illərindəki təlim-tərbiyələri, hətta ana bətnində dölün düzgün, sağlam inkişafına qədər qərb ölkələrində bunların tənzimlənməsinə mühüm yer verilir. Və bunun da nəticəsində, qərb ölkələrinin insanlarının şüur səviyyəsi, şərq ölkələrinin insanlarının şüur səviyyəsindən fərqlidir. İnsanlar nə qədər iqtisadi cəhətdən, siyasi cəhətdən dolğun olan ölkələrdə yaşayırlarsa, onların da təkamül prosesi daha sürətli gedir. Bunun nəticəsində də, yer kürəsində insanlar arasında bu gün böyük bərabərsizliklər meydana gəlmişdir. İqtisadi və siyasi cəhətdən geridə qalan ölkələrdə insanların həyat şəraiti, sosioloji, səhiyyə, təhsil problemləri, dini baxışları o qədər fərqlidir ki, bir cəmiyyətdə o insanların bərabər yaşaması artıq böyük çətinliklər yaratmaq astanasındadır. Əlbəttə, bir mövzu ilə bunların hamısını əhatə etmək qeyri mümkün olsa da, insan, həyat və ölməzlik haqqında qısa da olsa, mən öz fikirlərimi tamamlamaq istəyirəm və belə hesab edirəm ki, bu kiçik məqaləmdə göstərilən çətinliklər aradan qaldırılarsa, insanlıq və cəmiyyət doğru və düzgün inkişaf edər.
Cahangir Hüseynov
Sabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru