Etibarsız əqidədaş, yoxsa mehriban düşmən?

Arif Hacılı sadiq müsavatçılara qənim kəsilib 
 

Müsavat Partiyasından yarpaq tökümü davam edir. MP sədri Arif Hacılı ilə "Yeni Müavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında baş verən qalmaqaldan sonra partiyada növbəti istefalar dalğasına start verilib. Artıq yazarlardan Elşad Paşasoy, Azər Ayxan, Ələsgər Süleymanov və Etibar Seyidağa Müsavat partiyasını tərk ediblər. Məlumat üçün qeyd edək ki, sözügedən şəxslər həm də Müsavat partiyasının sıravi üzvlər deyillər, onlar partiyanın müxtəlif rstrukturlarında təmsil olunurdular. Maraqlıdır, 20 ildən artıq Müsavat partiyasına sədaqət nümayiş etdirən şəxslərin əqidədaşlarını belə asanlıqla tərk etmələrinə nə səbəb olub? Axı onlar ötən müddət ərzində çalışdıqları "Yeni Müsavat" qəzeti ilə partiyaya münasibətdə elə də ciddi fərq nümayiş etdirməyiblər. Əksinə, yazılarında partiyanı müdafiə, yeri gələndə isə təbliğ ediblər. Bir sıra hallarda isə partiya naminə başlarını dəyənək altına verərək, qorxusundan qaçıb gizlənmiş rəhbər müsavatçılardan daha əqidəli olduqlarını sübut ediblər. Deməli, onların partiyanı tərk etmələrinın kökündə birbaşa MP sədri Arif Hacılının qərəzli münasibəti durur. Keçmiş müsavatçı Elşad Paşasoy qeyd edib ki, onlar illər ərzində "Yeni Müsavat"la Müsavat Partiyası arasında fərq qoymayıblar. R. Arifoğlu özü də partiyanı tərk edəndə onlara seçim etməklə bağlı heç bir təklif irəli sürməyib: "Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında "Ya Müsavat, ya "Yeni Müsavat" seçimi qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq, hər halda mən 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi unuda bilmərəm, bəzilərindən fərqli olaraq. Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm". Təkcə bu açıqlamadan bəlli olur ki, Arif Hacılı partiyanı idarə etmək, onun sıralarını daha da artırmaq, beynəlxalq əlaqələrini genişləndirmək əvəzinə, partiyadaşlarını sıradan çıxararmaqla gələcək maneələrini dəf etmək siyasətini yürüdür. Çox təəssüf ki, bu istək "siyasəti saman altdan su yeritmək" hesab edənlər tərəfindən elə çirkin yolla da həyata keçirilir. Arif Hacılar nəhayət dərk etməlidirlər ki, gizli yolla nə qədər çirkin oyun aparılmasına baxmayaraq "çidanı çuvalda gizlətmək olmur". Başqa sözlə, siyasət elə bir fəaliyyət sahəsidir ki, orada istənilən qeyri-etik, əxlaqsız hərəkətin ömrü cəmi qırx gün olur. Uzun illər partiyanın ruporu olmuş aparıcı mətbu orqanının rəhbəri Rauf Arifoğlu ilə bu tərzdə davranış deməyə əsas verir ki, Arif Hacılı nəinki keçmiş müsavatçılarla, heç hazırki partiyadaşları ilə münasibətləri qoruyub saxlamağa qadir deyil. Əslində, Arlf Hacılının Rauf Arifoğlunu iqtidara yaxınlaşmaqda ittiham etməsi onun heç də böyük hədəflər naminə mübarizə aparmadığından xəbər verir. Cılız ideyalar uğrunda fəaliyyətin quran siyasətçi isə sözssüz ki, məğlubiyyətə məhkumdur. 
 Daha bir məqam ondan ibarətdir ki, partiyanı tərk edənlərin açıqlamalarından məlum olur ki, onlar heç də birmənalı olaraq Müsavat partiyasından üz döndərməyiblər. Sadəcə olaraq, başqan Arif Hacılının fəaliyyətinə etiraz ediblər. Hesab edirlər ki, sözügedən siyasi təşkilatın rəhbəri təbliğat vasitəsi kimi "Yeni Müsavat"ın imkanlarından yaralanmaq əvəzinə onunla münasibəti birmənalı şəkildə kəsməyə üstünlük verisə, deməli, ortada hansısa məkirli niyyət var. Keçmiş müsavatçı Ələsgər Süleymanob bildirib ki, "bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, "mən də istefa verə bilərəmmi?, bu qədər yol qət etdiyin, heç nə etməsən belə təəssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?" Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam. Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!" 
Uzun illərin müşahidəsi əsasında demək olar ki, Arif Hacılı məkirli "siyasətçi" olmaqla yanaşı, həm də etibarsız əqdədaşdır. Bir ideya, bir məslək uğrunda mübarizə apardığı partiya yoldaşının ayağı büdrəyən kmi onun başından basmağa hazırdır. Buna isə, rəqiblərini, ümumiyyətlə üzdə olanları bir-bir sıradan çıxarmaq niyyətindən başqa bir ad vermək olmaz. Bu xislət Hacılıda o dərəcədə inkişaf edib ki, hətta həbsdə olan partiya yoldaşına maddi yardım göstərilməsinə maneə olmağa çalışıb. Belə ki, R. Arifoğlu yazısında Arif Hacılının ondan məhbus həyatı yaşayan Tofiq Yaqubluya maliyyə yardımını dayandırmağı tələb etdiyini vurğulayıb. İndi düşünmək məqamı gəlir: beləsi ilə necə bir partiyada təmsil olunasan, necə arxanı söykəyib bir ideya uğrunda mübarizə aparasan? Bu yerdə məhşur nağıldakı bir ifadəni qeyd etmək yerinə düşər: "Ayı ilə dostluq etmə, o səni darda qoyub qaçar".
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31