Simalarını tez-tez dəyişən insanlar Və yaxud bıçağı kürəyə sancanlar
2 Avqust 2016 15:46 SiyasətHeç şübhəsiz ki, "Müsavat" qəzetinin Müsavat Partiyasının (MP) təsiri altından çıxaraq müstəqil fəaliyyət göstərməsi bu partiyada təmsil olunan şəxsləri rahat buraxa bilməzdi. Xüsusən, MP-nin rəhbərliyində təmsil olunan şəxslər bu vəziyyətdən çox narahatçılıq keçirirdilər və indi də belədi. Ona görə ki, məkirli, həqiqətə uyğun olmayan, cəmiyyəti çaşdırmağa hesablanmış ideyalarını ictimailəşdirmək imkanından məhrum olublar. Üstəlik "Müsavat" qəzetinin hətta bu partiya barədə həqiqəti cəmiyyətə çatdırması təbii ki, baş redaktorun MP rəhbərliyində təmsil olunan şəxslərin qəzəbinə tuş gəlməsinə səbəb olub.
Müsavat başqanı Arif Hacılının mətbuata verdiyi açıqlamalardan da bəlli olur ki, "Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun və rəhbərlik etdiyi qəzetin müstəqil fəaliyyəti heç bir halda bu partiyada təmsil olunanların ürəyincə deyil. Elə bu səbəbdən də qəzetin baş redaktoru hədəf seçilib. Ancaq görüntü ondan ibarətdir ki, A.Hacılının hücum taktikası olduqca bəsit tərzdə hazırlanıb. R.Arifoğlunun fəaliyyətində konkret nöqsan tapa bilməyən partiya lideri nala-mıxa vurmaqla onu gözdən salmaq kampaniyasına start verib. A.Hacılının keçmişi təhrifedici tərzdə xatırlaması dediyimiz fikirləri bir daha təsdiq etmiş olur.
***
Müşahidələr deməyə əsas verir ki, Arif Hacılı da daxil olmaqla özlərini müxalifət lideri elan etmiş kəsimlər keçmişi qurdalayaraq "qan çıxmayan yeri qaşımaqla" məşğul olurlar. Əslində baş vermiş hadisələri təhlil etmək, araşdırmaq inkişafı təmin edən amillərdən hesab olunur. Yəni, normal düşüncədə keçmişdə baş verən hadisələrdə nöqsanını görüb anlayan şəxsin nəticə çıxarması məntiqlidir. Ancaq öz gözündə "çöpü görməyib, özgənin gözündə tir axtarmaq" yanaşması A. Hacılının günahkar ovuna çıxması anlamına gəlir. Belə məlum olur ki, A.Hacılı müxalifət düşərgəsinə düşdüyü andan bu vaxta qədər kimsə onun fəaliyyətini əngəlləməklə məşğul olub. Belə halda Rauf Arifoğlunun günahı nədir ki, ağıllı gedişləri ilə Arif Hacılı kimilərin çirkli siyasətinin toruna düşməyib. Məsələn, A.Hacılı qeyd edir ki, "2008-ci ildə İctimai Palatanın rəhbərliyi, Koordinasiya Şurası seçilərkən orada ciddi prosedur pozuntularına yol verildi - Seçki Komissiyası yaradılmadı, səslər sayılmadı, namizədlər özlərini təqdim etmədi, səhv etmirəmsə, heç səsvermə də keçirilmədən bir çox adamlar Koordinasiya Şurasının üzvü elan olundu və o cümlədən Rauf Arifoğlu Koordinasiya Şurasının üzvü elan olundu. Bu, 2008-ci il fevralın 27-də oldu". Bu yerdə bir xatırlatma yerinə düşərdi ki, İctimai Palata 2010-cu ilin sonlarında yaranıbsa, Rauf Arifoğlu 2008-ci ildə ora necə seçilə bilərdi? A.Hacılı daha sonra iddia edir ki, 2008-ci ildən bu yana "Müsavat"qəzet kursunu dəyişib və o zamandan partiya ilə heç bir əlaqəsi yoxdur: "2008-ci ildən bu üzə mən "Yeni Müsavat" qəzetinin kursunu Müsavat Partiyasının kursuna uyğun gəlməyən siyasi kurs hesab edirəm və bunu açıq şəkildə dəfələrlə bəyan etmişəm". Ancaq A. Hacılı unutsa da, yəqin ki, partiya üzvləri yaxşı xatırlayır ki, R. Arifoğlu 2010-cu ildə Müsavatın siyahısından deputatlığa namizəd idi. Lakin namizədliyi digər partiya üzvləri ilə bərabər irəli sürülməsinə baxmayaraq R.Arifoğlunun baş redaktor olduğu qəzetdə A. Hacılının da təşviqat kampaniyası aparılıb. Heç şübhəsiz ki, bu kampaniya tamamilə təmənnasız davam etdirilib. İddianı cavablandıran baş redaktor Rauf Arifoğli deyib ki, "2013-cü ildə də sizin dəstəklədiyiniz namizədi dəstəkləyirdim, sizinlə bərabər, onun rəsmi vəkili idim; saytda canlı yayım, qəzetdə məqalələr, reportajlar verirdim... Hər iki seçkidə Müsavatın, müxalifətin əsas ruporu kimi çıxış edirdim. Və sizə də hər gün meydan, dəstək, yer və s. verirdim". Bu halda belə bir sual yaranır: əgər "Yeni Müsavat" qəzetinin kursu MP-nın siyasətinə uyğun deyildisə, nədən partiyanın liderlərindən hesab edilən A.Hacılının təşviqat kampaniyası bu qəzetdə aparılırdı? Belə məlum olur ki, A. Hacılı partiya maraqlarını şəxsi maraqlarına qurban verib. Başqa sözlə, "ağıllı siyasətçi" "Yeni Müsavat" qəzetinin partiyaya sadiqliyindən sui-istifadə edib. Belə çirkin oyunlara bulaşan şəxsin indi qəzet rəhbərliyini ittiham etməyə nə haqqı var? Suallar çox, cavab isə birdir: məkirli insanların qərəzli iddiaları daim olub və bundan sonra da olacaq.
***
Azərbaycan cəmiyyətinə bəllidir ki, R.Arifoğli vaxtilə məsləkdaş hesab etdiyi A.Hacılının siyasi fəaliyyətinin üstündən qırmızı xətt çəkməyib. Əksinə, qəzeti vasitəsilə ona geniş imkanlar yaradıb, hətta A.Hacılı həbsdə olunda belə ona dəstək olub. Çox təəssüf ki, nankor insanlar əqidəsindən, daşıdığı peşəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq simalarını dəyişə bilmirlər. Təsadüfi deyil ki, "yaxşılığa yamanlıq ər kişinin işidir" deyiblər atalar. Səslənən ittihamları cavabsız qoymayan R.Arifoğlu qeyd edib ki, "bu dəfə siz - Arif Hacılı içəridə, biz bayırdaydıq. İçəridə olduğunuz periodda sizə qardaş olmağa, yükünüzü paylaşmağa çalışdıq. İqbal, Pənah, mən... Arif, siz bu qədər insafsız və vicdansız deyildiniz. Siz bunlarıdamı unutdunuz? Çətin gündə, dar ayaqda sizə, ailənizə arxa olanları bir qələmdə neçə silib atarsınız, necə həmin illəri "...2008-dən sonra" deyib, ixtisar edərsiniz? Necə deyərsiniz ki, 2008-ci ildən mən o qəzetə dair sözümü demişəm, əlaqələri kəsmişəm???? O zaman 2011-15-ci illərdəki Arif Hacılı hardadır, kimdir? İndiki Arifmi, o zamankı Arifmi...Hansınız gerçəksiniz?
Siyasət insanlığın, kişiliyin, mərdliyin üstündə bir şeymi, ondan vacibmi? Kiminsə siyasi mövqeyi hansısa periodda sizə uyğun gəlməyəndə, yaşanmışları silib atırsınızmı? Bəs vəfa borcu?" Sonda qeyd edək ki, arif adama bir işarə kifayət edir. Əgər gətirilən bu qədər əsasdan sonra heç nə anlamayacaqsa, deməli onun sadəcə adı Arifdir. Belələrindən vəfa, etibar gözləməyə dəyməz. Bıçağı kürəyə sancanlardır belə insanlar.
Alim