İşgəncə altında alınan ifadəyə bənzəyən müsahibənin fəsadı
2 Avqust 2016 13:28 SiyasətGərək bu söz-söhbət yerli-dibli olmayaydı.
Gərək Müsavat başqanı Arif Hacılı Əvəz Zeynallının qəzetinin "Qaynar qazan" rubrikasında "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunu incidəcək sözlər deməyəydi.
Gərək Rauf Arifoğlu da ona o cür sərt cavab yazmayaydı, sonra da bu qovğa mediaya, sosial şəbəkəyə sıçramayaydı.
Əslində Əvəz Zeynallı da gərək bütün müsahiblərini mütləq "Rauf Arifoğlu rubrikası"nda danışdırmağa səy göstərməyəydi.
İndi deyək ki, bu onun peşəsidir, intriqa yaratmalıdır, tiraj toplamalıdır və s. Amma eyzən, xroniki olaraq bir adamı hədəf taxtasına çıxarmaq və pislətmək qərəz göstəricisidir.
Bu qərəz nədən irəli gəlir, düzü, doğrusu, bilmirəm, bəlkə də tutarlı səbəbləri var.
Ancaq Rauf Arifoğlunun bu qərəzi haqq etmədiyini bilirəm. Ən azı ona görə ki, Əvəz Zeynallı türmədə olanda məhz Rauf Arifoğlunun az qala hər gün "Əvəz bəyə diqqət, yoldaşı material göndərəcək, ləngitmədən sayta qoyun, yaxşı şəkliylə verin" deyə saytın əməkdaşlarına tapşırıq verdiyinin şahidiyəm.
Hətta bir dəfə əməkdaşlardan biri dedi ki, bəy, vallah, Əvəz türmədən çıxandan sonra haqqınızda nə gəldi, yazacaq, necə ki, həbsindən qabaq yazırdı. Onda Rauf Arifoğlunun cavabı belə oldu: "Bilirəm. Amma adam dardadır, həmkarımızdır. Yardım etmək borcumuzdur. Allah tezliklə qapısını açsın. Çıxandan sonra da nə edər, özü bilər, Allahı bilər".
Budur, artıq Əvəz Zeynallının qapısı açılıb və o, Rauf Arifoğluna olan "vəfa borcu"nun əvəzini artıqlamasilə qaytarır: hər müsahibindən onun əleyhinə ifadə alır. Əslində o, artıq "Qaynar qazan"da "Rauf Arifoğlu bölümü" açmalıdır. Bəlkə də bu, daha maraqlı və tirajlı olar.
Artıq neçə müddətdir ki, Rauf Arifoğlu uzun illərdən bəri çəkişmədə, intriqada olduğu bədxahlarının onun barəsində yazdıqlarına, dediklərinə o qədər də önəm vermir və hər dəfə hansısa media qurumunda tənqid (və ya barəsində təhqiramiz ifadə işlədilən) olunan və bunu sinirə bilməyən əməkdaşlarımıza dözümlü olmağı tövsiyə edir. O tövsiyənin sözləri birə-bir olaraq belədir: "Mətbuatda məndən çox söyülən, təhqir edilən yoxdur. Hamıya cavab verirəm? Yox. Kin saxlayıram? Yox. Siyasətlə məşğul olan şəxs kinli oldusa, heç nəyə nail ola bilməz".
Ancaq elə ki, yaxın-uzaq keçmişdə Rauf Arifoğlunun yaxşılıq etdiyi, dost bildiyi biri onun ünvanına yaxşı-yaman sözlər səsləndirir, ictimailəşdirir, Rauf Arifoğlu özünü mütləq ona cavab vermək zorunda hiss edir və olduqca sərt şeylər yazır.
Onun Arif Hacılıya yazdığı cavabın ilk variantı olduqca sərt idi. Ancaq onu dərhal yaymadı, gözlədi, hirsi tam soyuduqdan sonra oturub yenidən redaktə etdi, hiddət daşıyan ifadələri ixtisar etdi, sonra yaydı.
Rauf Arifoğlunun bu və digər xasiyyətlərini hamıdan yaxşı Arif Hacılı bilir - birlikdə partiya rəhbərliyində təmsil olunublar, birlikdə mühakimə olunublar, birlikdə məhbəsdə yatıblar, azadlığa birlikdə çıxıblar, yüz dəfə xeyir-şər məclislərində birgə iştirak ediblər, aralarında bir kitablıq yazışmalar, nə qədər telefon danışıqları olub və s. və i.a.
Bütün bunlara məhəl qoymamaq və ötən ilin iyulundan bəri Rauf Arifoğlu üçün həssas səciyyə daşıyan "İlham Əliyevə təslim olmaq" məsələsinə toxunmaq yanlış idi. Çünki ötən il bu söhbət minlərlə dəfə təkrarlandı, bədxahlar ömrünün 26 ilini Azərbaycanın müstəqillik dövrü mətbuatının inkişafına həsr etmiş və ölkənin bir nömrəli qəzet və saytını yaratmış adama "əməkdar jurnalist" fəxri adını çox görürdülər. Əsas məsələ bu fəxri adı müşayiət edən döş nişanını (çox zaman bunu qəsdən "orden aldı", "medal verdilər" kimi qələmə verirlər) kimin təqdim etməsiydi. Məgər ötən il hakimiyyətdə İlham Əliyev yox, başqa bir siyasi xadim olsaydı, milli mətbuatın 140 illiyi ilə əlaqədar olaraq Rauf Arifoğluna fəxri ad verməyəcəkdi? Kim olsa, verəcəkdi. Çünki ortada bir əməkdarlıq faktı var - kimin bunu etiraf edib-etməməsindən asılı olmayaraq.
Bu baxımdan hələ ötən ildən Rauf Arifoğlu bu xüsusda həssas idi və bədxahlarının "ilişmə"lərindən rəncidə olsa da, fikir verməməyə çalışırdı. Ancaq iş gəldi, bu yerə çatdı, "xlebnik" dediyi yaxın adamı ona qarşı xoşagəlməz sözlər danışdı və ortalıq qarışdı.
Ümumiyyətlə, bütün demokratik inkişafdan qalmış ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də bir gerilikçi ənənə var: bir nəfərin vaxtilə qoşulduğu partiyadan istefa verməsi, başqa bir xətt seçməsi xəyanət, satqınlıq hesab olunur. Sanki adamlar partiyaya siyasi fəaliyyət göstərmək üçün girmirlər, kəbinlə ailə qururlar və o qapıdan yalnız onların meyiti çıxa bilər. Vaxtsız ayrılıq isə yalnız partiya sədrinin üç dəfə "talaq" deməsindən sonra mümkündür. Belə şey olarmı?
Bu durumu mafioz birliklərə və dini sektalara üzv olmağa da bənzətmək olar. Onlarda da birliyə daxil oldunsa, bütün hüquqlar əldən gedir, onu tərk etmək olmaz, bu cür təşəbbüslər və addımlar xəyanət sayılacaq, ardınca haqq-hesab çəkiləcək.
Bu, könüllü şəkildə birləşən, müəyyən məqsədlər uğurunda mübarizə aparan azad insanlara yaraşan müamilə deyil. Hər kəsin ömrünün, siyasi fəaliyyətinin müəyyən mərhələsində azad seçim etmək hüququ var. Adam istəyər, İsa Qəmbəri dəstəkləyər, istəməz, İlham Əliyevi müdafiə edər, heç birini istəməz, gedib bitərəf olar. Ancaq nə yazıq ki, neçə müddətdir, bu ölkədə insanlara bitərəf olmaq hüququ da tanınmır.
Bu baxımdan Rauf Arifoğlunun Müsavatdan getməsi, sırf qəzetçiliklə məşğul olmaq qərarı verməsi nə partiyada, nə də demokratik düşərgədə bu qədər uzun müzakirələrə səbəb olmamalıydı. Ondan əvvəl və sonra yüzlərlə siyasi fəal üzv olduğu partiyalardan ayrılıb və heç bir ajiotaj-filan olmayıb. Əgər Rauf Arifoğlu keçmiş partiyasına hücum etsəydi, keçmiş partiya yoldaşlarının adını hallandırsaydı, o zaman onlara da söz haqqı yaranardı. Ancaq o partiyadan sakitcə getmişdi - heç kəsin ünvanına ittiham səsləndirmədən, heç kəsi qınamadan...
Arif Hacılı bu ölkənin siyasət arenasının ən fədakar, əzabkeş, prinsipial adamlarından biridir. Ancaq heyif ki, o, bəzən intriqaya çox meyl edir, emosional olur, ürəyində saxlamalı olduğu sözləri dilinə gətirir və bundan istifadə edənlər tapılır.
Bu ölkədə siyasətçi səmimi ola, bütün suallara düz-düznəqulu cavablar verə bilməz. Elə etsə, onun sözlərini yozub, pozub özünə qarşı istifadə edəcək, hər kəsi ona düşmən kəsdirəcəklər.
Siyasətçi yalan da danışmamalıdır, suallara qeyri-səmimi cavablar da verməməlidir. Ancaq üçüncü bir yol var. Siyasətçi görəndə ki, ona verilən suala verəcəyi cavab onun mövqeyini zəiflədəcək, dostunu düşmənə çevirəcək, onda siyasətçinin sualdan yayınmaq və maksimum diplomatcasına cavab vermək haqqı var. Heç kəs onu divara qısnaya, topa tuta bilməz. Əksinə, çoxları onun bu hərəkətini anlayışla qarşılacayacaq və "əsl siyasətçi belə olar" deyə dəyərləndirəcəklər.
Arif Hacılının Əvəz Zeynallıya verdiyi ifadə dustaqlardan işgəncə altında alınan ifadələrə bənzəyirdi. Normalda əsl siyasətçi belə sözləri deməməlidir.
Əlbəttə, bu qovğa da səngiyəcək, arada normal münasibətlə bərpa olunacaq. Belə şeylər əvvəllər də olub. Ancaq "söz yarası sağalmaz" deyə bir ifadə var. Çalışmaq lazımdır ki, söz yarası vurulmasın.
Mən inanıram ki, Arif Hacılı və Rauf Arifoğlu bir müddətdən sonra barışacaqlar, əvvəlki kimi dost-qardaş olmasalar da, salam-əleyki bərpa edəcəklər. Bu inam Rauf Arifoğlunun şəxsən mənə dəfələrlə dediyi "siyasətçi kinli olmamalıdır, ola bilməz" ifadəsindən doğur.
Sözümü hər iki bəyin sevimli şairi olan Ramiz Rövşənin bir misrası ilə bitirirəm: "Yenə də lənət şeytana".
Xalid KAZIMLI