"Sərkisyanı böyük hesabla məğlubiyyət gözləyir"

Prezidentlərin iyun görüşü yaxınlaşdıqca Dağlıq Qarabağ problemi ətrafında cərayan edən siyasi və diplomatik proseslərin hərarəti gündən-günə yüksəlir.

Hərarətin yüksəlməsi isə ən çox da deyəsən məhz Serj Sərkisyanın psixi durumuna və siyasi səbatlılığına mənfi təsirini göstərir. Sərkisyan gündən-günə tarazlığını itirir. Bunun da əsas səbəbi odur ki, qarşıdaki görüş Sərkisyana yaxşı heç nə vəd etmir. O, iyun görüşünün Ermənistanın diplomatik məğlubiyyəti ilə nəticələnəcəyini yaxşı başa düşür. Məhz bu səbəbdən də Sərkisyan İlham Əliyevlə növbəti görüşdən boyun qaçırtmaq üçün min bir bəhanə axtarır və iyun danışıqları yaxınlaşdıqca, Sərkisyan prosesi pozmağa çalışır.

Digər tərəfdən də Ermənistana qarşı beynəlxalq təzyiqlər də gündən-günə güclənir və gücləndikcə də bu ölkənin rəhbərliyi danışıqlar masasından yayınmaq üçün biraz da daha artıq cəhd göstərir.

Yəni hərbdən də qaçır, sülhdən də...

Məqsəd isə Ermənistan ordusunun nəzarətində olan Azərbaycan torpaqlarının işğal müddətini biraz da uzatmaq və Qarabağ probleminin həllini beynəlxalq aləmin gündəliyindən çıxarmağa nail olmaqdır.

Amma hər kəs başa düşür ki, status-kvonun qalması getdikcə çətinləşir və hətta mümkünsüz olur. Bunu yalnız Sərkisyan başa düşmür, yadaki qəsdən başa düşmək istəmir. Çünki o bilir ki, status-kvonun dəyişməsi Qarabağ probleminin sülh yolu ilə həllinə və işğal etdikləri rayonların Azərbaycana geri qaytarılmasına gətirib çıxaracaq və bu da heç şübhəsiz ki, Sərkisyanın Ermənistanın siyasi Olimpindən süpürülüb atılmasına və əlbəttə ki, siyasi meyitə çevrilməsinə səbəb olacaq. Sərkisyan bunu anladığı üçün hər vəchlə status-kvonun qorunub saxlanmasına nail olmağa və bununla da öz siyasi ömrünü uzatmağa çalışır.

Amma Sərkisyanın bütün bu cəhdləri tamamilə mənasız və səmərəsizdir. Çünki ermənilərin 2-5 Aprel Savaşındaki məğlubiyyəti prosesləri Azərbaycanın xeyrinə dəyişib və status-kvonu süni üsullarla qoruyub saxlamaq artıq mümkün deyil. Odur ki, indi Sərkisyanın iki yolu var : ya torpaqlarımızı sülh yoluyla qaytarmağa razılaşacaq, yadaki danışıqlar prosesindən rüsvayçı şəkildə geri çəkiləcək . Lakin hər iki halda Sərkisyanı məğlubiyyət gözləyir. Həm də böyük hesabla !

Əlisahib Hüseynov

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31