Deputat: “Qondarma erməni soyqırımını müzakirəyə çıxaranlar Xocalı soyqırımını görmək istəmirlər”
3 İyun 2016 13:18 SiyasətMillət vəkili Qənirə Paşayeva Adıyaman Türk Ocaqlarının dəvəti ilə bu vilayətdə yüzlərlə insanın iştirak etdiyi Qarabağla bağlı konfrans verib. "Olaylar" xəbər verir ki, millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi təxribatlar, insanlıqdan kənar cinayətlər barədə geniş məlumatılar verib. Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təşkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmirlər. O, bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva bütün Türk dünyasını qondarma erməni soyqırımı yalanları ilə mübarizədə də daha fəal olmağa çağırıb: "Türk milləti heç bir zaman tarixində bir soyqırımı törətməyib. Tam əksinə biz soyqırıma məruz qalmışıq. Ermənilər həm 20-ci əsrin əvvələrində həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirib. Amma təssüf ki, bu gün qondarma erməni soyqırımını öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər".