İlham Əliyev: “Bizim gücümüz birlikdədir”
Dünya Azərbaycanlılarının IV Qurultayı öz işinə başladı
3 İyun 2016 13:06 Siyasətİyunun 3-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı öz işinə başlayıb. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaya Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də təşrif buyurub. Qurultayda Azərbaycan Respublikasının Preezidenti İlham Əliyev də iştirak edib. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Prezidenti İlham Əliyev geniş və əhatəli, proqram xarakterli çıxış edib. Dövlət başçısı bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar gündür. Çünki dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının rəhbərləri Azərbaycanda, Vətəndədirlər. Bu münasibətlə : bütün azərbaycanlıları təbrik edən Prezident bildirib ki, qurultay dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması baxımından çox önəmlidir: "İlk qurultay ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan indiyə qədər bizim imkanlarımız artıb. Biz həmişə xaricdəki azərbaycanlılarla maraqlanır, onların yaxşı yaşamasına çalışırıq. Eyni zamanda onların Azərbaycanla daim əlaqədə olmasına səy göstəririk". Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından danışan dövlət başçısı deyib ki, qurum yaradılandan sonra diaspor təşkilatlarının yaranması sürətlənib: "Hazırda 462 diaspor təşkilatı var. Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatlarımız böyük yol keçib, önəmli rol oynamaqdadır. Heydər Əliyev sovet dövründə başqa respublikalarda yaşayan azərbaycanlılara xüsusi diqqət göstərirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 800 azərbaycanlı gənc imtahan vermədən Rusiya və digər sovet ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil alırdı. Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilib. Bu gün dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, Azərbaycan reallıqları ilə dünya ictimaiyyətini geniş tanış edə bilərik. Qurultayda səslənən fikirlər imkanlarımızı daha da genişləndirəcək".
Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir
Prezident İlham Əliyev dünyada yaşayan azərbaycanlılara tarixi Vətənləri ilə əlaqələri daha da genişləndirməyi, bu əlaqələri kəsməməyi tövsiyyə edib. Həmçinin dövlət başçısı xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamasını da zəruri sayıb. Bildirib ki, bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək: "Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidir. Xaricdə 160-dan çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Xaricdə yaşayan diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır". Bəzi hallarda diaspor təşkilatlarının bir-biri ilə rəqabət apardığını da vurğulayan Prezident İlham Əliyev bu rəqabətin sağlam aparılmasını xüsusi qeyd edib: "Bəzi hallarda diaspor təşkilatları bir-biri ilə rəqabət aparır. Bu rəqabət sağlam olmalıdır. Bizim gücümüz birlikdədir. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Belə olanda ictimaiyyətin onlara hörməti də artacaq. Xarici ölkələrin cəmiyyətləri görsələr ki, diaspor təşkilatlarımız bir-biri ilə yola getmirlər, onlara münasibət yaxşı olmayacaq. Birlik əsas məsələdir. Azərbaycanlıların əksəriyyəti vətənpərvərdir və ölkəmizin güclənməsini istəyirlər". Prezident İlham Əliyev III Qurultayda olduğu kimi çıxışı zamanı yenə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasındakı əlaqələrə də diqqət çəkib. Xaricdəki səfirlərimizin daim diaspor təşkilatları ilə əlaqədə olmasını zəruri hesab edən dövlət başçısı müntəzəm olaraq səfirlərlə görüşdüyünü və onlara diaspor təşkilatlarına kömək göstərmələrini tapşırdığını diqqətə çatdırıb: "Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir. Çünki məqsədimiz Azərbaycanın daha da güclənməsidir. İstəyirik ki, xaricdəki azərbaycanlılar yüksək mövqedə olsunlar, yerli qanunverici orqanlarda azərbaycanlıların sayı çoxalsın. Əfsuslar ki, xaricdə azərbaycanlılar icra və qanunvericilik orqanlarında kifayət qədər təmsil olunmurlar. Azərbaycan dövləti bu işə müdaxilə edə bilməz, diaspor təşkilatlarımız bunu özləri etməlidirlər. Xaricdəki ölkələrdə diaspor təşkilatları arasında koordinasiya, əlaqə varsa, bu məqsədə çatmaq üçün asan yollar müəyyən ediləcək". Prezidentin sözlərinə görə, azərbaycanlılar xarici ölkələrdə böyük biznes imkanlarına malikdir: "Mən bunu alqışlayıram. Xaricdə yaşayan azərbaycanlılar öz həmvətənlərinə də kömək göstərirlər".
XXI əsrdə informasiya mübarizəsi mühümdür
Dövlət başçısının diaspor təşkilatlarına iradı isə onların xarici media orqanları əlaqələrinin zəif olması ilə bağlı olub. O, qeyd edib ki, diaspor təşkilatlarımızın xarici media orqanları ilə əlaqələri yaxşı təşkil olunmayıb: "Xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Bu vəzifə də diasporumuzun üzərinə düşür, buna dövlət müdaxilə edə bilməz. Ermənilər isə həmin mətbu orqanlarla geniş əlaqələr qurublar. Ona görə də xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir. Həmin jurnalistlər də istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. XXI əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq. Bu, Azərbaycan diaspor təşkilatları üçün birinci məsələ olmalıdır".
Çıxışı zamanı Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, ölkəmizin uğurları barədə də qurultay iştirakçılarını məlumatlandıran Prezident İlham Əliyev qeyd edib ki, son 20 ildə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub, biznes mühiti günü-gündən yaxşılaşır, bürokratik əngəllər aradan götürülür: "Azərbaycanda şəffaflıq təmin edilir. Mən xaricdəki iş adamlarımızı Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir,
sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var, bunun qarantı Azərbaycan xalqıdır. Böyük maliyyə imkanları olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar". Dövlət başçısı qeyd edib ki, xaricdə yaşayan hər bir azərbaycanlının ildə bir dəfə Azərbaycana gəlməsi lazımdır: "Azərbaycan həm vətənimizdir, həm də ölkəmizdə turizm, istirahət üçün geniş imkanlar yaradılıb. Bunun ölkə iqtisadiyyatına da xeyri olacaq. Hazırda biz turizm sektorunu inkişaf etdiririk. Vizalarla bağlı da islahatlar aparırıq, Azərbaycana gələn turistlərin sayı artır. Xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi ən azı ildə bir dəfə Azərbaycana gəlsə, yaxşı olar".
Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm
Xaricdə Azərbaycan səfirlikləri və konsulluqlarının sayının artdığını söyləyən prezident, çıxışı zamanı Ermənistanın təcavüzkarlıq siyasəti, aprel ayının əvvəllərində təmas xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verməsindən də danışıb: "Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi yoxdur. Ermənilər Azərbaycanı işğalçı, Ermənistanı yazıq ölkə kimi təqdim etməyə çalışıblar: Buna ermənilər müəyyən qədər nail ola biliblər. Belə olmasaydı, ABŞ Konqresi mənfur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal olunub, soyqırımı törədilib, ancaq bu düzəlişi qəbul ediblər ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. O dövrdə Azərbaycanı idarə edənlər idarəçiliyin nə demək olduğunu bilmirdilər. Bu gün də bu düzəliş qüvvədədir. Əvvəllər bu düzəlişin qaldırılmasına çalışırdıq, sonra qərara gəldik ki, buna ehtiyac yoxdur. Çünki bizim kiminsə yardımına ehtiyacımız yoxdur, özümüz ayaqda dururuq. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır. Ermənilər XIX əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin 150 illiyi ilə bağlı abidə vardı. Ermənistan ərazisi də tarixi Azərbaycan torpağıdır, toponimləri sonradan dəyişdirdilər. Təssüflər olsun ki, xaricdə hələ də çoxları Qarabağın Azərbaycan torpağı olduğunu bilmir. Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, qəzetlər dərc etməlidirlər. İnformasiya əsrində yaşayırıq. Bunu erməni diasporu edir, səfil Ermənistan dövləti bunu edə bilməz. Çünki heç öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər. Yeri gəlmişkən, Ermənistan aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürməyə nə qədər çalışsa da, buna nail ola bilməyib. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələbə verməyə çalışdılar. Ancaq onlar da bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir". Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır: "Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyətsiz ərazilərdir. Sonra da dedilər ki, Azərbaycan alınmış torpaqları qaytarmalıdır. Gülünc vəziyyətə düşüblər. Gülünclüyün son ifadəsi isə Ermənistan prezidenti Serj Sərkisyanın Avrasiya İttifaqının sammitində çıxışı zamanı oldu. Serj Sərkisyan dedi ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmaq barədə xahiş edib. Yalandır. Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır. "Status-kvo"nu saxlamaq istəyir, təxribatlara əl atır. Ermənistan Qarabağda, o cümlədən Qazax istiqamətində təxribatlar törədib. Ermənistan 1 il əvvəl də təxribata əl atmışdı, buna görə bir vertolyotlarını itirdilər. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, onları yerinə oturdu. İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, özləri 800 hektar ərazini itirdiklərini bildirirlər? Halbuki 800 hektar yox, 2000 hektardan çox ərazi azad edilib, bundan böyük ərazi Azərbaycan ordusunun nəzarəti altına keçib. Üçüncü yalan odur ki, Dağlıq Qarabağ ordusu yoxdur. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır. Dördüncü yalan odur ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmağı xahiş edib. Bu, ağ yalandan başqa bir şey deyil. Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Azərbaycan ordusu əks-həmlə ilə torpaqlarımızı azad edib, Ermənistan da itirilmiş torpaqları 2-3 gün ərzində azad etməyə çalışıb. Sonra isə Ermənistan Rusiyaya xahişlə müraciət edib. Rusiya Baş Qərargahı bildirdi ki, Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir. Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin Rekordlar kitabına düşəcək. Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha göstərdi".
Rəsmi açılışdan sonra Qurultay öz işini panel iclaslarla davam etdirib. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında prioritet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq. Tədbirin yekununda bir neçə sənədin qəbulu gözlənilir. Qurultay iyunun 4-də yekunlaşacaq. Qeyd edək ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay 5 il sonra Azərbaycan prezidenti İlham Əliyevin, 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.
Süleyman