Almaniyanın Qarabağ məsələsində aktivliyi nəyi dəyişəcək?

Elşad Mirbəşiroğlu: “Berlin münaqişənin tənzimlənməsi prosesində dönüşün əldə edilməsinin vacibliyini son dövrlər xüsusilə intensiv səsləndirməkdədir”

Aprelin əvvəllərində ermənilərin təmas xəttində törətdikləri təxribatdan sonra cəbhədə vəziyyətin gərginləşməsi və dörd gün davam edən hərbi əməliyyatlar beynəlxalq güclərdə bir daha o əminliyi yaratdı ki, Dağlıq Qarabağ problemi dondurulmuş vəziyyətdə qala bilməz, mövcud status-kvo mütləq aradan qaldırılmalıdır. Düzdür, ötən müddət ərzində münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilat və qurumlar konkret olaraq münaqişənin həlli istiqamətində ciddi addım atmasalar da, ancaq müəyyən mənada diplomatik hərəkətlilik müşahidə edildi. Azərbaycan və Ermənistan prezidentlərinin keçən ay Vyanada keçirilən görüşündən sonra dövlət başçılarının bu ay yenidən bir araya gələcəyi barədə ümumi razılıq əldə olundu. Prezidentlərin iyun görüşünün harada, hansı formatda keçiriləcəyi hələlik tam dəqiqləşdirilməsə də, növbəti görüşün Almaniyada baş tutacağı ehtimalı da böyükdür. Birincisi, Almaniya hazırda ATƏT-ə sədrlik edən bir ölkədir. Digər tərəfdən aprel döyüşlərindən sonra Berlin tərəflər arasında diplomatik görüşlərin keçirilməsinə canfəşanlıq göstərən tərəflərdən olub. Məlumat üçün qeyd edək ki, dördgünlük aprel döyüşlərindən sonra Ermənistan prezidentinin üz tutduğu ilk ölkə də məhz Almaniya oldu. Hətta işğalçı ölkənin prezidenti Almaniya kansleri Angela Merkellə görüşündə öz ağası sayılan Rusiyadan şikayətlənməyi də unutmadı. Bu ərəfədə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxın günlərdə Almaniyaya səfər edəcəyi barədə xəbərlər yayılıb. Almaniyanın ATƏT-ə sədrliyini nəzərə alaraq bu səfərin Dağlıq Qarabağ probleminin həllinə hansısa formada təsir göstərəcəyini söyləmək olarmı?

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da deyir ki, Almaniya ATƏT-in hazırki sədridir və bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərir, təkliflər verir. O, bildirib ki, bir müddət əvvəl Almaniyaya Ermənistan prezidenti Serj Sərkisyan da səfər etmişdi və ondan sonra İlham Əliyevin də Berlinə gedərək kansler Angella Merkellə danışıqlar aparacağı xəbəri yayılıb: "Ancaq əgər İlham Əliyevin Almaniyaya məhz iyunun 7-də səfər edəcəyi xəbəri təsdiq olunarsa və əgər iyunun 3-də Almaniya parlamenti "erməni soyqırımı" haqqında qətnaməyə səs verərsə, fikrimcə Azərbaycan prezidentinin bu ölkəyə səfərinin təxirə salınması və başqa zamanda həyata keçirilməsi doğru qərar olar. Bununla Berlin Ankara ilə yanaşı Bakının da etiraz mesajını alar ki, Almaniyanın "erməni soyqırımını" tanıması Berlinin Dağlıq Qarabağ

münaqişəsinin həllindəki vasitəçilik təşəbbüslərinə kölgə salır. Çünki hazırki gərgin zamanda "soyqırımı" tanımaq işğalçı Ermənistan hakimiyyətini cəsarətləndirmək, işğalçının tərəfini tutmaq deməkdir". Politoloq onu da deyib ki, aprel ayında cəbhə bölgəsində döyüşlər gedəndə rəsmi Berlin çox narahat oldu: "Hətta ATƏT-in hazırki sədri olan Almaniya 7 maddəlik təkliflər paketi hazırladığını açıqladı. Bu təkliflərin nədən ibarət olduğu hələ də tam aydın deyil.. Ancaq bütün önəmli olan Berlinin narahat olması idi. Həmçinin Almaniyanın xarici işlər naziri Ştaynmayer bölgəyə gəlməli idi. Hələ də gözləyirik. Əvəzində Ermənistan prezidenti Serj Sərkisyan Berlinə dəvət edildi, kansler Angella Merkellə görüşdü".

Politoloq Elşad Mirbəşiroğlu isə dövlət başçısının Almaniyaya səfər edəcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev bütün səfərlərində, istənilən səviyyəli görüşlərində əsas diqqət yetirdiyi, müzakirə etdiyi məsələ məhz Dağlıq Qarabağ problemidir: " Bu baxımdan, hesab edirəm ki, prezidentin Almaniyaya bu səfəri zamanı da digər məsələlərlə yanaşı, münaqişənin tənzimlənməsi, Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması və regional təhlükəsizlik məsələləri ətrafında ciddi müzakirələr aparılacaqdır. Xatırladım ki, aprelin əvvəllində təmas xəttində Ermənistan tərəfinin təxribatları nəticəsində baş vermiş döyüşlər vəziyyəti köklü şəkildə dəyişmişdir. Beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı mövqelərində də ciddi dəyişikliklər baş vermişdi. Nəzərə almaq lazımdır ki, baş vermiş döyüşlərdən dərhal sonra Ermənistan prezidenti Serj Sərkisyan Almaniyaya səfər etmişdir və cəbhədəki vəziyyətlə bağlı alman kansleri Angela Merkelə qeyri-obyektiv informasiyalar vermişdi". Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Almaniya səfəri reallıqların ATƏT rəhbərliyinə çatdırılması imkanı kimi dəyərləndirilməlidir: "Almaniya münaqişənin tənzimlənməsi prosesində dönüşün əldə edilməsinin vacibliyini son dövrlər xüsusilə intensiv səsləndirməkdədir. Onu da nəzərə almaq lazımdır ki, bu ay Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bir müəyyənləşmə olmalıdır. Güman etmək olar ki, bu səfər zaman prezidentlərin gözlənilən görüşünün müəyyən məqamları da müzakirə oluna bilər. Ümumilikdə hesab edirəm ki, aprel döyüşlərindən və Ermənistan prezidentinin aprelin 6-da Almaniyaya etdiyi səfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu səfərinin bir çox baxımdan əhəmiyyəti böyükdür".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31