Ermənilər iyun danışıqlarına məğlub qismində getmək istəmirlər

Onlar mövcud situasiyanı öz xeyirlərinə dəyişməyə cəhd edəcəklər

Aprel döyüşlərindən sonra prezidentlər səviyyəsində baş tutan Vyana görüşündən bir xeyli müddət keçsə də, lakin bu görüş barəsində hələ də müxtəlif fikirlər səsləndirilir, fərqli yanaşmalar ortaya qoyulur. Hətta iddia edilir ki, Vyana görüşü Azərbaycan üçün bir diplomatik uğursuzluq idi. Bəzi politoloqlar, siyasətçilər hesab edirlər ki, Azərbaycan tərəfinin aprelin əvvəllərində hərbi sahədə əldə etdiyi üstünlüyü diplomatik sahədə də davam etdirməli, Vyana görüşündə diqtə edən tərəf kimi çıxış etməli idi. Təbii ki, bu fikri, yanaşmanı birmənalı olaraq doğru qəbul etməyənlər də var və məsələyə tamamilə fərqli prizmadan yanaşırlar. Elə Təkamül Partiyasının sədri Teyyub Qənioğlu da bu qənaətdədir. Partiya sədri Vyana görüşünü diplomatik cəbhədə məğlubiyyət hesab etmir. O, bildirib ki, əksinə onu Azərbaycanın bu cəbhədə də önəmli uğuru kimi qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycan hərb cəbhəsindəki uğuru ilə ermənilərə havadarlıq edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə və Ermənistana qəti şəkildə göstərdi ki, status-kvonun indiki şəkildə saxlanması ilə barışmayacaq: "Və alicənablıq göstərməklə münaqişənin sülh yolu ilə nizamlanması üçün ermənilərə, eləcə də onların havadarlarına son dəfə şans vermiş oldu. Həm də nəzərə almaq lazımdır ki, Vyana görüşündə Azərbaycan öz üzərinə hər hansı öhdəlik götürməyib. Əksinə Azərbaycan torpaqlarının işğalı ilə barışmayacağını qəti şəkildə ortaya qoyub". Teyyub Qənioğlu onu da deyib ki, ermənilər Dağlıq Qarabağdan və onun ətrafında işğal etdikləri ərazilərdən nəinki çıxmaq fikrində deyillər, əksinə dördgünlük müharibə zamanı "itirilmiş əraziləri" qaytarmaqda israrlıdırlar: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanda hakimiyyəti zəbt etmiş qaniçən Qarabağ klanı münaqişənin həllinin onların sonu olduğunu gözəl anlayırlar. Onlar nə qədər ki, hakimiyyətdədirlər buna imkan verməyəcəklər. Həm də unutmaq olmaz ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın vassalıdır. Rusiya isə bu münaqişənin həllində maraqlı deyil. Kreml bilir ki, münaqişənin istər Azərbaycanın, istərsə də Ermənistanın xeyrinə həll edilməsi onun nəinki Cənubi Qafqazdan, perspektivdə həm də Şimali Qafqazdan çəkilməsi ilə nəticələnə bilər. ATƏT-in Mİnsk qrupunun digər həmsədrləri ABŞ və Fransa da münaqişənin beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı deyillər. Fikir verin, bu ölkənin rəhbərləri həmişə qeyd edirlər ki, Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır. Ancaq Dağlıq Qarabağ haqda bu ifadəni işlətmirlər. Ona görə də, əminliklə demək olar ki, iki ölkə prezidentlərinin iyun görüşündən münaqişənin həlli istiqamətində real razılığın əldə ediləcəyini gözləməyə dəyməz. Ermənilər iyun danışıqlarına məğlub qismində getmək istəmirlər və mövcud situasiyanı öz xeyirlərinə dəyişməyə cəhd edəcəklər. Bu alınmasa iyun danışıqlarında heç bir razılıga getməyəcəklər. Ancaq görüşün nəticəsiz bitməsi torpaqlanı hərb yolu ilə azad etmək üçün Azərbaycana bir daha haqq qazandırmış olacaq. Məncə, məhz həm də buna görə və bunu bildiyinə görə Azərbaycan atəşi dayandırmağa və Vyana görüşünə razılıq vermişdi". Partiya sədri deyib ki, torpaqlarımızın işğal edilməsində Rusiya ermənilərə hərtərəfli yardım göstərib və bu gün də işğalın davam etməsinin arxasında məhz Rusiya durur: " Başqa sözlə, Rusiya bu münaqişənin həllində vasitəçi deyil, tərəfdir. Bunu nəzərə alan bəzi siyasətçilər torpaqlarımızın azad edilməsi üçün Ermənistanla deyil Rusiya ilə danışıqların aparılmasını təklif edirlər. Mən də torpaqlarımızın azad edilməsi üçün Rusiya ilə danışıqlar aparılmasının, bu zaman Rusiyanın regionumuzda, eləcə də Azərbaycanda, maraqlarının nəzərə alınmasının vacibliyini söyləyənlərin səmimiyyətinə şübhə etmirəm. Ancaq Rusiya ilə aparılacaq danışıqların, hətta Azərbaycanın KTMT-na, Avroasiya İqtisadi Birliyinə daxil olmasının, ölkəmizdə Rusiya hərbi bazasının yerləşdirilməsinə razılığın verilməsinin Azərbaycanın itirilmiş bütün əraziləri, o cümlədən Dağlıq Qarabağ üzərində tam süverenliyinin bərpa edilməsinə gətirib çıxaracağına inanmıram. Bu baş versə də, ancaq Rusiyanın Ermənistanı itirməsi hesabına ola bilər, Rusiya isə buna getməz. Fikrimcə, Rusiya Azərbaycanın KTMT-na, Avroasiya İqtisadi Birliyinə daxil olması, ərazimizdə özünün sülhməramlı qüvvələrinin yerləşdirilməsi, xarici sərhədlərimizin rus qoşunları tərəfindən mühafizə edilməsinə razılıq verilməsi, Daqlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi, Laçın dəhlizinin saxlanması müqabilində Ermənistana təzyiq edib onun qoşunlarının Daqlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərimizdən çıxarılmasını təmin edə bilər. Şübhə etmirəm ki, Azərbaycan heç vaxt buna razı olmaz. Azərbaycan Daqlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bilavasitə Rusiya ilə danışıqlar apararsa, ərazilərimizin hərb yolu ilə həllinə mane olmayacağı təqdirdə onun regionumuzda müəəyyən maraqlarını nəzərə alacağına təminat verə bilər".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31