Prezidentlərin iyun görüşü nə vəd edir?
Ekspert: “Ermənistan köhnə oyununu oynamaq yolunu seçsə, regionda irimiqyaslı müharibə labüddür”
2 İyun 2016 13:57 SiyasətAzərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı daraldıqca qarşı tərəfin siyasi çığallığı müşahidə olunur. Bu çığallıq müraribə təhdidlərindən tutmuş "diplomatik" gedişlərə qədər özünü büruzə verir. Xüsusən, Ermənistan rəsmilərinin verdikləri bəyənatların iyun görüşünün təxirə salınmasına hesablandığı gün kimi aydındır. Ümumiyyətlə, Ermənistan tərəfi ciddi cəhdlə mövcud status-kvonu saxlamağa çalışır ki, bu da Azərbaycan da daxil olmaqla vasitəçi dövlətləri narahat etməkdədir. Onu da xatırladaq ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanla prezidentlərin görüşündə müzakirə olunacaq məsələlərin detalları üzərində iş aparırlar. Artıq Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla ATƏT araşdırma mexanizminin yaradılması üçün təkliflər barədə fikir mübadiləsi aparılaraq sülh sazişinin elementlərini müzakirə edilib. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib ki, ATƏT Minsk qrupu həmsədrləri prezidentlərin Vyana görüşünün nəticələrini müzakirə etmək və onların növbəti görüşünü hazırlamaq üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər: "Biz həmçinin eyni məsələləri müzakirə etmək üçün Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla Parisdə görüşəcəyik. Prezidentlərin növbəti görüşü ilə bağlı dəqiq tarix olmasa da, bu görüşün iyunda baş tutacağını gözləyirik. Bu, atəşkəsin möhkəmləndirilməsi, araşdırma mexanizminin həyata keçirilməsi ilə bağlı razılaşmanın əldə olunması, hərtərəfli sülh sazişinə aparacaq danışıqlara razılıq verilməsi baxımından tərəflər üçün çox vacib görüş olacaq. Həmsədrlər problemin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün tərəflərlə birlikdə səylərini davam etdirəcək". Maraqlıdır, iyun görüşündə gözləntilər nədən ibarət ola bilər? Millət vəkili Azər Badamov deyib ki, prezidentlər arasında baş tutacaq görüşdə hansısa nəticənin əldə ediləcəyi gözləniləndir: "Düşünürəm ki, Azərbaycanla Ermənistan arasındakı baş tutacaq yeni görüşlər əvvəlki illərin görüşlərinə oxşamamalıdır. Çünki, biz görüş xatirinə görüş keçirilməsinin tərəfdarı deyilik və bunu düşmən tərəfi də anlamağa başlayıb". Deputatın sözlərinə görə, aprelin əvvəlində təmas xəttində baş verən hadisələr və ermənilərin böyük itki ilə geri çəkilməsi və gələcəkdə təkrar olunarsa qarşılacaq faciələrini düşmən tərəfi anlayıb və yəqin ki, konstruktiv mövqe sərgiləyərək status-kvonun dəyişilməsi istiqamətində dövlət başçıların danışıqlarına hazırlıq görüləcək. A.Badamov qeyd edib ki, Daglıq Qarabağla bağlı gələcəkdə də Azərbaycanla Ermənistan arasında baş tutacaq hər bir görüş işğal prosesinin sonuna gətirib çıxarmalıdır. Millət vəkili Elman Nəsirovun fikrincə, Vyana danışıqları bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsini əvvəlki qaydada idarə etmək mümkün olmayacaq. Yeni yanaşmalara böyük ehtiyac var və təkcə bəyanatlarla, regiona səfərlərlə münaqişəni həll etmək qeyri-mümkündür: "Vyana danışıqları münaqişənin həlli ilə bağlı yeni prosesin başlanğıcıdır. İyun ayında prezidentlər arasında keçiriləcək görüşə böyük ümidlər var. Nəzərə alsaq ki, həmsədrlər mayın 31-də Azərbaycan xarici işlər naziri ilə, iyunun 2-də isə Parisdə Ermənistanın xarici işlər naziri ilə görüş keçirəcək. Bu konteksdə iyun ayında keçirilən görüşlərə böyük ümid var. Hazırda proseslər çox intensiv xarakter alıb və iyun görüşü çox suala cavab verməlidir". E.Nəsirov hesab edir ki, həmsədrlərin xarici işlər nazirləri səviyyəsində keçirəcəyi görüşdə prezidentlərin görüşü müzakirə olunacaq və detallar razılaşdırılacaq: "Prezidentlərin iyun görüşü son dərəcədə həlledicidir. Əgər, Ermənistan köhnə oyununu oynamaq yolunu seçsə, regionda irimiqyaslı müharibə labüddür. Buna heç kim təminat verə bilməz. Ona görə də qarşıdakı görüşlərdən nikbin nəticə gözləməyə dəyər". Xatırladaq ki, Prezident İlham Əliyev Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda bildirib ki, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dövlət başçısı bildirib ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. İlham Əliyev vurğulayıb ki, Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur: "Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik".
Alim