1918-ci ildən başlayan şərəfli tarix

Müstəqilliyə gedən çətin yol

Bu günlərdə 28 may-Azərbaycan Demokratik Respublikası (ADR) elan olunmasının 98-ci ili tamam olur. XX əsrin əvvəllərində çətin geosiyasi bir vəziyyətdə elan olunan ADR qısa bir dörv yaşasa da, lakin 23 aylıq yaşam müddətində kifayət qədər işlər görə bildi. Baxmayaraq ki, Şərqdə ilk demokratik və güclü bir dövlət kimi ADR-in mövcudluğu günümüzdə olduğu kimi o zaman da imperialist dövlətləri, güc mərkəzlərini qane etmirdi. Elə bu səbəbdən elə ilk günlərdən onun yaranmasına əngəl olmağa çalışılırdı. Bütün bu əngəllərə baxmayaraq ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edildi. 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. İki gün sonra isə Azərbaycan Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərildi. Beləliklə, dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Həmin dövrdə Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir. Heç şübhəsiz ki, hər hansı bir dövlət yaranarkən ilk növbədə onun əsas atributları müəyyən edilməli idi. Bu zərurəti nəzərə alan ADR iyun ayının 24-də ilk bayrağını qəbul etdi. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan olundu. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrın 9-da qəbul edildi. Növbəti mərhələdə dövləti xarici təhdid və təhlükələrdən müdafiə edə biləcək ordunun formalaşdırılması gəlirdi. Beləliklə 26 iyun 1918 - Cümhuriyyətin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. İyulun 2-də isə Cümhuriyyətin Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi və bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. İyunun 27-də isə Cümhuriyyətin hökuməti "Dövlət dili haqqında" qərar qəbul etdi. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olundu.

Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə ("Qafqaz İslam Ordusu") Nuru paşanın komandanlığı altında "Bakı Kommunası"nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. 27 iyun 1918 - Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub etdi və bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başladılar. İyulun 10-daAzərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik "Bakı Soveti"nin qoşunlarını məğlub edərək Kürdəmir qəsəbəsini işğalçılardan azad etdilər. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başladı. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərrar dəmir yolu stansiyasını ələ keçirdilər. Nəhayət, 1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etdi və müstəqil Azərbaycan hökuməti Bakıya köçdü.

Artıq Qafqazda, eləcə də Şərqdə güclü bir dövlətin mövcud olması beynəlxalq gücləri ciddi narahat edirdi. Təsadüfi deyil ki, ADR-in elan olunmasından bir il sonra, yəni 1919-cu ilin, may ayının 28-də Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş etsə də, lakin antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib. Bu faktın özü də ADR-in yaranmasının Qərbdə narahatçılıqla qarşılandığını söyləməyə əsas verir.

Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km).Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi ADR-in mövcudluğu bolşevik və daşnakları, ən əsası isə onlara havadarlıq edən imperialist gücləri narahat edirdi. Elə bu narahatlığın məntiqi nəticəsi kimi 1920-ci il, aprel ayının 27-də Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil oldu. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verdi. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etdi. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini sonradan qəbulk etmədilər. Beləliklə də, 23 aylıq ADR süquta uğradıldı.

ADR-in süquta uğradıldığı 1920-ci ilin aprelindən etibarən Azərbaycan 70 il ərzində Rusiyanın əsarəti altında yaşasa da, lakin XX əsrin 90-cı illərində dünyada baş verən demokratik proseslər və xalqların, dövlətlərin müstəqillik istəkləri Azərbaycandan da yan keçmədi. Beləliklə, 1988-ci ildən başlayan Meydan hərəkatları sonda Azərbaycanın tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşmasına yol açdı. Beləliklə, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan müstəqillik haqqında konstitusiya aktını qəbul etdi. Düzdür, XX əsrin əvvəllərində olduğu kimi həmin əsrin 90-cı illərində də Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi imperialist dairələri, xüsusilə Rusiyanı qane etmirdi. Elə bu səbəbdən bir neçə dəfə Azərbaycanın müstəqilliyini təhdid edən addımlar atıldı. Ancaq tezliklə hakimiyyətə müdrik siyasətçi Heydər Əliyevin gəlməsi bütün təhdid və təhlükələri aradan qaldırdı. Beləliklə, Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqillik yolunda ardıcıl və qətiyyətlə, yeni-yeni uğurlara imza atmaqla irəlilədi.

Bu gün isə eyni tendensiya Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında davam edir. Ümummilli lider Heydər Əliyev kimi müstəqil Azərbaycanı ADR-in hüququ varisi hesab edən Prezident İlham Əliyev XX əsrin əvvəllərində bu müstəqilliyi bizə qazandıran Cümhuriyyət banislərinə də hər zaman yüksək hörmət və ehtiramla yanaşır. Dövlət başçısının Məmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi barədə sərəncamı, Xalq Cümhuriyyətinə abidə qoyulması məqsədilə atmış olduğu addım, eləcə də digər bu kimi faktlar deyilənləri təsdiqləyir. 2013-cü ildə jurnalistlər üçün tikilmiş binanın açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyin nə qədər böyük dəyər, xoşbəxtlik olduğunu belə ifadə etmişdi: "Biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə yaşayırıq, azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir. Ona görə jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Ona görə vətənpərvərlik mövzuları hesab edirəm ki, bizim mətbuatda daha da geniş yer almalıdır. Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verməliyik. Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır". İstər ADR və qurucularına olan hörmət və ehtiram, istər bu günkü müstəqil Azərbaycanın daha da inkişaf etməsi istiqamətində ölkə rəhbərliyi səviyyəsində atılan məqsədyönlü addımlar onu deməyə əsas verir ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edərək yeni-yeni nailiyyətlərə imza atacaq.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31