Araz Əlizadə: “İlham Əliyevin ABŞ-da hörmətlə qarşılanması Azərbaycanın prinsipial mövqeyi ilə bağlıdır”

Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə apardığı müzakirələr ikitərəfli əlaqələrdə yeni mərhələ kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevlə  ABŞ dövlət katibi Con Kerri arasında martın 30-da Vaşinqtonda baş tutan görüş ikitərəfli və regional məsələlər geniş müzakirə edilib. Azərbaycan dövlət başçısının Vaşinqtonda yüksək diqqətlə qarşılanması və ona yönəlik münasibət Azərbaycan-ABŞ münasibətlərində gərginliyin mövcudluğuna dair iddiaların əsassızlığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevlə ABŞ dövlət katibi Con Kerri arasında qarşılıqlı səmimi münasibətlərin açıq nümayişi tərəflərin iki ölkə arasında hərtərəfli əlaqələrin gücləndirilməsinə imkan verən potensialdan tam istifadə etmək niyyətini də ortaya qoydu. Dövlət katibi C.Kerrinin regional təhlükəsizliyin təmin olunması və bir sıra digər istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirməsi Azərbaycanın ABŞ üçün ciddi əhəmiyyət daşıyan ölkə olduğunu növbəti dəfə təsdiqləyib. Prezident İlham Əliyevin Vaşinqtona səfəri  və ABŞ dövlət katibi Con Kerri ilə görüşünü Gün.Az-a şərh edən Sosial-Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib ki, Azərbaycan dövlət başçısının yüksək səviyyədə qarşılanması ilk növbədə onun yürütdüyü ardıcıl, qətiyyətli siyasətlə bağlıdır: "Prezident İlham Əliyevin Vaşinqtonda hörmətlə qarşılanması təsadüfi deyil. Dünyanın heç yerində özünü alçaldan, diqtə il oturub-duran ölkələrə hörmət qoyulmur. Azərbaycan isə prezident İlham Əıiyevin rəhbərliyi ilə birmənalı, ardıcıl və qətiyyətli siyasət aparır. Müxtəlif dövlətlərdən edilən təzyiqlərə baxmayaraq, Azərbaycan öz doğru bildiyi yolla gedir. Ona görə də, prezident İlham Əliyev Vaşinqtonda hörmətlə qarşılandı və onunla yüksək səviyyyədə müzakirələr aparıldı. Amerika da bilir ki, artıq Azərbaycanla diqtə, təzyiq dili ilə danışmaq mümkün deyil və onunla bərabər səviyyəli əməkdaşlıq etmək olar. Mən bu münasibəti bir daha prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyi ilə əlaqələndirirəm və bildirirəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31