Ermənilərin Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatı keçirilib
31 Mart 2016 16:40 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-Cİ "ŞUŞA QRANTI" birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində "Ermənistanın Azərbaycana təcavüzü" (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın və "Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)" monoqrafiyasının (müəllif: Musa Qasımlı) Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilib. Fonddan "OLAYLAR"-a bildirilib ki, tədbirdə dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri iştirak edib. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsi müdiri Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev tədbirdə çıxış edib.
Qeyd edək ki, tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi təşkilati dəstək göstərib. Hər iki əsər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və əsərlərin qeydiyyatı haqqında müvafiq şəhadətnamələr verilib.