Müxalifət düşərgəsində durğunluqdur
31 Mart 2016 16:34 Siyasət"Hazırda müxalifət düşərgəsində durğunluqdur və təəssüflə qeyd etməliyəm ki, bəzi təşkilatlara bu maraqlıdır". Belə bir açıqlama ilə çıxış edən Müsavat Partiyasının keçmiş Divan üzvü, AĞ Blok Hərəkatının təsisçisi Tural Abbaslı "OLAYLAR"-a deyib ki, hətta iqtisadi böhran dönəmində belə müxalifət öz mövqelərini möhkəmlədə və xalqın qarşısına çıxa bilmədi: "Xalqın etirazlarının təşkilini də bacarmadı. Çünki 20 ildən artıq eyni insanların eyni düşərgə adından danışması insanları yorub və onlara inam sıfır səviyyəsinə enib. Nisbətən bizim də AĞ Blok olaraq təmsil olunduğumuz Antiböhran Koalisiyası nəsə etməyə cəhd etdi. İki böyük tədbir keçirdi və s. Ancaq, bunlar belə kifayət deyil". Tural Abbaslının sözlərinə görə, mütləqdir ki, müxalifətdə nəsil dəyişməsi baş versin: "Yeni insanlar ortaya yeni yanaşmalar, yeni strategiyalar qoysunlar. Əks təqdirdə bu vəziyyət dəyişmədən qalacaq və ən pisi daha da ağırlaşacaq".