IV Nüvə Təhlükəsizliyi Sammitindən gözləntilər nələrdir?

Azərbaycanın belə bir tədbirdə iştirakı mühüm əhəmiyyət daşıyır

Azərbaycanla Birləşmiş Ştatlar arasında mövcud olan əlaqələrdə son vaxtlar bir dinamiklik müşahidə edilir. Bir-birinin ardınca həyata keçirilən qarşılıqlı səfərlər, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə olan maraq istər Bakı, istərsə də Vaşinqtonun mövcud münasibətləri bir qədər də inkişaf etdirməyə maraqlı olduğunu ortaya qoyur. Hər halda bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtona səfərə getməsi də deyilənləri təsdiqləyir. Məlum olduğu kimi Azərbaycan Prezidenti Vaşinqtona Ağ Ev rəhbəri Barak Obamanın dəvəti ilə səfər edib. Səfərdə məqsəd Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməkdir. Məlumat üçün qeyd edək ki, bir qayda olaraq Nüvə Təhlükəsizliyi Sammitində dünyanın supergücləri bir araya gələrək qlobal miqyaslı nüvə təhlükələri, onun qarşısının alınması yolları, bu istiqamətdə görülən işləri müzakirə edirlər. Belə bir mötəbər sammitə Azərbaycanın dəvət edilməsi bir tərəfdən Birləşmiş Ştatların Cənubi Qafqazın lider dövləti kimi Azərbaycana verdiyi önəmin göstəricisidirsə, digər tərəfdən Azərbaycanın üzləşdiyi problemlərin bu mötəbər toplantı vasitəsilə dünya birliyinin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Elə sammit ərəfəsində dövlət başçısının Vaşinqtonda keçirdiyi görüşlərdə də Azərbaycanın strateji əhəmiyyəti vurğulandı. Belə ki dövlət katibi Con Kerri Prezident İlham Əliyevlə keçirdiyi görüşdə Azərbaycanın Əfqanıstandakı sülhyaratma prosesinə verdiyi töhfələri yüksək dəyərləndirdi. Bu dəyələnləndirmə öz-özlüyündə Ağ Ev tərəfindən rəsmi Bakıya verilən müsbət qiymət hesab edilə bilər. Azərbaycanın, xüsusilə yerləşdiyimiz regionun üzləşdiyi təhlükələrin sammit vasitəsilə dünya birliyinə çatdırılmasına gəlincə isə, Ermənistandakı "Metsamor" Atom Elektirk Stansiyasının region üçün ciddi təhlükələri supergüclərin diqqətinə çatdırıla bilər.
Təsadüfi deyil ki, əksəriyyət ekspertlər, analitiklər də Azərbaycanın IV Nüvə Təhülükəsizliyi Sammitinə dəvət olunması, orada aparılacaq müzakirələri müsbət dəyərləndirirlər.
Siyasi ekspert  Arzu Nağıyev hesab edir ki, dünyanın supergüclərin də iştirak edəcəyi və dünya üçün vacib olan IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Onun sözlərinə görə, Azərbaycan həmişə dünyada təhlükəsizlik məsələlərində fəal iştirak edib və lazımi dəstəyi göstərib: "Nüvə təhlükəsizliyi dünyada getdikcə daha aktuallıq kəsb edən bir məsələyə çevrilib. Xüsusilə dünyada münaqişələrin sayının artması, terror hadisələrinin çoxalması və terrorçuların nüvə silahı əldə etmə cəhdləri nüvə təhlükəsizliyinin vacibliyini xeyli dərəcədə artırıb. Bu baxımdan Azərbaycanın indiyə qədər dünyada təhlükəsizliyin təmin edilməsinə, terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr nəzərə alınaraq ölkəmizin nüvə təhlükəsizliyinin təmin edilməsində də rolu yüksək qiymətləndirilib və Azərbaycan da bu mötəbər sammitə dəvət alıb". Arzu Nağıyev deyib ki, sammitə dövlət başçısının dəvət edilməsi həmçinin Azərbaycanın dünyada ən vacib məsələlərdə etibarlı tərəfdaşa çevrildiyini bir daha sübut edir: "Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanla ABŞ, o cümlədən sammitdə iştirak edən digər ölkələr arasında münasibətlərin yaxınlaşmasına xidmət edəcək. Dövlət başçımızın aparıcı dövlətlərin, o cümlədən Amerika Birləşmiş Ştatlarının dövlət başçısı və digər rəsmi şəxslərlə görüşü istər regional münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər. Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və düşünürəm ki, bundan sonra da olacaq. Bu gün Azərbaycan regionda öz sözünü deyə bilən və mühüm iqtisadi, siyasi və hərbi məsələlərin həllində rəyi nəzərə alınan bir dövlətdir. Məhz buna görə də Birləşmiş Ştatlar Bakı ilə hərtərəfli əlaqə qurmaqda maraqlıdır. Bu, Türkiyə-Rusiya münasibətləri, Suriya böhranı, Gürcüstan və digər konfliktli məsələlərin həllində də özünü göstərir. Məhz buna görə də Azərbaycan Prezidentinin ABŞ-a səfəri münasibətlərimizə müsbət təsir göstərəcək".
Politoloq sammitdə Cənubi Qafqaz regionu üçün ciddi təhlükə mənbəyi olan "Metsamor" Atom Elektrik Stansiyası ilə bağlı məsələnin də gündəmə gətirələcəyini mümkün sayır. Onun sözlərinə görə, IV Nüvə Təhlükəsizliyi Sammitində Ermənistan prezidentii Serj Sərkisyanın iştirakında əsas məqsəd bölgəyə real təhlükə yaradan "Metsamor" Atom Elektrik Stansiyası ola bilər. Arzu Nağıyev okeanın o tayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi mümkünlüyü barədə də danışıb: "Düşünürəm ki, ABŞ rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevin Serj Sərkisyanla görüşünün baş tutmasında maraqlıdırlar. Bu, həm də regional münaqişələrin həllində ABŞ-ın marağından, regionda planlaşdırılan meqalayihələrin həyata keçirilmıəsində maraqdan və ən başlıcası, nüfuz məsələsindən doğur. Mühüm səbəb isə bu il Birləşmiş Ştatlarda prezident seçkiləri keçirilməlidir və Obama administrasiyasının rəhbərlikdə müddətinin başa çatmasıdır. Yəni burada söhbət Obama və onun komandasının özündən sonra gələcək komandaya miras kimi qoyub getdiyi və həllini sona çadıra bilmədiyi münaqişə ocaqlarından -Türkiyə, Suriya, Ukrayna, Gürcüstan və bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımların atılmamasından gedir. Dövlət katibi Kerrinin də Rusiya səfəri məhz bununla bağlı idi. Düşünürəm ki, keçirilməsi nəzərdə tutulan görüşün əsas məqsədi münaqişənin həllində ABŞ-ın öz maraqlarının olmasıdır. Təbii ki, Azərbaycan prezidentinin də tək Sərkisyan deyil, bir sıra aparıcı dövlətlərin başçıları ilə görüşləri ola bilər və bu vacib bir məsələdir. Məlumdur ki, dövlət başçımız da bütün görüşlərdə olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həllini daima ilk plana çəkib".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31