Səməd Seyidov: “AŞ baş katibinin nümayəndəsini geri çağırması bizim üçün əhəmiyyətli deyil”
24 Dekabr 2015 11:37 SiyasətDekabrın 24-də Milli Məclisdə İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun (BİQ) iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, BİQ-in həmsədri, Səməd Seyidov deyib ki, bu qurum nə Avropa Şurası, nə Avropa Birliyi, nə də digər beynəlxalq təşkilatlar üçün yaradılıb: "Bu qrup Azərbaycanda insan hüquqları problemlərinin həlli üçün müvafiq qurumlara tövsiyə vermək üçün formalaşıb. Ona görə də Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın öz nümayəndəsini qrupdan geri çağırması bizim üçün əhəmiyyətli məsələ deyil". S. Seyidov əlavə edib ki, T.Yaqlandın hərəkəti ümumiyyətlə, qəribədir: "Çünki əvvəlcə öz nümayəndəsini geri çağırır. Sonra isə insan haqları ilə bağlı Azərbaycana öz nümayəndəsini göndədir". Həmsədr qeyd edib ki, qrup öz fəaliyyətini davam etdirəcək: "Bu qrup Azərbaycanda insan haqlarını qorunması ilə bağlı müvafiq qurumlara qərar qəbul etmək üçün tövsiyələr verəcək".