Qaliblər mükafatlandırıldı

113 jurnalist təltif olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə jurnalistlər arasında elan etdiyi yazı müsabiqəsinə yekun vurulub. Dekabrın 23-də bu münasibətlə qalib jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, yazı müsabiqəsi noyabrın 13-dən dekabrın 15-dək olan müddəti əhatə edib. Bu müddət ərzində fonda 60 kütləvi informasiya vasitəsi nümayəndəsi tərəfindən 156 yazı daxil olduğunu deyən Vüqar Səfərli yazıların Ekspertlər Şurası tərəfindən oxunaraq qiymətləndirildiyini diqqətə çatdırıb: "Müsabiqəyə təqdim olunan yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. 19 istiqamət üzrə elan olunan müsabiqənin nəticələrinə əsasən 114 yazının qalib elan edilməsi nəzərdə tutulurdu. Hər bir sahə üzrə bir birinci yer, iki ikinci yer və üç üçüncü yerlər müəyyənləşdirilmişdi. Lakin istiqamətlərdən birinə yazı az təqdim edildiyindən 113 qalib müəyyən olundu". Vüqar Səfərli bildirib ki, hər dəfə müsabiqəyə təqdim edilən yazıların kəmiyyət və keyfiyyətində müsbət tendensiya müşahidə edilir: "Bir müsbət məqamı da qeyd edim ki, region mətbuatı da artıq müsabiqələrdə daha çox fəallıq nümayiş etdirir". KİVDF-nin elan etdiyi yazı müsabiqələrində ən yüksək bal toplayan və müsbət dəyərləndirilən yazıların fondun nəşr etdirdiyi "Sözün zirvəsində" kitabında çap olunduğunu deyən Vüqar Səfərli ilkin mərhələdə 100 yazının bu günlərdə işıq üzü görən kitabda çap edildiyini bildirib. Qeyd edib ki, gələcəkdə də bu iş davam etdiriləcək.
Fondun Ekspert Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid hələ də bir sıra hallarda şablon yazılara rast gəlindiyini diqqətə çatdırıb. O, eyni zamanda yaxşı yazıların da təqdim edildiyini vurğulayıb. Rəşad Məcid bildirib ki, getdikcə yazıların keyfiyyəti müsbət istiqamətə doğru dəyişir. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də müsabiqələrə təqdim edilən yazılarda kəmiyyət və keyfiyyət dəyişikliyinin müşahidə edildiyini söyləyib. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, jurnalistlərin müsabiqəyə təqdim etdiyi yazılar onların sifətini, yaradıcılığını, qələmini ortaya qoyur. Ona görə də jurnalistlər müsabiqəyə yazı yazarkən daha samballı yazılar ortaya qoymalıdırlar: "Təəssüflər olsun ki, hələ də əkiz bacı və qardaşları xatırladan yazılara rast gəlmək olur". "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev jurnalistika sahəsində elmi vəsaitlərin azlığından şikayətlənib və bu sahədə dissertasiya işlərinin aparılmasının vacibliyini qeyd edib. Bildirib ki, fondun Ekspertlər Şurasına da elmi dərəcəsi olan qələm əhli də daxil edilməlidir. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun
Amaşov millət vəkili kimi qanunverici orqanda mətbuatın layiqli təmsilçisi olacağını bildirib. O, qeyd edib ki, Milli Məclisdə mətbuatla bağlı qəbul edilən qanunvericilik aktlarının müzakirəsində yaxından iştirak edəcək, parlamentdə KİV-in səsi olacaq. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millıət vəkili Hikmət Babaoğlu da Milli Məclisdəki fəaliyyəti zamanı mətbuatı layiqincə təmsil edəcəyini bildirib. O, deyib ki, mətbuat nümayəndələrinin qanunverici orqanda təmsil olunması Azərbaycan Respublikasında, eləcə də dövlət başçısı tərəfindən KİV-ə olan diqqət və qayğının göstəricisidir. Çıxışlardan sonra qalib jurnalistlər mükafatlandırılıb.


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00