Dövlət başçısı vətəndaşları əmin etdi

“Çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq”

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etdi. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Azərbaycan Mərkəzi Bankın izahatında bildirilir ki, sözügedən qərar uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə qəbul edilib. Ancaq fakt ondan ibarətdir ki, hazırda bir sıra ərzaq və qeyri ərzaq, o cümlədən tikinti və elektrotexniki malların qiməıtində artım müşahidə olunmaqdadır. Gündəlik tələbat mallarının, eləcə də dərman məhsullarının qiymətində baş verən artım sözün əsil mənasında vətəndaşların narahatçlılığına səbəb olub. Bu arada bəzi "işbazlar" tərəfindən süni şəkildə gündəlik tələbat mallarının qiymətini artırması insanlar arasında çaşqınlıq yaradıb. Lakin aydındır ki, manatın dəyərdən düşməsini nəzərə alan hökumət adekvat addımlar atacaq. Artıq sosial müavinətlər, pensiya və təqaüdlərin artırılması barədə rəsmi açıqlamalar verilməkdədir. Maliyyə Nazirliyi bəyan edib ki, dövlət büdcəsinə yenidən baxılmaq məsələsi gündəmdədir. Xatırladaq ki, 2015-ci il fevralın 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi. Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı. O zaman da vətəndaşların eyni narahatçılığı müşahidə olunurdu. Lakin hökumətin həyata keçirdiyi ciddi iqtisadi və inzibati metodlarla süni bahalaşmanın qarşısını almaq mümkün oldu.

Artıq məsələyə dövlət başçısı səviyyəsində münasibət bildirilib. Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında deyib ki, dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq Azərbaycan inkişaf edir. Lakin neftin qiymətinin aşağı düməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə təsir edib. Dövlət başçısı çıxışında Azərbaycanın üzən məzənnə sisteminə keçməsinə təsir edən amilləri açıqlayıb: "Neft gəlirlərinin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. ABŞ-da dollarla bağlı qəbul edilən son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Digər geosiyasi amillər də var". Göründüyü kimi AMB-ın qəbul etdiyi qərar təsüdüfi yox, dünya iqtisadiyyatında cərəyan edən iqtisadi proseslərdən doğan zərurətin nəticəsi idi. Azərbaycan dünyaya inteqrasiya etdiyindən, dünyanın 150-dən artıq ölkəsilə ilə ticarət dövriyyəsində olduğundan dünyada baş verən iqtisadi proseslərdən kənarda qala bilməz. Onu da nəzərə almalıyıq ki, artıq bir sıra ölkələrdə milli valyitanın devalvasiyası 100 faizə çatıb. Söz yox ki, dünya bazarında neftin qiymətinin kəskin şəkildə azaldılması bir sıra ixracatçı ölkələrin maraq dairəsindədir, ancaq reallıq ondan ibarətdir ki, neftin dəyərdən düşməsi prosesi baş verməkdədir: "Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayır, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə aşağı düşsün. Şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq Azərbaycan bu vəziyyətdən əziyyət çəkir". Buna baxmayaraq dövlət başçısı bəyan edib ki, zəruri istehlak mallarının qiymətinin sabit saxlanması məqsədilə aidiyyati qurumlar qarşısında vəzifələr müəyyən edilib. Prezident bildirib ki, Azərbaycan hökumətinin qarşısında makro-iqtisadi sabitliyin təmin edilməsi, inflasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının yanacağın qiymətlərinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub: "Çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtərikliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək". Göründüyü kimi Mərkəzi Bankın qəbul etdiyi qərar zamanın axarına, taleyin ümidinə buraxılmayıb. Baş verən proseslər nəzarət altındadır və sözsüz ki, bu qərarın verə biləcəyi mənfi fəsadların aradan qaldırılmasi istiqamətində müvafiq addıların atılması nəzərdə tutulur. Bu addımların siyahısı isə kifayət qədər genişdir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00