“Parlament seçkiləri Azərbaycanın demokratik inkişaf yolunda atılan növbəti addımdır”
3 Noyabr 2015 14:19 Siyasət"V çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın demokratik inkişaf yolunda atılan növbəti mühüm addımdır". Bu sözləri Secki-2015.az saytına açıqlamasında politoloq Elman Nəsirov deyib.
O bildirib ki, vətəndaşların seçki hüququnu reallaşdırması üçün bütün təşkilatı və texniki işlər vaxtında tamamlandı: "Şəffaflığın təmin olunması baxımından ümumi seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırıldı. Bütün bunlar ölkəmizə səfər edən beynəlxalq müşahidəçilər, xüsusilə AŞPA monitorinq qrupunun da diqqətindən kənarda qalmayıb. 27 ölkədən 40 beynəlxalq təşkilatın 500-dən çox müşahidəçi Bakı və digər şəhərlərdə səsvermə prosesini canlı izlədilər. Onlar Azərbaycanda seçkilərin yüksək səviyyədə, demokratik şəraitdə keçdiyini bildiriblər".
Politoloq qeyd edib ki, Azərbaycanın inkişafını, yüksəlişini, əldə etdiyi tərəqqini, siyasi sabitliyi həzm edə bilməyən qüvvələrin qərəzli mövqe nümayiş etdirəcəkləri gözlənilən idi: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ölkəmizə qarşı mövqeyinin qərəzlidir. Bu, bizim üçün təəccüblü deyil".