Seçkilərin nəticələrinə kölgə salmaq cəhdi

ATƏT/DTHİB-in Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində fikir söyləmək üçün əsası yoxdur

Bəzi xarici mətbuat orqanlarında Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrinə şübhə salmaq cəhdləri müşahidə olunmaqdadır. Ancaq belə cəhdlərin təhlili ölkəmizlə bağlı qərəzli məlumatların yayılmasında antiAzərbaycan qüvvələrin, eləcə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) barmağının olması təəssüratı yaranır. Belə ki, bulunan cəhdlərdə əsasən sözügedən qurumun seçkilərdə iştirakı üçün Azərbaycan tərəfindən lazımi şəraitin yaradılmaması vurğulanır. Guya Azərbaycan tərəfi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün imkanın verilməyib. Lakin qətiyyətlə demək olar ki, bu iddialar, edilən cəhdlər seçkilərin nəticələrinə kölgə salmaqdan başqa bir şey deyil. Əslində DTİHB tərəfindən belə cəhdlərin olacağı gözlənilən idi. Çünki həm yerli, həm də xarici politoloqlar hələ seçkilərdən əvvəl qurumun imtina qərarının məhz seçkilərdən sonrakı proseslərə hesablandığını bəyan etmişdilər. Bildirmişdilər ki, DTİHB-in müşahidəçi qalmaqalı seçkilərin nəticələrinə kölgə salmaq cəhdi üçün mənbə rolunu oynaya bilər. Halbuki Azərbaycanda keçirilən parlament seçkilərini izləməyən hər hansı beynəlxalq təşkilatın, o cümlədən ATƏT DTİHB-nin seçkilərin gedişi və onun nəticələri barədə hər hansı fikir yürütməyə hüquqi və mənəvi əsası yoxdur. Seçkiləri izləyən 40 təşkilatdan 503 nümayəndə və ya seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilmiş 27 xarici kütləvi informasiya vasitəsinin 42 üzvü nə isə deyə bilər ki, artıq onlar da öz rəylərini yerli və xarici mətbuat qarşısında açıqlayıblar. Seçkiləri müşahidə edən Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Jordi Cukla Bakıda keçirilmiş mətbuat konfransında bəyan edib ki, Azərbaycandakı parlament seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Onun sözlərin görə, parlament seçkiləri beynəlxalq standartlara uyğun olub: "Müşahidəçilər heç bir qanun pozuntusu ilə qarşılaşmayıblar. Seçkilər sakit şəraitdə keçib. Səsvermə prosesi peşəkarcasına və texniki cəhətdən yaxşı təşkil olunmuşdu. Heç bir təzyiq qeydə alınmayıb". Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri, MDB Parlament Assmableyasının müşahidə missiyasının koordinatoru Leonid Slutski də təxminən eyni qənaətdədir. O bildirib ki, seçkilər ədalətli və şəffaf keçirilib: "Biz seçkidən əvvəl də, səsvermə günü də məntəqələrdə olduq. Seçicilərlə, müşahidəçilərlə ünsiyyətdə olub, qeydiyyat prosesinin gedişi ilə maraqlandıq". Onun sözlərinə görə, seçkilər ətrafında neqativ fikir formalaşdırmaq cəhdləri fiaskoya uğradı: "Seçkilərdə hər hansı nöqsan aşkarlanmadı". Slutski ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməsindən təəssüfləndiyini bildirib: "Onlar gəlmədilər, çünki bilirdilər ki, burada heç bir nöqsana rast gəlməyəcəklər. Belə addımlarla əslində onlar ATƏT-in institutu kimi özlərini gözdən saldılar. Biz Azərbaycan xalqının azad və demokratik iradə nümayişini dəstəkləyirik". Ümumilikdə seçkini izləyən beynəlxalq təşkilatların yekun rəyilərində 1 noyabr 2015-ci il tarixində keçirilmiş Azərbaycan Milli Məclisinə 5-ci çağırış seçkiləri azad, demokratik və şəffaf şəkildə keçirildiyi, seçicilərin iradəsini əks etdirdiyi, seçkilərə hazırlıq və səsvermə prosesinin peşəkarlıq və texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğu əksini tapıb. Çatışmazlıqlar isə bəzi seçki məntəqələrinin ikinci mərtəbədə yerləşməsi və bir neçə ucqar rayonlarda seçki məntəqələrinin kiçik olmasından ibarət olub. Bu nöqsanlar isə heç bir halda seçkinin nəticələrinə təsir edən amil kimi qiymətləndirilə bilməz. Belə halda "bəzi dairələr tərəfindən seçkilərin "boykot" edilməsi və ya seçici fəallığının az olması və guya Azərbaycan tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi" barəsində əsassız iddiaların irəli sürülməsi seçkilərin nəticələrinə kölgə salmaq cəhdindən başqa bir şey deyil. Çünki Azərbaycan seçiciləri və namizədlərin adından danışmaq cəhdləri, rəsmi mənbələrə istinad etmədən bəzi beynəlxalq kütləvi informasiya vasitələrində isə qərəzli məlumatlara yer verilməsi beynəlxalq hüquq baxımından qəbuledilməz hesab olunur. Digər tərəfdən Azərbaycanın Mərkəzi Seşki Komissiyasının məlumatları irəli sürülən iddiaları tamamilə təkzib edir. Belə ki, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olması, daha dəqiq 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak etməsi barədə MSK-nın açıqlaması "seçici fəallığının az olması" barədə iddiaları tamamilə alt-üst edir.

Yeri gəlmişkən Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında qeyd olunur ki, mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra ATƏT/DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur: "Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək, bu seçkilərdə iştirak edib. Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkilərin nəticələrini və legitimliyini müəyyən edir"
  Baş nazirin müavini, Yeni Azərbacan Partiyasının sədr müavini Əli Əhmədov qeyd edib ki, seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır: "Təəssüf hissi ilə bildirmək istərdim ki, bəzi beynəlxalq qurumlar, o cümlədən haqqında söz açdığımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Bu, tamamilə yolverilməz haldır. Seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir. Amma bir sıra hallarda seçkiləri izləmək missiyası ayrı-ayrı ölkələrdə neqativ axtarmaq fürsəti kimi qiymətləndirilir. Bundan əvvəlki seçkilər zamanı aparılan müşahidələrin nəticəsində yalnız nəticələrə təsir etməyən nöqsanların qeyd olunması ondan xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üçün seçkilərin izlənməsi sadəcə, neqativ axtarmaq kimi başa düşülür və bu cür də istifadə edilir". Ə.Əhmədov həmçinin vurğulayb ki, hər hansı dövlətin beynəlxalq qurumlarda təmsil olunması onun suveren hüquqlarının alternativi kimi dəyərləndirilə bilməz: "O cümlədən Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması ölkəmizin suveren hüquqlarının üzərinə kölgə salmaq və yaxud həmin hüquqların azalması kimi dərk edilə bilməz. Bu mənada belə hesab edirik ki, istənilən beynəlxalq qurum, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da vəzifəsinə məhz bu prinsiplər nöqteyi-nəzərində yanaşmalıdır. Seçkilərdən və seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00