Partiya sədri: Parlament seçkilərinin şəffaf keçməsi bəzi qrupları narahat etməyə başlayıb

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, eləcə də bəzi Avropa qurumlarının seçki ilə bağlı mövqeləri sanki əvvəlcədən yazılıb hazırlanıb, kənara qoyulub. Seçki bitəndən sonra isə dərhal həmin mövqenin ictimailəşdirilməsinə başlanılıb. Çünki hələ seçki prosesi yekunlaşmadan, namizədlərin deputatlıq mandatı tam dəqiqləşmədən bu qədər "operativliyi" başqa cür izah etmək qeyri-mümkündür. Ona görə də indiki mərhələdə belə bəyanatlarla çıxış etmək şübhəli görünür". Bu barədə Secki-2015.az saytına açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib.

Partiya sədri deyib ki, Avropa Şurasında bəzi ermənipərəst deputatların Azərbaycanda seçki məsələsinə xüsusi diqqət ayırması təəccüb doğurur.

Onun sözlərinə görə, həmin deputatlar bir dəfə də olsa belə, Ermənistanın işğalçılıq siyasətini tənqid etməyib, eləcə də digər qonşularına qarşı ərazi iddiaları irəli sürməsinə münasibət açıqlamayıblar: "Belə olan halda ermənipərəst deputatların Azərbaycandakı hadisələri siyasiləşdirməsi, ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək, seçki prosesinə kölgə salmaq cəhdləri qərəzdən və bəlli dairələrin sifarişlərini yerinə yetirməkdən başqa bir şey deyil. Azərbaycanda seçkilər normal keçib. Əgər kimsə bu seçkidə iştirak etməyibsə, bu, onun problemidir. Bəzi müxalifət partiyaları da səhv taktika seçdilər. Əgər seçkidə doğrudan da onları narahat edən hansısa saxtalaşdırma halı var idisə, özləri bilavasitə prosesdə iştirak edib, həmin faktı ifşa etməli idilər. Amma onlar oyundan çıxıraraq, kənardan öz mülahizələrini söyləyirlər. Təbii ki, bu da inandırıcı təsir bağışlamır. Belə yanaşma ümumilikdə seçki prosesinə yalnız qərəzli münasibəti, seçkini gözdən salmağa hesablandığını göstərir. Bəzi xarici dairələr də parlament seçkiləri ilə əlaqədar mövqelərini məhz bu cür mülahizələrə, o cümlədən bir sıra qərəzli qeyri-hökumət təşkilatlarının hesabatlarına əsaslanaraq bildirirlər. Ancaq unudurlar ki, mülahizə fakt deyil".

F.Mustafa V çağırış Milli Məclisə seçkilərdə müxalifət partiyası olaraq iştirak etdiklərini də dilə gətirib. O qeyd edib ki, parlament seçkiləri kifayət qədər şəffaf, demokratik keçib: "Azərbaycandakı seçki prosesinin gedişini izləyən xarici müşahidəçilər də səsvermənin tam demokratik, şəffaf şəkildə keçməsinin şahidi oldular. Məntəqələrdə səsvermək üçün hətta növbələr də yaranmışdı. İnsanlar rahat, kənar təsir olmadan, azad şəkildə öz iradələrini ifadə edərək, istədikləri namizədə səs verdilər. Hesab edirəm ki, parlament seçkiləri insidentsiz, normal qaydada keçdiyinə görə, bəzi xarici qruplar bundan narahatlıq keçirməyə başlayıblar. Əvvəlki siyasi proseslərdə də onlar Azərbaycanda demokratiyanın olmaması, seçkilərin qeyri-demokratik keçməsi barədə qərəzli rəy yaratmağa cəhd ediblər. Baxmayaraq ki, bunun üçün heç bir əsas yoxdur, yenə də eyni ssenari üzrə hərəkət edir, qərəzli mövqe nümayiş etdirirlər. Belə dairələrə yanlış rəyləri ötürənlər isə parlament seçkilərində uduzacaqlarını bildikləri üçün prosesə qatılmadılar, vaxtlarını qeyri-obyektiv məlumatlar, hesabatlar hazırlamağa sərf etdilər. Budəfəki seçkidə müxtəlif təşkilatların həyata keçirdiyi "exit-poll" tədqiqatları ilə yanaşı, həm də şəffaf, virtual səsvermə keçirildi. Bununla yanaşı Azərbaycanda hər bir seçici öz iradəsini ifadə etmək imkanına malik oldu. Bütün bu faktlar Azərbaycana qarşı növbəti dəfə aparılan qərəzli kampaniyanın əhəmiyyətsiz olduğunu bir daha sübut edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00