Seçicilərin bu seçkidə fəallığı səbəbsiz olmadı

Fikrət Sadıqov: "Seçkidəki fəallıq onu göstərdi ki, ölkə seçiciləri hakimiyyətin yeritdiyi daxili və xarici siyasəti dəstəkləyir"

"Ümid edirəm ki, parlament seçicilərin göstərdiyi etimadı doğruldacaq"

Məlum olduğu kimi, noyabrın 1-də parlamentə keçirilən seçkilər uğurla başa çatıb. 125 seçki dairəsini əhatə edən 5547 seçki məntəqəsində səsvermə keçirilib. Deputat mandatı uğrunda 767 namizəd mübarizə aparıb. Seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki prosesinin gedişini 503 beynəlxalq, 66 min yerli müşahidəçi, eləcə də 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 40-dan çox nümayəndəsi izləyib.
Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edib. Seçicilərin böyük hissəsi səsvermədə iştirak edib. Halbuki, 2010-cu ildə keçirilən parlament seçkilərində seçici fəallığı 49.6 faiz səviyyəsində olub. Bu bir daha göstərir ki, Azərbaycanda keçirilən növbəti parlament seçkilərində seçici fəallığı kifayət qədər yüksək olub. Bu, ölkəmizdə seçki kampaniyası və səsvermənin yüksək səviyyədə təşkil olunmasını göstərməklə yanaşı, eyni zamanda, seçkilərin ədalətli və şəffaf keçirilməsinə dəlalət edir.
Görünən odur ki, bütövlükdə seçki normal şəraitdə keçib. Ölkədə seçkilərin normal keçməsi Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlardan xəbər verir. Bütün bunların fonunda maraqlıdır, bu seçkidə seçici fəallığının yüksək olmasını necə xarakterizə etmək olar?
Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqovun sözlərinə görə, xalq siyasi sabitlik və davamlı iqtisadi inkişaf faktoruna görə fəallıq göstərdi: "Azərbaycan seçicisi nəyin nə olduğunu çox yaxşı bilir. Bu onu göstərir ki, ictimaiyyət populizmin arxasınca yox, real siyasət yeridən qüvvələrin arxasınca gedir. Ümumən seçkilər stabil vəziyyətdə keçirildi və bu da müsbət göstəricidir. Seçkiqabağı vəziyyət də çox stabil idi. Bu onun göstəricisidir ki, seçicilər hakim partiyaya inanır, ona etimad göstərirlər. Seçkidəki fəallıq onu göstərdi ki, ölkə seçiciləri hakimiyyətin yeritdiyi daxili və xarici siyasəti dəstəkləyir. Bunun özü də Azərbaycanın gələcək inkişafına zəmin yaradır. O baxımdan hesab edirəm ki, seçilən parlament səmərəli işləməlidir, yeni təşəbbüslər irəli sürülməlidir. Həmçinin, qanunvericiliklə bağlı yeniliklər olmalıdır. Çox istərdim ki, yeni seçilən parlament faydalı işləsin və Azərbaycan xalqının maraqlarına cavab verən qanunlar qəbul etsin. Ümid edirəm ki, parlament seçicilərin göstərdiyi etimadı doğruldacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00