Rusiya XİN: “Bütün ölkələr üçün müşahidə qaydaları dəqiq və aydın olmalıdır”
2 Noyabr 2015 18:50 Siyasət"ATƏT DTİHB-nin standartları heç də qızıl deyil və bu standartlar olduqca sərbəst xarakter daşıyır. Halbuki bütün ölkələr üçün müşahidə qaydaları dəqiq və aydın olmalıdır". Secki-2015. az saytı xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya XİN-in Ümumavropa əməkdaşlığı Departamentinin direktoru Andrey Kelin deyib. Bildirib ki, əslində DTİHB-nin Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi çox təəccüblüdür.
"İndiyədək hər zaman danışıqlarda həll yolunu tapmaq mümkün olub. DTİHB ilə bağlı vəziyyət isə olduqca qəribə görünür. Məsələn, Almaniyaya seçkiləri müşahidə etmək üçün iki ekspert getmişdi, Qırğızıstandakı seçkiləri müşahidə etməyə isə 600 nəfərə yaxın müşahidəçi göndərmək istəyirdilər. Eyni şeylər Belarusdakı seçkilərə də aiddir. Azərbaycanda keçirilən seçkilərə münasibətdə isə qalmaqal baş verdi. DTİHB rəhbərliyi ora qeyri-mütənasib sayda müşahidəçi göndərmək arzusunda olduğunu bildirdi. Azərbaycan tərəfi isə məhdud sayda missiyanı qəbul edəcəyini açıqladı. Belə vəziyyət keçmişdə də olub. Burada yeni heç nə yoxdur. Çox ölkələr deyir ki, onlara çatışmazlıqları axtarmaqla məşğul olan minlərlə müşahidəçilər lazım deyil. Bu adi işdir. Azərbaycan tərəfi dedi ki, yox, gəlin razılaşaq. Lakin nədənsə DTİHB rəhbərliyi səfərdən imtina etmək haqqında anlaşılmayan qərar qəbul etdi", - deyə o vurğulayıb.