DADP sədri: “Seçki şəffaf və demokratik keçirilib”
2 Noyabr 2015 17:22 Siyasət"Seçkilər şəffaf, demokratik və heç bir ciddi qanun pozuntusu qeydə alınmadığı bir şəraitdə keçib". Bunu mətbuata Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva Azərbaycanda keçirilən parlament seçkilərinə münasibətində açıqlayıb. Partiya sədri bildirib ki, özü 27 saylı Sabunşu ikinci seçki dairəsində səs verib: "Mən səs verməklə yanaşı qısa müşahidə də apardım. Proses normal və beynəlxalq qaydalara riayət olunmaqla keçirilib. Heç kimə nə təzyiq, nə maneçilik törədən olub. Sərbəst şəkildə seçicilər seçdikləri namizədə səs veriblər. Bütün seçki məntəqələri səsvermə üçün yüksək səviyyədə hazırlanmışdı. Bu hazırlıq heç Avropanın bu gün özünü demokratik adlandıran ölkələrində olmayıb. Bunu təkcə biz yox, seçkiləri izləyən beynəlxalq müşahidəçilər də bu gün verdikləri bəyanatlarında vurğulayıblar". DADP sədri onu da qeyd edib ki, partiyanın bir neçə üzvü 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindəkı seçki prosesini də izləyib: "Bilirsiniz ki, təxribatçı Əlisahib Hüseynov özünü "DADP sədri" kimi namizədliyini bu dairədən qeydə aldırmışdı. Sonradan bizim müraciətimiz əsasında "DADP sədri" sözü onun adının qarşısından çıxarıldı. Üzvlərimizin bildirdiyinə görə, orada da seçki prosesi şəffaf həyata keçirilib. Heç bir qanun pozuntusu və saxtakarlığa halları müşahidə olunmayıb. Amma bizdə olan məlumata görə, acı məğlubiyyətə düçar olan Əlisahib yenə də təxribat törətmək niyyətindədir. Belə ki, DADP adından seçkilərin saxta və demokratik keçirilmədiyini bəyanlamaq niyyətindədirlər. Onun adətidir, hər belə seçki prosesində məntiqsiz bəyanatlar verməklə ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyir. Amma istəyi heç vaxt alınmır, ifşa olunur. Buradan bütün ictimaiyyətə bildirirəm ki, o adamın DADP adından danışmağa və bəyanat verməyə nə mənəvi, nə də hüquqi haqqı var. DADP Azərbaycanda bu seçkilərin də şəffaf və demokratik keçirildiyini bəyanlayır".