Qərbin siyasi sifarişini yerinə yetirən DTİHB tükənib
Qurum obyektiv, qərəzsiz və peşəkar qiymətləndirmə iqtidarında deyil
2 Noyabr 2015 17:11 SiyasətAzərbaycanda parlament seçkiləri demokratik, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə başa çatdı. Bunu seçkini izləyən bütün beynəlxalq müşahidəçilər seçkidən sonra keçirdikləri mətbuat konfranslarında və yaydıqları bəyənatlarında etiraf edirlər. Lakin ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən ATƏT-in Demokratk Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanın dəvətinə baxmayaraq heç bir tutarlı əsas gətirmədən seçkilərə müşahidə missiyası göndərməkdən imtina etdi. Baxmayaraq ki, qurumun bu imtinası elə özünün missiyasına ziddir, ancaq Azərbaycana qarşı təsir rıçaqını əldə saxlamaq üçün bu addımı atdı. Odur ki, bundan sonra sözügedən qurum tərəfindən ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılacağı gözləniləndir. Onu da qeyd edək ki, ATƏT DİHB-nun bu addımı seçkini izləyən beynəlxalq müşahidəçilər tərəfindən də birmənalı qarşılanmayıb.
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri, MDB Parlament Assambleyasının müşahidə missiyasının koordinatoru Leonid Slutski deyib ki, ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir. L. Slutski ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə etməmək qərarına toxunub: " Qurumun bu qərarı ən azından qəribədir. Halbuki DTİHB vaxtilə ATƏT məkanında müxtəlif səviyyəli seçkilərin demokratikliyini müşahidə etmək üçün yaradılmışdı". Bəli, söhbət ondan gedir ki, ATƏT DTİHB öz missiyasına uyğun olaraq seçkilərin demokratikliyini müşahidə etməkdə maraqlı deyil. Qurum daha çox ölkələrə tövsiyyələr vermək və bundan öz maraqları üçün istifadə etməkdə ixtisaslaşıb. Nəzərə almaq lazımdır ki, bu təşkilat açıq-açığına Qərbin sifarişini yerinə yetirir. Qərbin Azərbaycana qarşı münasibətinə gəldikdə isə rusiyalı deputat Azərbaycan dövləti rəhbərinin müstəqil siyasətinin Qərbdə müəyyən dairələri razı salmadığını, həmin dairələrin davranışları ilə özlərini bugünkü Azərbaycanın və Azərbaycan rəhbərliyinin yürütdüyü kursun opponentləri kimi göstərdiyini bildirib: "Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, biz bu xətti qeyri-obyektiv və destruktiv hesab edirik. Çünki bu xətt Azərbaycan rəhbərliyinin Azərbaycanın postsovet məkanında ən inkişaf etmiş ölkə olmasına, Xəzər regionunda və regiondan kənarda ən ciddi tərəfdaşa çevrilməsinə yönəlik addımlarını dəstəkləmək əvəzinə istənilən uğurlarını tənqid və qeyri-obyektiv qətnamələrin qəbulu üçün predmet kimi təqdim olunur". L. Slutskinin fikrincə, Milli Məclisə seçkilər Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin prezidentin yürütdüyü kursun, dövlət başçısının ətrafında birləşməsini və şübhəsiz ki, bu gün tətbiq olunan seçki texnologiyalarının müasirliyini nümayiş etdirəcək: "DTİHB-yə isə sadəcə çatmayacaq, çünki o yoxdur. Neqativ yoxdursa, DTİBH-dən olan həmkarlar da güman ki, belə qərara gəldilər ki, Azərbaycana getməyə ehtiyac yoxdur. Çünki çətin olacaq. Hər dəfə barmaqdan neqativ sormaq daha da çətinləşəcək. Əslində bu neqativ mövcud da deyil. Qaranlıq otaqda qara pişik axtarmaq çətindir, xüsusən də o orada yoxdursa". Görünür rusiyalı politoloq ATƏT DTİHB-in fəaliyyət proqramını, proseslərə yanaşma tərzini çox dəqiqliyi ilə müşahidə edib. Doğörudan da, bu qurum çox gözəl bilir ki, Azərbaycan iqtisadi, siyasi və humanitar sahədə kifayət qədər inkişaf edib. Xüsusilə, siyasi və demokratik təsisatların yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olması, qanunların beynəlxalq Konvesiyalara uyğunlaşdırılması istiqamətində çox irəliyə gedib. Belə halda Azərbaycanda keçirilən istənilən seçkilərdə neqativ hal tapmaq elə də asan məsələ deyil. Elə isə ən yaxşı təsir vasitəsi seçki qalmaqalı yaratmaqla müşahidə missiyası göndərməkdən imtina etməkdir. Yalnız bu halda Azərbaycana qarşı kompromitlər toplamaqla hansısa hesabat hazırlamaq olar. Ancaq seçkiləri izləyən beynəlxalq müçahidəçilərin açıqlamaları göstərdi ki, Azərbaycan bütün beynəlxlaq təşkilatların tövsiyyələrini icra etməkdə israrlıdır. Azərbaycanın uğurlarının, xüsusən də seçki təcrübəsinin inkar edilməsini DTİHB-dən olan həmkarlarına yaraşdırmadığını deyən L. Slutski qeyd edib ki, bununla da bugünkü DTİHB Azərbaycanın imicinə, MSK-ya qarşı deyil, özünə qarşı işləyir. "ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir. Bu mövqe DTİHB-ni gözdən salır və deməyə əsas verir ki, bugünkü DTİHB artıq tükənib. DTİHB siyasi sifarişləri yerinə yetirmək əvəzinə obyektiv, qərəzsiz və peşəkar qiymətləndirmə, o cümlədən ATƏT ölkələrində müxtəlif səviyyəli seçkilərin qiymətləndirilməsi üçün işləməlidir". Maraqlıdır, Azərbaycanın seçki təcrübəsi bir sıra ölkələr üçün nümunə hesab edildiyi halda ATƏT qaşınmayan yerdən necə qan çıxaracaq? Rusiyalı deputatın sözlərinə görə, bu gün Azərbaycan dövləti və cəmiyyəti o qədər ardıcıl inkişaf edir ki, bunu hansısa yolla inkar etmək cəhdləri Azərbaycana qarşı deyil, bu siyasəti həyata keçirməyə çalışan beynəlxalq təşkilatlara və strukturlara qarşı işləyir. O qeyd edib ki, Milli Məclisə seçkilər Azərbaycan dövlətinin bugünkü uğurlarının, o cümlədən seçki qanunvericiliyi səviyyəsinin və onun demokratik seçkilərin beynəlxalq hüquqi standartlarına uyğunluğunun etiraf edilməsində növbəti mərhələ olacaq: "Bu gün Azərbaycan dövləti və cəmiyyəti istənilən insinuasiyalardan və gerçəkliyi inkar etmək cəhdlərindən güclüdür. Əminəm ki, bu, demokratik yolla seçilmiş parlament olacaq və Rusiya üçün dost, qardaş ölkədə parlamentarizmin inkişafına xidmət göstərməkdə davam edəcək. İnanıram ki, Azərbaycana qarşı, habelə parlament seçkilərinə qarşı istənilən çirkli və əsassız böhtanlar istənilən beynəlxalq meydançalarda fiaskoya uğrayacaq. Bu cür cəhdlər artıq iflasa uğrayıb".
Alim