“Nezavisimaya qazeta” Azərbaycanda şəffaf seçkilərdən yazır
2 Noyabr 2015 16:47 SiyasətRusiyanın nüfuzlu "Nezavisimaya qazeta" nəşri Azərbaycanda keçirilən parlament seçkilərinə dair geniş məqalə hazırlayıb. Secki-2015.az saytı xəbər verir ki, məqalədə seçki prosesinin sakit keçdiyi vurğulanır. Qeyd edilir ki, lap əvvəldən seçkinin favoriti hakim partiya idi: "Exit-poll"arın nəticələrindən də aydın idi ki, əksər seçicilər hakim partiyanın işini müsbət qiymətləndirirlər. Əslində ölkədə son dövrlər qazanılan nailiyyətlər hakim partiyanın qələbə ehtimalını artırırdı. Bakını dünyanın ən dinamik inkişaf edən şəhərləri ilə eyni sıraya qoymaq olar. Ölkə iqtisadiyyatı inkişaf edir, Azərbaycan artıq peykə orbit çıxaran ölkələr sırasındadır. Beynəlxalq səviyyəli forumlar, idman tədbirlərinin Azərbaycanda keçirilməsi də təsadüfi deyil".
Seçkilərin normal səviyyədə keçirildiyini qeyd edən müəllif səsvermə zamanı barmaqların mürəkkəblənməsini təqdirəlayiq hal kimi vurğulayır. Məqalədə seçkiləri izləyən beynəlxalq müşahidəçilərin fikirlərinə də yer ayrılıb.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) nümayəndə heyətinin Polşadan olan üzvü Taeduş İviniski seçki komissiyalarının yüksək hazırlığa malik olduğuna diqqət çəkir: "Mən çox ölkədə seçkiləri müşahidə etmişəm. Azərbaycandakı seçkilər yüksək hazırlığı ilə seçilirdi".
Rusiya Dövlət Dumasının MDB ölkələri ilə əlaqələr komitəsinin sədri Leonid Slutski də səsvermənin yaxşı təşkil olunduğunu bildirib: "Seçicilərin azad şəkildə səs verməsi üçün MSK bütün hazırlıqları görmüşdü. Əvvəlki illərlə müqayisədə Azərbaycan çox irəliləyişlərə nail olub".