Beynəlxalq müşahidəçilərin yekun rəyi-Parlament seçkiləri demokratik keçib

Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər dünən öz rəylərini açıqlayıblar. Beynəlxalq müşahidəçilərin açıqlamalarından da məlum olub ki, 1 noyabr seçkiləri beynəlxalq standartlara uyğun şəkildə, ciddi qanun pozuntuları olmadan başı tutub.

Seçki demokratik keçib

Türkdilli Ölkələrin Parlament Assambleyasının seçkiləri müşahidə edən missiyasının rəhbəri, Qazaxıstandan olan deputat Sevikyan Kanayev bildirib ki, müşahidə missiyası oktyabrın 29-dan Azərbaycana gəlib və həm seçkiqabağı vəziyyəti, həm də səsvermə prosesini müşahidə edib. Artıq üçüncü dəfədir ki, missiyanın Azərbaycanda keçirilən seçkiləri müşahidə etdiyini deyən Sevikyan Kanayev noyabrın 1-də keçirilən parlament seçkilərinin demokratik, azad və ədalətli keçdiyini bildirib. O, qeyd edib ki, xüsusilə seçkilərə hazırlıq prosesi yaxşı təşkil olunub: "TürkPA olaraq Balıdakı bir neçə seçki məntəqəsində olmuşuq. Seçicilər seçki prosesinə təmkinli və sakit yanaşıblar. Seçkidə bütün beynəlxalq normalara uyğun şərait yaradılıb. Seçki zamanı hansısa problem qeydə alınmayıb". Qazaxıstandan olan deputat deyib ki, 1 noyabr seçkiləri Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlara uyğun şəkildə keçirilib".
Daha sonra TürkPA-nın müşahidə missiyasının parlament seçkiləri ilə bağlı yekun rəyi açıqlanıb. Rəydə qeyd olunur ki, parlament seçkiləri əsasən ölkənin konstitusiya və Seçki Məcəlləsi, həmçinin Assambleyanın sərbəst toplaşmaq azadlığı, Radio və Televiziya yayımı, siyasi partiyalar, qeyri-hökumət təşkilatları haqqında qanun, Cinayət Məcəlləsinin müvafiq müddəaları, İnzibati Prosessual Məcəllə və Mərkəzi Seçki Komissiyasının Əsasnaməsi ilə nizamlanır. Azərbaycan demokratik seçkilərin keçirilməsi ilə bağlı əsas beynəlxalq və regional hüquq normalarına tərəfdaşdır. Rəydə daha sonra vurğulanır ki, səfər çərçivəsində TürkPA müşahidəçiləri cənab Serikyan Kanayevin rəhbərliyi altında Milli Məclisin sədri, TürkPA-nın hazırkı fəaliyyətdə olan sədri Oqtay Əsədov, MSK sədri Məzahir Pənahov və xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə grüşlər keçirib. Aparılan müşahidələrin nəticəsi olaraq belə qənaətə gəlinib ki, seçkiqabağı təşviqat kampaniyası kütləvi informasiya vasitələri tərəfindən kifayət qədər işıqlandırılıb. TürkPA müşahidəçiləri qeyd edib ki, media qurumları namizədlərə təbliğat-təşviqat fəaliyyəti aparmaq üçün bərabər hüquqlu şərait yaradıb. Həmçinin namizədlərin seçicilərlə görüşlərinin işıqlandırılması lazımı qaydada təmin olunub. Müşahidəçilər missiyası seçki təqviminin qəbulu, seçici qeydiyyatı və seçki strukturunun aşağı səviyyəli orqanlarının üzvləri üçün təlim materiallarının hasırlanması da daxil olmaqla, texniki və prosedur qaydaların yaxşı təşkil edildiyi fikrindədir. Müşahidə missiyasının bütün məntəqələrdə səsvermə prosesinə nəzarət etmək imkanı olub.
TürkPA-nən rəyində bildirilir ki, Azərbaycanda keçirilən seçkilərin beynəlxalq müşahidəsi üçün bütün hüquqi və maddi-texniki şərait yaradılıb. Müşahidəçilər tərəfindən 2005-ci ildə BMT-nin Beynəlxalq Seçki Müşahidəçiləri üçün Davranış Kodeksi, Avropa Şurası Venesiya Komissiyasının tövsiyyə qərarları və digər beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş obyektivlik, ədalətlilik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət edilib. Missiya tərəfindən hər hansı qanun pozuntuları qeydə alınmayıb və seçki prosesi Azərbaycanın milli qanunvericiliyinə beynəlxalq standartlara uyğun şəkildə, demokratik şəraitdə baş tutub.
Avropa Parlamentinin deputatı, Avstriyadan olan millət vəkili Frans Obermayer də keçirdiyi mətbuat konfransında noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin demokratik şəraitdə baş tutduğunu, heç bir qanun pozuntularının qeydə alınmadığını söyləyib. Qeyd edib ki, Bakı şəhəri üzrə aparıdğı müşahidələr zamanı onda yaxşı təssürat yaranıb və parlament seçkiləri çox yaxşı təşkil edilib. Frans Obermayer xüsusilə barçaqların mürəkkəbə batırılmasının yaxşı təcrübə olduğunu dilə gətirib. O, qeyd edib ki, barmaqların mürəkkəbə batırılması təkrar səsvermə prosesinin qarşısını almaq üçün yaxşı metodologiyadır: "Mən bunu öz üzərimdə tətbiq etdim və gördüm ki, bu texnologiya çox müsbət bir addımdır. Mən  deyərdim ki, bir çox Avropa ölkələrində belə bir metodologiya yoxdur və bu da həmin ölkələrdə keçirilən seçkilərdə təkrar səsverməyə gətirib çıxarır". Avstriyalı parlamentari onu da bildirib ki, seçkiləri müşahidə zamanı bir sıra müsbət məqamları da qeyd edib: "Xüsusilə namizədlər arasında qadınların çoxluq təşkil etməsi müsbət qeyd edilməli məqamlardandır. Həmçinin seçki məntəqələrində müşahidələr zamanı müşahidəçilərin böyük əksəriyyətinin gənclər və qadınlardan ibarət olduğunu gördüm. Hesab edirəm ki, bunlar da müsbət qeyd edilməli məqamlardandır". Frans Obermayer bildirib ki, apardığı müşahidələr və gəldiyi qənaət ondan ibarətdir ki, noyasbrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri demokratik qaydada, beynəlxalq standartlara uyğun şəkildə baş tutub.

Dünyanın Azərbaycana ehtiyacı var

İtaliya Senatının üzvüləri də seçki müşahidələrinin nəticələrinə dair keçirdikləri mətbuat konfransında parlament seçkilərinin demokratik şəraitdə, beynəlxalq standartlara uyğun formada keçirildiyini bildiriblər.  İtaliya Senatının seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib ki, səsvermə prosesini müşahidə zamanı qanun pozulması hallarına rast gəlməyiblər: "Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. İndiyədək ATƏT və Avropa Şurası çərçivəsində bir çox ölkələrdə seçkiləri müşahidə etmişik. Amma Azərbaycanda gördüyümüz bir sıra yeniliklər bizi çox sevindirdi. Məntəqələrdə apardığımız müşahidələr zamanı heç bir etiraz, qanun pozuntusuna rast gəlmədik. Seçkilər nizamlı şəkildə, yüksək təşkilatçılıqla baş tutdu". İtaliyalı senator deyib ki, indiyə qədər bir sıra ölkələrdə seçki müşahidələri aparsalar da, lakin Azərbaycanda olduğu kimi demokratik şəraitdə baş tutan seçkiyə rast gəlməyiblər: "Azərbaycan kimi gənc bir dövlət üçün bu cür seçkilər keçirmək sözün əsl mənasında böyük uğurdur". İtaliya Senatının üzvü deyib ki, onun yaşadığı cəmiyyətdə Amerikanın təbliğatı ilə iki ölkə barədə mənfi rəy formalaşıb ki, bunlardan biri Rusiya, digəri isə Azərbaycandır: "Ancaq mən hesab edirəm ki, Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Düşünürəm ki, Azərbaycan kimi ölkəni təcrid etmək doğru deyil. Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Çünki Azərbaycan  həm dini, həm mədəni fundamentalizm sahəsində mükəmməl bir ölkədir". İtaliyalı senator ATƏT-in, Avropa Parlamentinin,Ş Azərbaycana müşahidəçi göndərməməsini pisləyib və qeyd edib ki, onların seçkiləri müşahidə etməsi əslində ATƏT və Avropa Parlamentinə bir etirazdır.
Digər italiyalı müşahidəçi Fiorella Provera isə özünü Azərbaycanın dostu sayıb. Bildirib ki, Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Burada müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük:                 

Azərbaycan öz xəttini seçib

"Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Bu gün dünyanın Azərbaycana  ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda enerji resurslarına malikdir. Hesab edirəm ki, Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır". Fiorella Provera deyib ki, bu gün Azərbaycan barədə əsası olmayan fikirlər söyləyənlər, bu ölkə barədə mənfi rəy formalaşdıran beynəlxalq təşkilat və qurumlar əslində Dağlıq Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidirlər: "Çünki Azərbaycanın 20 fazi əraziləri işğal edilib, 1 milyona yaxın qaçqın və məcburi köçkünü var. Bütün bu problemlərə rəğmən Azərbaycan inkişaf edir, mükəmməl bir idarəçilik siyasəti sərgiləyir". Fiorella Provera deyib ki, dünyanın hər bir ölkəsində heç də hər şey, o cümlədən seçki prosesi mükəmməl deyil və ola da bilməz: "Hətta İtaliyada belə mükəmməl demokratiya yoxdur. Ümumiyyətlə, dünyada demokratik prinsiplərə tam əməl edən bir ölkə yoxdur". Fiorella Provera Yaxın Şərqdə cərəyan edən proseslər, Suriya probleminə də toxunub və bildirib ki, Birləşmiş Ştatlar regionda bütün prosesləri öz xeyrinə dəyişməyə çalışır: "Ancaq təbii ki, Amerikanın bu siyasətini qəbul etmək istəməyən ölkələr də var ki, bu zaman Birləşmiş Ştatlar tərəfindən həmin ölkələrə qarşı təzyiqlər olur. Düşünürəm ki, bu zəmində Azərbaycana qarşı edilən təzyiqlər, bu ölkə barədə mənfi rəy yaratmaq da doğru deyil. Azərbaycanla yalnız dostluq münasibətləri zəminində əlaqələri inkişaf etdirmək lazımdır. Çünki Azərbaycan Avropanın enerji təminatçısı olan ölkələrdən biridiri".


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00