Rusiya Federasiya Şurasının sədri: “Xalqlar Qarabağ münaqişəsindən cana doyub”

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvana səfəri ərəfəsində news.am agentliyinə müsahibə verib. Virtualaz.org saytı xəbər verir ki, Matviyenko Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərindən və Rusiyanın bu prosesdəki rolundan da danışıb.

"Qarabağ münaqişəsi postsovet məkanında ən uzun çəkən münaqişədir. O, hələ Sovet İttifaqında başlayıb, az qala 30 ildir davam edir. Mənim fikrimcə, bu gün hamıya aydın olmalıdır ki, bu münaqişə tərəflərə ancaq problem yaradır. Münaqişə iqtisadiyyata, sosial sferaya yükdür, insanların bunun yükünü çəkir. Sıx tarixi bağlarla əlaqəli olan iki ölkə, iki xalq arasında münasibətlərə kölgə salır. O, regionda gərginliyin əsas mənbəyidir, münaqişə iştirakçılarının dünya siyasətindəki iştirakına çətinliklər yaradır. Buna baxmayaraq münaqişənin həlli yollarının axtarılması çox ləng gedir"- deyə Matviyenko bildirib.

Federasiya Şurasının sədri deyib ki, Rusiyanın bu məsələdə mövqeyi ardıcıldır. Rusiya münaqişənin müharibənin başlanmasını, qan axıdılmasını, humanitar fəlakət riskini istisna edən siyasi həll yolunda israrlıdır.

"Ukrayna, Suriya və bəzi digər ölkələrdə baş verən hadisələr göstərir ki, gücə stavka edilməsi hansı fəlakətli nəticələrə səbəb olur"- Matviyenko  deyib.

"Mən bütün məsuliyyətimlə deyə bilərəm ki, Rusiya bu düyünün çözülməsi üçün hər hansı başqa dövlətdən daha çox çalışır. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində, BMT müstəvisində fəal hərəkət edirik. Qarabağ böhranının həlli Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərinin gündəminin dəyişməz mövzusudur. Diplomatik nazirliklərin xətti ilə Moskva, İrəvan və Bakı arasında bu məsələyə dair daim məsləhətləşmələr aparılır"- deyə Federasiya Şurasının sədri əlavə edib.

Matviyenko Rusiyanın Azərbaycan və Ermənistan parlamentləri ilə əməkdaşlığında da Qarabağ məsələsinin əsas yerlərdən birini tutduğunu deyib. O bildirib ki, Rusiya münaqişənin nizamlanması yollarının axtarılmasında ictimai təşkilatların, elm və mədəniyyət xadimlərinin, hər iki ölkədən işgüzar dairələrin nümayəndələrinin iştirakını da mühüm sayır.

"Belə təmaslar xalqlar arasında etimadın bərpasına imkan yaradır, bu isə münaqişənin siyasi həllinin tapılmasından sonra onun həyata keçirilməsinə kömək edəcək. Bu həll yolunun tapılacağına isə mən şübhə etmirəm. Bunu görməmək mümkün deyil ki, həm Azərbaycan və Ermənistan xalqları, həm beynəlxalq ictimaiyyət bu münaqişədən cana doyub. Ona görə də bu gün əsas məsələ bütün səviyyələrdə xeyirxah iradə, müdriklik və məsuliyyət nümayiş etdirməkdir"- deyə Rusiya parlamentinin yuxarı palatasının spikeri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00