Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib

Beynəlxalq təşklilatlar bəyənat yaydılar

Azərbaycanda 1 noyabr 2015-ci il parlament seçkiləri ilə əlaqədar ölkəmizdə səfərdə olan beynəlxalq müşahidəçilər seçkilərin nəticələri ilə əlaqədar rəylərini açıqlayıblar. Məlumat üçün qeyd edək ki, Azərbaycanda keçirilən parlament seçkilərini izləmək üçün ölkəmizə səfər edən müşahidəçilər paytaxt Bakı və regionlarda seçki prosesini müşahidə ediblər. Seçkiləri 40 təşkilatdan 503-ü beynəlxalq və 66 mindən çox yerli olmaqla müşahidəçi izləyib. Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə "exit-poll" keçirib.

Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən Avropa Milli Parlamentlərinin üzvlərindən ibarət Seçki Monitorinq Qrupu parlament seçkilərini beynəlxalq standartlara uyğun hesab edib. Qrupun rəhbəri, Avstriya parlamentinin vitse-prezidenti Tyerri Mariani 5 il əvvəl də Azərbaycanda keçirilən parlament seçkilərini izlədiyini bildirib. O, Azərbaycanda stabilliyin olduğunu, bunun getdikcə inkişaf etdiyi vurğulayıb: "Avropa müşahidəçiləri seçkiyə bir neçə gün qalmış gəldiyinə görə təbliğat-təşviqat prosesi barədə ətraflı rəy verə bilməz. Səsverməyə gəldikdə isə proses çox gizli keçirildi. Əlillər üçün xüsusi qutular da nəzərdə tutulmuşdu. 500-dən artıq veb-kameranın quraşdırıldığını müşahidə etdik. Ümumilikdə səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi. Bəzi məntəqələrdə cüzi texniki problemlər qeydə alındı. Məsələn, ucqar bölgələrdə seçki məntəqələri üçün ayılmış yerlər kifayət qədər geniş deyildi. Bəzi məntəqələrdə müşahidəçilər bir qədər uzaqda yerləşdirilmişdilər. Bəzi məntəqələrdə isə seçkilər bir neçə mərtəbədə təşkil olunmuşdu. Səslərin sayılması isə kifayət qədər şəffaf keçirildi və hər hansı problem yaşanmadı". Nümayəndə heyətinin rəhbəri ATƏT-in Azərbaycana müşahidəçi missiyasını göndərməməsinə də münasibət bildirib. O qeyd edib ki, onlar ATƏT-ə Azərbaycana müşahidəçilər göndərməyi təklif ediblər. Lakin qurum müxtəlif səbəblər gətirərək, xüsusilə Türkiyədə keçirilən seçkiləri əsas göstərərək Azərbaycana heyət göndərməyib. Sonra müşahidəçi qrupu seçkilərinin yekunlarına dair bəyanat təqdim edib. Bəyənatda göstərilir ki, Monitorinq missiyası belə qərara gəlir ki, Azərbaycan Respublikasında parlament seçkiləri ümumilikdə beynəlxalq tanınmış normalara müvafiq keçirilib: "Seçki günü səsvermə prosesi ərzində ölkədə ictimai mühit sabit idi, heç bir mühüm insident baş vermədi. Yerli orqanların və ya polisin seçki prosesinə müdaxiləsi qeydə alınmadı. Seçicilərin qeydiyyatı ilə bağlı problem yaşanmadı. Seçki administrasiyası baxımından kifayət qədər seçki bülleteni təmin edilmişdi və bu kimi çatışmazlıqlara görə səs verə bilməmə halları qeydə alınmadı. Müşahidə aparılmış seçki məntəqələri yaxınlığında seçki kampaniyası və ya siyasi təşviqat aparılmayıb". Sənəddə həmçinin bildirilir ki, monitorinq missiyası 29 oktyabrda Azərbaycana gəlib və səylərini səsvermə və səslərin sayılması proseslərinin qiymətləndirilməsinə yönəldib: "Seçki Monitorinq Qrupu Avropa Parlamenti və ya ATƏT Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatlarının Azərbaycanda seçkilərin müşahidəsi üçün rəsmi nümayəndə heyəti göndərməməsinə və ölkənin gələcək demokratik inkişafına və regionun sabitliyinə töhfə vermək kimi mükəmməl imkanı əldən verməsinə olduqca təəssüflənir. Seçki Monitorinq Qrupu qətiyyətlə hesab edir ki, demokratik öhdəlik və vəzifələrin icrası istiqamətində əldə etdiyi irəliləyişlər Azərbaycanın Avropalı tərəfdaşlarının da marağındadır. Monitorinq Missiyası seçki günü prosesləri izləmək mandatı çərçivəsində belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasında parlament seçkiləri ümumilikdə beynəlxalq tanınmış normalara müvafiq keçirilib. Seçki Monitorinq Qrupu Azərbaycan Respublikasını sabit və demokratik institutlar qurmağı davam etdirməyə və Azərbaycanın sadiq olduğu beynəlxalq seçki və demokratik proseslərin, təcrübə və standartların tam icrası istiqamətindəki səylərini artırmağa həvəsləndirir. Monitorinq Qrupu eyni zamanda Azərbaycanın Avropalı tərəfdaşlarını, xüsusilə beynəlxalq parlament təşkilatlarını uzunmüddətli öhdəliklərini tam icra etməyə və gələcək seçki müşahidə missiyalarında fəal iştirak edərək, Azərbaycanın və regionun demokratik inkişafına töhfə verməyə çağırır". Qeyd edək ki, 12 Avropa ölkəsindən olan 31 deputatdan ibarət Seçki Monitorinq Qrupu 6 İspaniya, 4 Malta, 3 Albaniya, 3 Bosniya və Herseqovina, 3 Serbiya, 3 Yunanınstan, 2 Belçika, 2 Polşa, 2 Fransa, 1 Xorvatiya, 1 Monteneqro parlanemtarilərindən və 1 Kanada senatorundan ibarətdir.

Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının üzvləri də Azərbaycanda baş tutan parlament seçkilərinin şəffaf və demokratik keçdiyi qənaətindədirlər. Missiyanın üzvü, Avstriyanı təmsil edən Volfqanq Qrossruk Bakıda keçirilən mətbuat konfransında bildirib ki, Mərkəzi Seçki Komissiyasının quraşdırdığı veb-kameralar səsvermə məntəqələrində onlayn müşahidəyə imkan yaratdı: "Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda seçkilər sakit keçib. Səsvermə məntəqələrinə sərbəst giriş olub. Seçicilərin qeydiyyatı ilə bağlı heç bir problemlər olmayıb. Hər dairədə azı 4 nəfər olmaqla, 10-dan artıq namizəd mübarizə aparıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil aparılıb".
Birləşmiş Krallığı təmsil edən Maykl Hankok isə səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda müşahidəçilərin iştirak etdiyini vurğulayıb: "Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir problem qeydə almadı. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi". Tədbirdə o da qeyd edildi ki, müşahidə missiyasına daxil olan nümayəndələr Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT PA, NATO PA, Qərbi Avropa İttifaqı və sair kimi qurumların keçmiş üzvü olaraq seçkilərin müşahidəsində böyük təcrübəyə malikdirlər.
"Seçki məntəqələrində və ətrafında heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçkilər beynəlxalq standartlara uyğun olaraq tam demokratik və şəffaf şəraitdə keçirilib". Bunu isə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən Almaniyanın Seçkiləri Müşahidə Qrupunun rəhbəri Eduard Lintner Hilton otelində keçirdiyi mətbuat konfransı zamanı söyləyib. Müşahidə Qrupunun rəhbəri bildirib ki, qrupun bəzi üzvləri bundan öncə də Azərbaycandakı seçkiləri müşahidə ediblər: "Seçki bülletenlərində namizədlər haqqında qısa məlumat verilmişdi. Bu heç şübhəsiz seçicilərin işini asanlaşdırdı. Onlar rahat şəkildə namizədlərin kimliyi, fəaliyyəti ilə bağlı rahat məlumat ala bilirdilər. Apardığımız müşahidələrə əsaslanıb deyə bilərik ki, seçkilərin gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. 1 noyabr seçkiləri demokratik və şəffaf keçirilib. Ölkəniz bununla demokratik standartlara dorğu daha bir addım atıb". Müşahidə qrupunun yaydığı bəyənatda bildirilir ki, seçkilər azad və demokratik şəraitdə keçirilib: "Seçki məntəqələrində və ətrafında müşahidə zamanı demokratik seçkilərin heç bir pozuntusu halları baş verməmişdir. Seçicilər şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra bir neçə məntəqədə səsvermənin qarşısını almaq məqsədilə onların barmaqları mürəkkəblənmişdi. Sonra seçicilər seçki bülletenini götürüb xüsusi seçki kabinələrinə daxil olur, və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdi. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı. Seçki məntəqələrinin ətrafında forma geyinmiş heyət bə ya yerli orqanların nümayəndələri müşahidə edilməmişdir. Nümayəndə heyətinin üzvləri sadə, demokratik qaydaların pozulmasını və ya ümumiyyətlə hər hansı zorakılıq müşahidə etməmişdir. Almaniya nümayəndə heyətinin bütün üzvləri parlament seçkilərinin azad və müstəqil seçkilərin əsas və demokratik qaydalarına uyğun keçdiyinə əmindir. Almaniya nümayəndə heyətinin fikrincə, seçkilər eyni zamanda, dövlətin qanunlarına uyğun keçirilmişdir". Xatırladaq ki, Almaniyanın Seçkiləri Müşahidə Qrupu 11 nəfərdən ibarət tərkibdə olub və qrupa Almaniya Bundestaqının, Bavariya Parlamentinin üzvləri və sabiq deputatlar, Almaniya Federal Hökumətinin və Bavariya Əyalət Hökumətinin sabiq deputatları daxil olub.
Avropa İttifaqi regional komitәlәri üzvlərindәn ibarәt qrup mətbuat konfransında Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, nümayəndə heyətinin üzvləri səsvermə və səslərin sayılması prosesi ərzində 54 seçki məntəqəsinə baş çəkib.
Nümayəndə heyəti həmin məntəqələrdə seçki prosesinin əsas demokratik standartlar və prinsiplərə müvafiq keçirilməsi qənaətinə gəlib. Nümayəndə heyəti üzvlərinin müşahidələrinə əsasən, bəzi qanun pozuntuları qeydə alınıb. Baş çəkilən seçki məntəqələrində proses yaxşı təşkil olunub. Müxtəlif siyasi partiyalara mənsub olan nümayəndələr heyətinin üzvləri seçkilərin Azərbaycanda demokratiyanın gücləndirilməsi yolundakı irəliləyişə kömək edəcəyinə ümidvar olduğunu bildirib. Nümayəndə heyəti "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında daha geniş əməkdaşlıq arzularını ifadə edib: "1 noyabr parlament seçkiləri beynəlxalq təşkilatların seçkilərin təkmilləşdirilməsi sayəsində tövsiyələrinin böyük əksəriyyəti nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq şəffaf və azad keçirilib".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00