Rumıniyalı müşahidəçi: Azərbaycanın seçki təcrübəsi digər ölkələri üçün nümunə ola bilər

Rumıniyadan olan müşahidəçilər qrupu səsvermə prosesinin müşahidəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər. Secki-2015.az-ın xəbərinə görə, rumıniyalı deputat, müşahidə qrupunun rəhbəri Adrian Miroslav-Merka öz fəaliyyətləri barədə məlumat verib. Deputat qeyd edib ki, müşahidə aparılmış bütün seçki məntəqələri yüksək səviyyədə təşkil olunub: "Seçicilərlə yanaşı müşahidəçilər də seçki məntəqəsinə yalnız şəxsiyyəti təqdim edən sənəd əsasında buraxılıb ki, bu da tamamilə qanunauyğundur. Seçicilərin təkrar səs verməməsi üçün onların barmağı görünməyən mürəkkəblə işarələnib. Məntəqələrdə bütün qutular şəffaf olub. Eyni zamanda səsvermə kabinələrində məxfilik qorunub". Miroslav-Merka deputatların nümayəndələri, seçicilər və müşahidəçilərlə söhbət zamanı heç bir narazılıq qeydə almadığını bildirib. Müşahidə missiyası bildirir ki, seçkilər azad və demokratik şəkildə baş tutub: "Polis qanuna uyğun olaraq məntəqələrdən uzaqda xidmət aparıb. Heç bir halda polis əməkdaşları seçki məntəqələrinə dəvət edilməyib. Rumıniyalı müşahidəçilərin ən çox razılıq etdiyi məqam gözdən əlillərin səsvermədə iştirakı olub". Miroslav-Merka seçki bülletenlərinin həm də Brayl əlifbası ilə çap olunmasının əlillərin işini asanlaşdırdığını deyib: "Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda gözdən əlillər kiminsə müşayiəti olmadan istədiyi namizədin adını işarələyə bilib. Bu yolla onların konstitusion hüquqları təmin olunub. Müşahidə missiyası Azərbaycanın gözdən əlillərlə bağlı seçki təcrübəsinin Avropa ölkələri üçün bir nümunə olduğunu xüsusi olaraq qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00