Azərbaycanın seçki təcrübəsi Asiya ölkələri üçün nümunə ola bilər
2 Noyabr 2015 09:24 Siyasət"Seçkilər" Media Mərkəzi- Azərbaycanda baş tutan seçkilər bir sıra Asiya ölkələri üçün nümunə ola bilər. Secki-2015.az saytı xəbər verir ki, bu fikri İCAPP müşahidə missiyasının tərkibində parlament seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Pakistan parlamentinin üzvü xanım Nuzhat Sadiq bildirib.
Onun sözlərinə görə, Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə təşkil olundu və tam demokratik şəraitdə keçirildi:"Seçki məntəqələrinin lazımi texniki avadanlıqlarla təchizatı yüksək səviyyədə təşkil olunmuşdu. Namizədlərin təmsilçiləri və müşahidəçilər üçün məntəqələrdə əlverişli şərait yaradılmışdı. Vətəndaşlar heç bir maneə olmadan məntəqələrə gələrək istədikləri namizədlərə səs verdilər. Ötən gün səsvermə başlayandan şəhərin müxtəlif istiqamətlərində səsvermə məntəqələrində olmuşduq. Seçkilərin tam demokratik şəraitdə keçdiyini öz gözlərimizlə müşahidə etdik".
Azərbaycanın seçki təcrübəsinin yüksək səviyyədə olduğunu deyən pakistanlı müşahidəçi söyləyib ki, bu təcrübəni Asiya dövlətlərində də geniş yaymaq faydalı olardı.