Seçkilərdə Azərbaycan xalqının aktivliyi müşahidə olunur

Beynəlxalq müşahidəçilər: “Müşahidələrimiz zamanı hər hansı bir qanun pozuntusu və ya problemlə üzləşməmişik”

Azərbaycanda keçirilən parlament seçkilərini izləmək üçün ölkəmizə səfər edən müşahidəçilər paytaxt Bakı və regionlarda seçki prosesini müşahidə ediblər. Məlumat üçün qeyd edək ki, seçkiləri 40 təşkilatdan 503-ü beynəlxalq və 66 mindən çox yerli olmaqla müşahidəçi izləyib. Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə "exit-poll" keçirib. Xatırladaq ki, parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər seçkiyə hazırlıq və seçki prosesindən razılıqlarını ifadə ediblər. Xüsusən, seçicilərin fəallığı beynəlxalq müşahidəçilərin diqqətini çəkib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının rəhbəri Jordi Çukla bildirib ki, seçki prosesində heç bir qanun pozuntusu ilə üzləşməyib: "Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıqla qarşılaşmamışıq". J. Çukla deyib ki, AŞPA müşahidə missiyasının sayı məhdud olduğuna görə əllərindən gələni etməyə çalışırlar: "Biz yerlərdə vəziyyəti öyrənmək üçün bütün gün Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayırıq. Paytaxtdan kənar bir neçə komandamız var. Biz 32 müşahidəçidən ibarət komandayıq". Məlumat üçün bildirək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasında təmsil olunan ispaniyalı parlamentari Jordi Çuklanın rəhbərlik etdiyi missiyanın üzvləri müşahidələrə 22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 25 saylı seçki məntəqəsində başlayıblar.Həmin məntəqədə ümumilikdə 18 yerli müşahidəçi, 2 xarici müşahidəçi seçkiləri izləyib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının üzvü Aqustin Conde deyib ki, apardıqları müşahidələrdə heç bir qanun pozuntusuna rast gəlməyiblər: "İkinci dəfədir ki, Azərbaycanda seçki prosesini izləyirəm. Ölkənizdə inkişaf var. Seçki prosesinin təşkilində də xeyli irəliləyişlər müşahidə etdim. Seçici aktivliyi hiss olunur. İnsanlar səsvermə hüququndan həvəslə istifadə edirlər". MDB Müşahidə Missiyasının üzvü Anatoliy Tabolkin deyib ki,

Azərbaycanda parlament seçkilərinə yüksək səviyyədə hazırlıq işləri aparılıb: "Biz müşahidələrimizi apardıq. Hər şeyin seçkilərə hazır olduğunu gördük. Seçki məntəqələrindəki şəxslər təcrübəlidirlər. Rusiyada bütün seçki məntəqələri də veb- kameralarla təchiz olunub. Bizim də təcrübəmizə görə, seçicilər istənilən seçki məntəqəsində seçkiləri internetdən izləyə bilər. Azərbaycanda da seçki məntəqələrində belə veb- kameraların olması şəffaflığın göstəricisidir. Amma seçkilər barədə ancaq gördüyünüzə istinad edərək fikir yürüdün. Kənardan deyilənlərə fikir verməyin".

***

"Azərbaycanda parlament seçkiləri seçicilərin fəallığı şəraitində davam edir". Bunu 19 saylı Nərimanov birinci seçki dairəsinin bir neçə seçki məntəqələrində olan beynəlxalq müşahidəçilər -Mərkəzi Asiya Sakit Okean Demokratlar İnternasionalının (CAPDİ) müşahidə missiyasının üzvləri Ervin Aksa və Yasril Ananta Baharuddin qeyd edib və seçkilərin gedişindən razı olduqlarını bildiblər. Ervin Aksa deyib ki, səs verənlər məntəqələri razılıq hissi ilə tərk edirlər. Bunun başlıca səbəbi seçkilərin şəffaf və demokratik keçməsidir: "Biz insanların seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdiklərinin şahidi olduq. Vətəndaşlar öz səsvermə hüququndan istifadə edərək istədiyi namizədi dəstəkləmək üçün məntəqələrə gəlirdilər". Yasril Ananta Baharuddin isə qeyd edib ki, baş çəkdiyimiz məntəqələrdə seçki prosesi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir: "Həmin məntəqələrdə nizam-intizam hökm sürürdü. Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq".
   Qeyd edək ki, Hindistan MSK-nın üzvləri də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edirlər. 33 saylı Xətai Birinci Seçki Dairəsinin 5, 9, 10, 20 və 23 saylı məntəqələrində Hindistan Mərkəzi Seçki Komissiyasının üzvləri Vicay Colli və Sureş Çandra səsvermənin gedişini izləyiblər. Öz təəssüratlarını bildirən Vicay Colli deyib ki, Azərbaycana ilk səfəridir: "Hər şeydən öncə, Azərbaycanın Mərkəzi Seçki Komissiyasını təbrik etmək istərdim ki, belə şəffaf və demokratik seçkiləri təşkil edib və bizləri ölkənizə dəvət edib. İnanıram ki, Azərbaycanda keçirilən bu seçkilər günün sonuna qədər öz demokratikliyini və ədalətliliyini davam etdirəcək. Məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olmaq üçün bizə geniş imkanlar yaradıldı. Məntəqə sədrləri səsvermə günündə iştirak edəcək seçicilərin sayı haqqında məlumat verdilər. Amma mən müşahidələrimdən bu qənaətə gəldim ki, seçicilərin sayı söylənilən rəqəmdən daha yüksəkdir. Bu qənaətimə əsas verən başlıca amil seçicilərin yüksək əhval-ruhiyyə və fəallıq şəraitində məntəqələrə gəlməsidir. Düşündüyüm kimi, Azərbaycan xalqı çox dost və qonaqpərvərdir. Xalqlarımız arasında ortaq dəyərlər vardır. İnanıram ki, dövlətlərimiz arasında olan münasibətlər davamlı və daimi olacaq". Digər müşahidəçi Sureş Çandra isə deyib: "Azərbaycan haqqında təəssüratlarım gördüklərimlə üst-üstə düşdü. Ölkəniz haqqında yüksək fikirdəyəm. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün yüksək şərait yaradılıb. Prosesin sonadək bu qaydada davam edəcəyinə əminəm". Azərbaycanda Milli Məclisə seçkiləri izləyən beynəlxalq müşahidəçi, Pakistan Senatının nümayəndəsi Babar Farhatullan qeyd edib ki, səsvermə tam qanunauyğun həyata keçirilir: "Pakistan Senatının üzvüyəm. Ölkənizdə Milli Məclisə seçkiləri izləyirəm. İlk diqqətimi çəkən məqam odur ki, burada seçici fəallığlı yüksəkdir. Seçki prosesi qanun çərçivəsində həyata keçirilir. Heç bir qanun pozuntusu müşahidə etməmişəm. Seçicilər, müşahidəçilər, məntəqə sədrləri və nümayəndələrlə söhbətlər apardım. Əmin oldum ki, səsvermə demokratik şəraitdə keçirilir". Pakistan Parlamentinin digər nümayəndəsi Sayed Mushahid Hussain deyib ki, Azərbaycanda parlament seçkiləri tam demokratik şəraitdə keçirilir: "Altı nümayəndəmiz Azərbaycanda Milli Məclisə seçkiləri müşahidə edir və biz Pakistanın fərqli siyasi partiyalarını təmsil edirik. Çoxlu məntəqələrdə olduq. Burada heç bir problemlə qarşılaşmadıq. Seçicilər rahat şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Onlar üçün çox yüksək şərait yaradılıb. Səsvermə demokratik şəkildə keçirilir. Buradakı sistem çox ağıllı qurulub". "Azərbaycana gələn müşahidəçilər elə bir uğurlu ölkəyə gəliblər ki, burada vətəndaşlar fanatizm olmadan seçki gününü gözləyirlər". Bunu isə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina deyib: "Mənə elə gəlir ki, şəhərdə seçkiqabağı təşvişat azlıq təşkil edib, amma bu, namizədlərin özlərinin problemidir. Əgər seçiçilər bunu lazım bilmirlərsə, deməli, bu, normal seçkiqabağı şəraitdir. Mən və digər MDB ölkələrindən olan həmkarlarım düşünürük ki, seçkilər sakit şəraitdə keçirilir".

Yeri gəlmişkən xatırladaq ki, beynəlxalq müşahidəçilər regionlarda da seçki prosesini izləyiblər. 52 saylı Quba seçki məntəqəsinin 15 saylı seçki məntəqəsində müşahidə aparan almaniyalı müşahidəçi Qabriela Habsburq deyib ki, indiyədək üç seçki məntəqəsində müşahidə aparıblar və müşahidə zamanı gördüklərindən razıdırlar. Q. Habsburqun sözlərinə görə, o, Azərbaycanda bir neçə dəfə seçkiləri müşahidə edib: "Azərbaycan xalqı çox qonaqpərvərdir, bizi hər yerdə xoş qarşılayırlar. Şimal bölgəsinə məmnuniyyətlə gəldim. Quba Azərbaycanda sevdiyim rayonlardandır və burada olmaq mənim üçün xoşdur". Q. Habsburq müşahidə etdikləri seçki məntəqələrində qanun pozuntuları ilə rastlaşmadığını və gördüklərindən razı qaldığını vurğulayıb. Türkiyə və Qazaxıstandan olan müşahidəçilər isə 39 saylı Kəpəz 1-ci Gəncə seçki dairəsinin 8 və 9 saylı məntəqələrində vəziyyətlə tanış olublar. Onlar seçkilərin gedişindən razı qaldıqlarını bildiriblər: "Günün erkən saatlarından etibarən seçimlə bağlı işimizə başlamışıq, məntəqələrə baş çəkib seçki prosesini izləyirik. Azərbaycan xalqının seçimlərə olan marağı bizi çox sevindirdi. Müşahidələrimiz zamanı hər hansı bir qanun pozuntusu və ya problemlə üzləşməmişik. Seçki prosesinin uğurla keçməsi üçün əmək sərf edən bütün insanlara təşəkkür edirik. Bilirsiniz ki, bu gün Türkiyədə də seçimlər var. Eyni vaxtda həm Azərbaycanda, həm də Türkiyədə seçkilərin keçirilməsi gözəl təsadüfdür. İnanırıq ki, bir millət, iki dövlət dediyimiz hər iki ölkə bu seçimlərdən güclənərək çıxacaq. Bu duyğularla xalqınızı salamlayır, uğurlar arzu edirəm". Qazaxıstanlı müşahidəçi Amantay Şarıp: "Seçkilər yüksək səviyyədə keçirilir. Biz bura seçkidən bir neçə gün əvvəl gəlmişik. Vəziyyətlə yerində maraqlanıb, seçkiyə hazırlıq işlərini izləmişik. Düşünürəm ki, görülən işlər beynəlxalq standartlara uyğundur. Səsvermə üçün bütün imkanlar yaradılıb, məntəqələrdə hər cür şərait var. Səhər açılandan müşahidlərimizi aparırıq və düşündüklərimiz təsdiq olunur. Seçici fəallığı zamanla artır. Məntəqələrə bir-bir baxdıqca insanların çoxaldığını, seçkidəki aktivliyi görürük. İstək odur ki, seçkilər layiqli formada keçsin".


Alim 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00