Parlament seçkiləri beynəlxalq müşahidəçilərin gözü ilə

Onlar seçkilərin demokratikliyinə şübhə etmirlər

Noyabrın 1-də V çağırış Azərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilər keçirilib. 125 seçki dairəsi üzrə 767 deputatlığa namizədin mübarizə apardığı seçki prosesində seçicilərin aktivliyi səhər saatlarından müşahidə edilməyə başlayıb. Seçkiləri yerli müşahidəçilərlə yanaşı çoxlu sayda beynəlxalq müşahidəçilər də izləyib ki, bu da parlament seçkilərinə beynəlxalq marağın böyük olduğunun göstəricisidir. Ümumilikdə seçkiləri paytaxt və bölgələrdə 503 beynəlxalq müşahidəçi izləyib ki, onların da 40-a yaxını nüfuzlu beynəlxalq qurumun nümayəndələridir. Həmçinin seçkilərə xarici  Kütləvi İnformasiya Vasitələrinin də marağı kifayət qədər böyük olub. 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsinin seçki prosesini müşahidə etməsi deyilənləri təsdiqləyir. Beynəlxalq müşahidəçilərin bir qismi hələ səsvermə prosesi başlamadan bir neçə gün əvvəl Azərbaycana gələrək seçkiqabağı vəziyyəti dəyərləndirib. Sevindirici hal ondan ibarətdir ki, istər seçkiqabağı vəziyyəti müşahidə edən, istərsə də seçki günü səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilərin əksəriyyətinin rəyi ondan ibarət olub ki, seçkilər azad və demokratik şəraitdə baş tutur. Bunu seçki prosesini yaxından izləyən müşahidəçilərin açıqlamalarından aydın görmək mümkündür.
Məlumat üçün qeyd edək ki, seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Birləşmiş Ştatların "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.
Müstəqil Dövlətlər Birliyinin müşahidəçilər missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib ki, qurumun missiyası parlament seçkiləri ilə bağlı oktyabrın 14-dən Azərbaycanda monitorinqlər keçirir. Aparılan monitorinqlər zamanı müşahidəçilərdə seçkilərə hazırlıqla bağlı müsbət rəy formalaşıb. Sergey Lebedevin sözlərinə görə, seçkilərə hazırlıqla məşğul olan bütün strukturlar seçkilərə tam hazırdır: "Mən həmkarlarımla da danışmışam. Onların çoxu seçki məntəqələrindədir, vəziyyət normaldır. Seçki komissiyalarının üzvləri və iştirakçıları seçiçiləri qarşılamağa hazırdırlar".
Sergey Lebedev bildirib ki, müşahidələrə əsasən, Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb: "Bu, seçkilərin normal və sakit keçəcəyinə təminat verir".
Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası Qərargahının rəhbəri Yevgeni Sloboda da deyib ki, Azərbaycanda parlament seçkilərində şəffaf səsvermə prosesi təmin edilib. O, bildirib ki, səsvermə prosesi Seçki Məcəlləsinə uyğun keçirilir və heç bir pozuntu müşahidə olunmur: "Məntəqələr vaxtında açıldı, seçicilərin olduqca yaxşı fəallığı müşahidə olunur. Komissiya normal rejimdə işləyir".
Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Lyuk Simpkins Azərbaycanda parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini vurğulayıb. Lyuk Simpkinsin rəhbərlik etdiyi müşahidə missiyasının üzvləri Abşeron rayonunda və Bakıda bir sıra seçki məntəqələrində olduqlarını bildirib. Onun sözlərinə görə, missiya hələ heç bir qanun pozuntusu qeydə almayıb: "Səhər saatlarında havanın soyuq olmasına görə, passivlik müşahidə edilsə də, günorta saatlarına doğru seçicilərin aktivliyi artıb". Müşahidə missiyası seçkilərin gedişini müşahidə etməyə davam edir.
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de Venesia 15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsində olub və seçkilərin gedişatı ilə maraqlanıb. Xose de Venesia seçki məntəqələrində seçici fəallığının mövcud olduğunu bildirib. Həmsədr seçki prosesindən razılıq edərək deyib ki, səsvermə obyektiv, şəffaf, demokratiyanın tələblərinə uyğun şəkildə davam edir: "Bu, bir daha göstərir ki, Azərbaycan demokratik inkişaf yoluna sadiqdir".
Rumıniya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Razvan Çinka da Azərbaycanda parlament seçkilərinin yaxşı təşkil edildiyi qənaətindədir. Onun sözlərinə görə, Azərbaycanda parlament seçkilərinin təşkili barədə çox yaxşı təəssüratları var: "Seçki komissiyalarının üzvləri məhz nə etməli olduqlarını bilirlər". Razvan Çinka qeyd edib ki, Azərbaycanda təkrar səsvermənin qarşısını almaq üçün bütün tədbirlər görülür: "Seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb. Gələcəkdə Rumıniyada tətbiq etmək üçün bu təcrübəni öyrənməyi istərdim".
İsraildən olan Aleksandr Şapiro Suliman da Azərbaycanda parlament seçkilərinin demokratik şəkildə keçirildiyini söyləyib. 60 saylı Salyan-Nefçala seçki dairəsi üzrə bir neçə məntəqəyə baş çəkdiyini deyən Aleksandr Şapiro Suliman məntəqələrdə seçici fəallığının müşahidə edildiyini, insanların heç bir basqı olmadan axın-axın məntəqələrə gələrək səs verdiyini söyləyib. O, əmin olduğunu bildirib ki, seçkilərdə ən güclü namizəd qələbə qazanacaq: "Təbii ki, səsvermə prosesi başa çatdıqdan sonra da biz seçkilərin nəticələri, aparılan müşahidələr və gəldiyimiz qənaətlə bağlı fikirlərimizi bildirəcəyik".
Estoniyadan olan müşahidəçi Uno Silberq parlament seçkilərində seçicilərin fəallığının kifayət qədər yüksək olduğunu deyib. Onun sözlərinə görə, bu seçki Azərbaycan üçün çox önəmlidir: "Biz bu prosesi yaxından izləyirik. Hesab edirəm ki, seçki prosesi kifayət qədər yaxşı təşkil olunmuşdur. Seçicilərin fəallığı kifayət qədər yüksəkdir. Biz bir çox seçici ilə ünsiyyətdə olduq və bizə seçki kampaniyasının ədalətli təşkil olunduğu bildirildi. Müxtəlif siyasətçilər bu prosesdə bərabər rəqabət aparırlar". Seçki proseslərini izləmək üçün bir neçə dəfə Bakıda səfərdə olduğunu deyən müşahidəçi hesab edir ki, Azərbaycanda seçki prosesi keçdikcə daha da mükəmməlləşir: "İnanıram ki, burada demokratiya yaxşı səviyyədədir".
Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy də Azəbaycandakı seçkilərdən razılığını ifdadə edib. 60 saylı Salyan-Nefçala seçki dairəsinə daxil olan bir neçə seçki məntəqəsində müşahidələr aparan Göksəl Gülbəy deyib ki, apardığı müşahidələr seçkilərin demokratik şəkildə baş tutacağını söyləməyə əsas verir: "Ümid edirik ki, ötən seçkilərdə olduğu kimi bu seçkilər də azad və demokratik şəraitdə baş tutacaq". Göksəl Gülbəy də məntəqələrdə seçici fəallığının müşahidə edildiyini söyləyib. ASİMDER rəhbəri parlament seçkilərinin Azərbaycan üçün uğurlu olacağını deyib: "Məlumat üçün qeyd edim ki, bu gün həm də Türkiyədə erkən seçimlər keçirilir. Ümid edirəm ki, hər iki seçki həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli, uğurlu olacaq. Hər iki ölkə seçkiləri demokratik və şəffaf keçirməklə dünyaya bir daha seçki nümunəsi göstərəcək".
Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri, "Tool Shed Group"un sədri Ceyson Kats isə bildirib ki, Azərbaycanda seçkilər prosesi müəyyən aspektlərdə Birləşmiş Ştatlar üçün nümunə ola bilər. Onun sözlərinə görə, bura səsverməyədək şəxsiyyətin eyniləşdirilməsi və təkrar səsvermə hallarının qarşısının alınması da daxildir. Ceyson Kats qeyd edib ki, seçkilərdə səsvermə prosesi çox yaxşı təşkil edilib: "Seçki komissiyaları üzvləri yaxşı hazırlıq keçiblər və çox səmərəli işləyirlər. Müxtəlif məntəqələrdə seçki prosesini diqqətlə müşahidə etdim və amerikalı kimi çox heyrətləndim. Ümumilikdə bu seçkilər azad, yaxşı təşkil edilmiş prosesdir".
Avropa Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin (ESISC) müşahidəçisi Yevgeniya Qvozdeva Azərbaycanda keçirilən parlament seçkilərində insidentlər və pozuntuların qeydə alınmadığını söyləyib. O, seçki komissiyaları üzvlərinin işini də yüksək qiymətləndirib: "Mənim şəxsi təəssüratlarım olduqca müsbətdir. Bütün məntəqələrdə sakit iş şəraiti var. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün komissiya üzvləri səlahiyyətlərini yaxşı yerinə yetirirlər".
Yevgeniya Qvozdevanın sözlərinə görə, seçicilərin aktivliyi olduqca yüksəkdir: "Missiya üzvlərinin qısa müddət ərzində olduğu hər bir məntəqədə onlarla insan səs verib".
Birləşmiş Ştatlardan olan müstəqil müşahidəçi, Texas ştatının sabiq konqresmeni Solomon Ortiz isə seçici fəallığından razılıq ifadə edib. O, bildirib ki, Azərbaycanda səhər saatlarında parlament seçkilərinə gələn seçiçilərin sayında artım qeydə alınıb. Sabiq konqresmen hesab edir ki, bu göstərici Birləşmiş Ştatlarla müqayisədə daha çoxdur. Parlament seçkilərinin gedişatından məmnun olduğunu söyləyən sabiq konqresmen qeyd edib ki, müşahidəçi kimi ikinci dəfədir Azərbaycandadır: "Azərbaycanın seçkilərə olan münasibətindən məmnunam. Proses çox şəffaf keçir. Ölkədə xalqın öz liderlərini seçməsi Azərbaycanı güclü dövlət edir. Çox ölkələrin sakinlərinin öz liderlərini seçmək hüququ yoxdur. Azərbaycan sakinlərinin isə belə hüququ var".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00