Beynəlxalq müşahidəçi: "Seçki prosesi qaydalara uyğun təşkil olunub"
1 Noyabr 2015 16:21 Siyasət"Artıq üçüncü dəfədir ki, Bakıya səfər edirəm. 2 il əvvəl prezident seçkilərini izləmək üçün Bakıda olmuşdum və qeyd olunan seçkinin yüksək səviyyədə keçirildiyini müşahidə etmişdim. Bu dəfə də seçki prosesi qaydalara uyğun təşkil olunub". Bu barədə Secki-2015.az saytına açıqlamasında Bosniya və Hersoqovina parlamentinin üzvü Nərminə Kapetanoviç bildirib. O, gün ərzində 6 seçki məntəqəsinə baş çəkdiklərini dilə gətirib.
Beynəlxalq müşahidəçinin sözlərinə görə, olduğu məntəqələrdə heç şikayət qeydə alınmayıb: "Məntəqələrdə namizədlərin təbliğat-təşviqat materiallarının olmaması seçkinin yaxşı təşkil olunduğundan xəbər verir. Seçiciləri narahat edən hallar aşkar edilməyib. Bütün bunlar demokratiya və şəffaflığın təmin olunmasını göstərir. Azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığı isə məni digər səfərlərimdə olduğu kimi bu dəfə də sevindirir".