Azərbaycandan daha bir demokratiya nümunəsi
Parlament seçkilərində yüksək seçici fəallığı
1 Noyabr 2015 14:30 SiyasətAzərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilər keçirilir. Noyabrın 1-də səhər saat 08.00-dan etibarən Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilərə start verilib. Məlumat üçün deyək ki, V çağırış Milli Məclisə seçkilər 125 seçki dairəsi üzrə 5547 məntəqədə keçirilir. 125 seçki dairəsi üzrə 767 deputatlığa namizəd qeydə alınıb. Bu isə hər seçki dairəsinə 6-dan çox namizəd deməkdir. Dairələr üzrə ən az 3, ən çox isə 12 namizəd qeydə alınıb. Seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edir. Ən çox namizədlə seçki prosesinə qatılan hakim Yeni Azərbaycan Partiyasıdır. Sözügedən partiya seçkilərə 117 namizədlə qoşulub.
Seçkilərin demokratik qaydada baş tutması üçün məntəqələrdə hər bir şərait yaradılıb. Belə ki, ölkə üzrə mövcud olan seçki məntəqələrində 5 milyon 200 minə yaxın seçicinin səs verməsi üçün seçki bülletenləri çatdırılıb, məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib. Eyni zamanda dairə seçki komissiyaları müvafiq informasiya kommunikasiyaları ilə təchiz edilib. DSK-ların hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqlarla təmin edilib.
Səsvermə prosesinin şəffaflığını təmin etmək üçün 1000-dən artıq seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Seçkilərə beynəlxalq maraq böyükdür
Onu da qeyd etmək yerinə düşər ki, V çağırış Milli Məclisə keçirilən seçkilərə beynəlxalq maraq da kifayət qədərdir. Belə ki, parlament seçkilərini izləmək üçün 503 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 40-a yaxın nüfuzlu beynəlxalq qurumun nümayəndələridir. Seçkiləri izləyən yerli müşahidəçilərin sayı isə 66 mindir. Yerli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə isə qeydiyyatdan keçmədən belə seçki müşahidəsi aparmaq hüququ verilib. Bundan başqa 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi də seçkilərdə müşahidə aparır. Bütün bunları nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, ölkə üzrə mövcud olan hər seçki məntəqəsini 11 yerli müşahidəçi izləyir.
Azərbaycanda son illərdə keçirilən seçkilər zamanı qeydə alınan müsbət məqamlardan biri də seçkilərdə "exit-poll"un keçirilməsidir. Noyabrın 1-də keçirilən seçkilərdə də "exit-poll" keçirilib. Seçkilərdə "exit-poll" keçirən təşkilatdan dördü yerli, ikisi isə Birləşmiş Ştatlar və Fransadan olan təşkilatlardır.
Demokratik seçki üçün hər bir şərait var
Səsvermə prosesi zamanı apardığımız müşahidələrdən də aydın oldu ki, seçkilərin azad və demokratik, şəffaf şəkildə baş tutması üçün məntəqə seçki komissiyalarında hər bir şərait yaradılıb. 29 saylı Səbael Seçki Dairəsinin 20 saylı məntəqə seçki komissiyasının sədri Gülxar Quliyeva da bu qənaətdədir. O, bildirib ki, seçicilər müstəqil şəkildə, heç bir kənar müdaxilə olmadan məntəqələrə gələrək öz seçimlərini edirlər: "29 saylı Səbail Seçki Dairəsinin 20 saylı seçki məntəqəsi üzrə 1249 seçici qeydiyyatdadır. Artıq səhər saatlarından etibarən seçici aktivliyi müşahidə edilir və vətəndaşlar məntəqəyə gələrək öz namizədlərinə səs verirlər". Gülxar Quliyeva məntəqə ərazisinə daxil olan seçicilərdən heç kimin səhhətində problemlə bağlı müraciət etmədyini və daşınan seçki qutularından istifadə olunmadığını söyləyib. Bildirib ki, əgər belə müraciət olsa mütləq həmin seçici üçün daşınan qutu təşkil edilər və ona öz mənzilində səs vermək üçün şərait yaradılardı. Səbail rayon 20 saylı seçki məntəqəsində adları seçici siyahısına daxil edilməyən vətəndaşlar da yoxdur. Məntəqə sədrinin sözlərinə görə, bununla bağlı da müraciət edilmədyindən əlavə seçici siyahısının tutulmasına ehtiyac qalmayıb. Gülxar Quliyeva parlament seçkilərinin azad və ədalətli, demokratik qaydada baş tutacağına əminliyini bildirib: "Buna heç bir şübhə yoxdur. Çünki Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var. Parlament seçkilərini şəffaf, demokratik qaydada keçirməklə bir daha dünyaya demokratik dəyərlərə sadiq olduğumuzu nümayiş etdirəcəyik. Bu seçkilər hər birimiz, millətimiz, dövlətimiz üçün xeyirli olsun".
Yüksək seçici aktivliyi
Məntəqə seçki komissiyasında səsvermə prosesi zamanı apardığımız müşahidələr nəticəsində həqiqətən seçici aktivliyinin şahidi olduq. Səhər saatlarına və istirahət günü olduğuna baxmayaraq insanlar seçki məntəqələrinə gələrək öz vətəndaşlıq mövqeyini nümayiş etdirir, millət vəkili görmək istədiyi namizədə səs verirlər. Elə 20 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən şəxslər də seçici fəallığından, səsvermə prosesinin azad və ədalətli şəkildə keçdiyindən razılıqlarını ifadə edirlər.
Ana Vətən Partiyasından olan müşahidəçi Yeganə Qasımova da seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyir. O, bildirib ki, seçicilərin müstəqil şəkildə öz seçimlərini etməsi üçün hər bir şərait yaradılıb: "Biz də müşahidəçi olaraq seçkilərin gedişindən razıyıq. Hər bir vətəndaş seçki məntəqəsinə yaxınlaşaraq müvafiq prosedurdan keçdikdən sonra adını seçici siyahısında müəyyən edərək seçki bülletenini götürür və öz səsini verir. Şəxsən bir müşahidəçi kimi səsvermə prosesinin gedişindən razıyam. Seçkilər çox yaxşı keçir. Əminəm ki, səsvermənin nəticəsi olaraq ən layiqli namizəd qələbə qazanaraq Milli Məclisdə təmsil olunacaq".
Azərbaycan Veteranlar Cəmiyyətindən olan müşahidəçi Əlisahib Quliyev də seçki prosesindən razılığını bildirib: "Hər şey yüksək səviyyədə təşkil olunub. Vətəndaşlar da kütləvi şəkildə məntəqəyə gələrək öz seçimlərini edirlər". Əlisahib Quliyev deyib ki, bu seçkilər də əvvəlki seçkilər kimi demokratik qaydada baş tutacaq və şəffaf şəkildə keçiriləcək: "Hər bir Azərbaycan vətəndaşı buna əmindir. Parlament seçkiləri ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb etdiyi üçün vətəndaşlar da bu prosesdə aktiv iştirak edirlər".
Bitərəf müşahidəçi Sevil Nəbiyeva da səsvermə prosesində yüksək seçici fəallığının müşahidə edildiyi qənaətindədir. Onun sözlərinə görə, hər bir vətəndaş öz gələcəyini düşünərək bu prosesdə iştirak edir, parlamentdə görmək istədiyi namizədə səs verir: "Hələlik səsvermə prosesində heç bir problem qeydə alınmayıb. Hansısa problemin baş verəcəyi də mümkün deyil. Çünki müvafiq seçki qurumları bu prosesə yüksək səviyyədə hazırlaşıblar". Digər müşahidəçi Nəzakət Babayeva da seçkilərin yaxşı təşkil olunduğu, hər bir incə nüansın nəzərə alındığını vurğulayıb. Onun sözlərinə görə, parlament seçkilərinin azad və demokratik qaydada baş tutacağına heç kimin şübhəsi olmamalıdır: "Azərbaycan hər zaman istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərini yüksək səviyyədə həyata keçirib, azad, demokratik mühitdə reallaşdırıb. Hesab edirəm ki, bu da həmin seçkilərdən biri olacaq və seçkilər demokratik qaydada baş tutacaq".
Demokratik dəyərlərə sadiqlik
20 saylı Nərimanov ikinci Seçki Dairəsi üzrə də yüksək seçici aktivliyi müşahidə edilir. Məlumat üçün qeyd edək ki, sözügedən seçki dairəsi üzrə 33 seçki məntəqəsi mövcuddur. Bu seçki məntəqələri üzrə səs verəcək seçicilərin ümumi sayı isə 43990 nəfərdir. Seçki dairəsi üzrə müşahidə apardığımız bir neçə seçki məntəqəsində seçicilərin kütləvi şəkildə məntəqəyə gələrək səsvermədə iştirak etdiyinin şahidi olduq. Müşahidə apardığımız 20 saylı Nərimanov ikinci Seçki Dairəsinin 15 saylı məntəqəsində də seçici aktivliyi yüksək səviyyədədir. Məntəqədə Yeni Azərbaycan Partiyası tərəfindən seçki prosesini müşahidə edən Novruz İsmayılov deyir ki, hər seçkilərdə olduğu kimi bu dəfəki seçkilərdə də yüksək seçici aktivliyi müşahidə edilir: "Səhər saatlarından başlayaraq vətəndaşlar seçki məntəqəsinə gələrək öz səsvermə hüququndan istifadə edir. Məntəqədə seçicilərin səsverməsi üçün hər bir şərait yaradılıb. Vətəndaş seçki məntəqəsinə gələərək heç bir kənar müdaxilə olmadan öz seçimini edir, istədiyi namizədə səs verir". Novruz İsmayılov deyir ki, parlament seçkiləri azad və ədalətli, demokratik qaydada baş tutacaq: "Buna heç kimin şübhəsi olmasın. Çünki Azərbaycanın bu sahədə yetərli seçki təcrübəsi var. Bizim demokratik bir ölkə kimi inkişafımızı istəməyən bəzi antiAzərbaycan dairələrə bu bir dərs olacaq. Bununla bir daha dünyaya, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, seçkilər başlamadan əvvəl onun demokratikliyini şübhə altına alan dairələrə sübut etdirəcəyik ki, bizim ölkəmiz demokratik dəyərlərə sadiqdir". Novruz İsmayılovun sözlərinə görə, hər bir seçici ölkəmizin siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən seçkilərdə fəal iştirak etməli, öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdır.
Süleyman İsmayılbəyli