Parlament seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib
Bu, Azərbaycanın siyasi imicinə öz töhfəsini verəcək
1 Noyabr 2015 14:10 SiyasətNoyabrın1-də Azərbaycanda V çağırış Milli Məclisə seçkilər baş tutub. Səhər saat 8-00-dan etibarən ölkə ərazisində səsvermə prosesinə start verilib. Ölkənin Mərkəzi Seçki Komissiyası bildirib ki, 5 milyondan artıq insanın səs verməsi üçün Azərbaycanın bütün seçki məntəqələri parlament seçkilərinə tam hazır vəziyyətə gətirilib. Seçkilərdə 767 namizəd 125 deputat yeri uğrunda mübarizəyə qoşulub. Bu da hər dairəyə təqribən 6 namizəd deməkdir. Dairələrdə ən azı 3, ən çox isə 12 namizəd var. Seçkiləri 40 təşkilatdan 503-ü beynəlxalq və 66 mindən çox yerli olmaqla müşahidəçi izləyir. Seçkilərin keçirildiyi ilkin saatlardakı mənzərəyə əsasən deyə bilərik ki, ölkədə seçici fəallığı yüksək səviyyədə olub.
Müşahidə apardığımız 29 saylı Səbail Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunub. Seçicilər elə səhər saatlarından aktiv şəkildə səsvermədə iştirak ediblər. Seçki məntəqəsinin sədri İlhamə Məlikova bildirib ki, məntəqədə 1292 seçici qeydiyyatdadır. Saat 10:00-a olan məlumata görə, 98 nəfər səsvermədə iştirak edib. Yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilən səsvermədə hər hansı qanun pozuntusu qeydə alınmayıb. Məntəqədə eyni zamanda veb-kamera quraşdırılıb, "Els" təşkilatının nümayəndələri "exit-poll" tədqiqatı aparır". Məlumat üşün qeyd edək ki, sözügedən seçki məntəqəsində elə girişdəcə seçkilərin siyahısı əks olunan lövhə yerləşdirilib. Məntəqəyə daxil olan seçici rahat şəkildə adını taparaq səsvermə hüququndan istifadə edə bilirdi. Məntəqədə baş verən bütün proseslər veb-kamera vasitəsilə izlənirdi. Məntəqə sədri əlavə edib ki, bütün seçicilərin səsverməsi üçün normal şərait yaradılıb: "Heç bir təsir və yaxud təzyiq olmadan seçicilər səmimiyyətinə, işgüzarlığına inandığı namizədlərə səs verir. Məntəqədə səsvermə prosesinə hazırlıq işləri yüksək səviyyədə tamamlanıb və proses başlayıb. İnanıram ki, seçicilər parlament seçkilərində yüksək səviyyədə iştirak edəcək. Azərbaycan vətəndaşlarının konstitusiya ilə onlara verilən bu hüquqlarından necə istifadə etdiyini beynəlxalq müşahidəçilər də əyani şəkildə görəcəklər".
***
Qeyd edək ki, məntəqədə müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün də normal şərait yaradılmışdı. Bitərəf, qeyri-hökumət təşkilatları və müxtəlif partiyaları təmsil edən müşahidəçilər seçki məntəqəsində səsvermə prosesini rahat şəkildə izləyirdilər.Yeni Azərbaycan Partiyasının müşahidəçisi Sevil Musayeva bildirdi ki, səsvermə prosesinə start verilən andan aktivlik müşahidə olunur: "İndiyə qədər heç bir qanun pozuntusu müşahidə edilməyib. Seçicilər sərbəst şəkildə öz seçimlərini edərək istədikləri namizədə səs verirlər. Ümumi ab-hava deməyə əsas verir ki, seçkilər tam demokratik və şəffaf şəkildə keçirilir. Bitərəf müşahidəçi Rövşən Cavadov da seçkilərin normal şəraitdə davam etdiyini vurğuladı. Bildirdi ki, bu dəfəki parlament seçkiləri əvvəlki seçkilərdən bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, seçicilərin aktivliyi, onların səsverməsi üçün yaradılan şərait, bütün məntəqələrdə veb-kameraların quraşdırılması deməyə əsas verir ki, Azərbaycan iqtidarı demokratik və şəffaf seçkilərin keçirilməsində maraqlıdır: "Konkret 19 saylı seçki məntəqəsində də seçkilər tam demokratik şəkildə davam edir. Havanın soyuq və yağışlı olmasına baxmayaraq seçici aktivliyi müşahidə olunur". Seçicilərlə söhbətimizdə də eyni mənzərənin şahidi olduq. Belə ki, seçicilərlə apardığımız sorğular zamanı onlara hər hansı formada təsir göstərilmədiyi vurğulandı. Seçici Əbdül Məmmədli bildirdi ki, qeyri-normal hava şəraitinin olmasına baxmayaraq seçkilərdə iştirak etmək qərarına gəlib: "Mütləqdir ki, hər bir Azərbaycan vətəndaşı öz konstitusion hüququndan istifadə etsin. Seçkilərdə iştirak etmək də həmin hüquqlardan biridir. Səsvermə zamanı mənə heç bir formada təsir göstərilməyib. Sərbəst şəkildə seçicilərin etimadını doğruldacağına inandığım namizədə səs verdim. Amma onun adını açıqlamaq istəməzdim". Qeyd edək ki, müşahidə apardığımız bir neçə saat ərzində səsvermə prosesinin şəffaflığına mane ola biləcək hər hansı bir nöqsan aşkarlanmadı. Məntəqədə proses normal qaydada davam edirdi.
***
19 saylı Nərimanov birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində də seçkiyə hazırlığın yüksək səviyyədə təşkil olunduğunun şahidi olduq. Məntəqədə səs vermək üçün 1324 seçiciyə bildiriş göndərildiyini diqqətə çatdıran seçki məntəqəsinin sədri Elsevər Orucov qeyd edib ki, parlament seçkilərinə hazırlıqla bağlı bütün lazımi işlər nəzərdə tutulmuş vaxtda həyata keçirilib. Parlament seçkilərinə hazırlıq prosesi hələ oktyabrın 25-də tamamlanıb. Seçkilərə hazırlıq Mərkəzi Seçki Komissiyasının planına və təqvim planına uyğun keçirilib. Belə ki,
məntəqə bütün zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub, məntəqə səsvermə prosesini keçirməyə tam hazır vəziyyətə gətirilib: "Ümumiyyətlə noyabrın 1-də keçirilən parlament seçkilərində ölkədə 5 milyondan artıq insanın səs verməsi üçün bütün şərait yaradılıb. Seçicilərin rahat şəraitdə səs verməsi üçün də lazım olan hər şey həyata keçirilib. Konkret bizim seçki məntəqəsinə gəldikdə deyə bilərəm ki, seçicilərin səsverməsi üçün yaradılan şərait öz nəticəsini verməkdədir. Belə ki, məntəqədə seçicilərin fəallığı müşahidə olunur, vətəndaşlar sərbəst şəkildə səsvermədə iştirak edirlər. Məntəqədə proses normal qaydada davam edir". Yeni Azərbaycan Partiyasının müşahidəçisi Vaqif Mehdiyev isə bildirib ki, seçicilər səmimiyyətinə, işgüzarlığına inandığı namizədlərə səs verəcək: "Məntəqədə səsvermə prosesinə hazırlıq işləri yüksək səviyyədə tamamlanıb və proses başlanıb. İnanıram ki, seçicilər parlament seçkilərində yüksək səviyyədə iştirak edəcək. Azərbaycan vətəndaşlarının Konstitusiya ilə onlara verilən bu hüquqlarından necə istifadə etdiyini beynəlxalq müşahidəçilər də əyani şəkildə görəcəklər". Səsvermə prosesini izləyən bitərəf müşahidəçi Məmməd Əliyev də qeyd edib ki, səsvermə prosesinin şəffaflığına mane ola biləcək hər hansı bir nöqsan aşkarlanmayıb: "Səsvermə prosesi göstərir ki, vətəndaşların parlament seçkilərinə marağı artıb. Elə 15 siyasi partiyanın seçkilərdə iştirakı da bi fikri təsdiqləyir. Çünki səsvermədə seçkilərin aktivliyi müşahidə olunur. Məntəqə seçki komissiyalarının üzvləri də Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət göstərirlər. Müşahidəçilərin geniş səlahiyyətləri var və onlar seçkiləri əvvəldən axıra qədər müşahidə edə, nöqsanları qeyd edə bilərlər. Məntəqə seçki komissiyalarının üzvləri üçün geniş təlimlər keçirilib və onlar öz vəzifələrini yaxşı bilirlər. Elə bu səbəbdən də heç bir seçiciyə istiqamətverici hərəkətlər edilmir. Seçicilər sərbəst şəkildə istədikləri namizədə səs verirlər. Ümumiyyətlə səsvermə prosesində heç bir qanun pozuntusu müşahidə olunmayıb". Digər müşadəçilərlə apardığımız söhbət zamanı bəlli oldu ki, məntəqələrdə hazırlıq işləri yüksək səviyyədə aparıldığından səsvermə zamanı heç bir problem yaranmayıb". Seçici Müşfiq Babayev bildirib ki, artıq səsvermə hüququndan istifadə edib: "Heç bir maneə olmadan məntəqəyə daxil oldum. Şəxsiyyət vəsiqəmi təqdim etməklə səsvermə hüququmdan yararlandım. Səsvermə zamanı mənə maneə olan, yönəldici təkliflər edən olmadı. Beləliklə, istədiyim namizədə səs verdim. Hesab edirəm ki, səsvermə şəffaf və demokratik şəraitdə keçirilir". Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər seçki təcrübəsi var. Üstəlik seçkidən seçkiyə bu təcrübə təkmilləşdirilir: "Azərbaycanda keçirilən istənilən seçki beynəlxalq standartlara cavab verir. Seçkilərin demokratk və şəffaf başa çatması üçün Azərbaycan bütün eli-texniki yeniliklərin tətbiqinə üstünlük verir. Təsəvvür edin ki, hazırda istənilən şəxs MSK-nın saytına daxil olmaqla məntəqələrdəki seçki prosesini izləyə bilir. Məlumata görə, ilbəil seçki məntəqələrində quraşdırılan kameraların sayı artırılır. Bu isə seçkilərin demokratik və şəffaf keçirilməsinə şərait yaradır". Seçici Gülnarə Məmmədova bildirib ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərin şəffaflığına birbaşa dəlalət edir: "Seçki məntəqəsində veb- kameraların quraşdırıldığını gördük. Məlumata görə, seçki günü bu kameralar vasitəsi ilə videolar birbaşa internetdə yayımlanır. Yəni istənilən şəxs məntəqəyə getmədən canlı olaraq seçkinin gedişini izləyə bilir. Yeni texnologiyaların belə formada istifadəsi seçkilərin obyektivliyi və şəffaflığı üçün çox vacib amildir. Düşünmürəm ki, belə bir şəraitdə kimsə seçki saxtakarlığına cəhd göstərsin. Belə şərait həm seçicilərin, həm də məntəqə seçki komissiyası üzvlərinin də qanuni fəaliyyətinə şərait yaradır. Daha konkret mümkün olmur ki, kimsə hansısa namizədin xeyrinə kütləvi şəkildə səs versin, seçki qutularına kütləvi şəkildə bülletenlər salınsın. Şəxsən mən səs verən zaman heç bir problemlə üzləşmədim, sərbəst şəkildə istədiyim namizədə səs verdim. Ümumi müşahidəm ondan ibarət oldu ki, seçkilər ədalətli, şəffaf və demokratik ab-havada keçirilir".
***
Yeri gəlmişkən qeyd edək ki, seçki məntəqələrində yüksək keyfiyyətli 1000-dən çox veb-kamera quraşdırılıb. 66 mindən artıq müşahidəçi qeydə alınıb və onların normal fəaliyyəti üçün bütün şərait yaradılıb. Müşahidəçilər arasında nüfuzlu yerli və beynəlxalq təşkilatların nümayəndələri də var.Yuxarıda qeyd edilən fikirlər isə deməyə əsas verir ki, seçkilər dövlətin demokratiyanın əsas atributlarından hesab edilən seçki hadisəsinə münasibətini göstərməklə yanaşı, Azərbaycanın hüquqi dövlət quruculuğu və siyasi plüralizm istiqamətində keçdiyi inkişaf yolunu da düzgün qiymətləndirməyə imkan verir. Şübhə yoxdur ki, bu parlament seçkiləri də Azərbaycanın müsbət siyasi imicinə uyğun olacaq və demokratik siyasi sistemin inkişafına öz töhfəsini verəcək.
Alim