Beynəlxalq müşahidəçilər seçkilərin gedişindən razıdırlar
1 Noyabr 2015 12:40 SiyasətAzərbaycanda parlament seçkiləri seçicilərin fəallığı şəraitində davam edir. Bunu 19 saylı Nərimanov birinci seçki dairəsinin bir neçə seçki məntəqələrində olan beynəlxalq müşahidəçilər -Mərkəzi Asiya Sakit Okean Demokratlar İnternasionalının (CAPDİ) müşahidə missiyasının üzvləri Ervin Aksa və Yasril Ananta Baharuddin qeyd edib və seçkilərin gedişindən razı olduqlarını bildiblər. Ervin Aksa deyib ki, səs verənlər məntəqələri razılıq hissi ilə tərk edirlər. Bunun başlıca səbəbi seçkilərin şəffaf və demokratik keçməsidir: "Biz insanların seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdiklərinin şahidi olduq. Vətəndaşlar öz səsvermə hüququndan istifadə edərək istədiyi namizədi dəstəkləmək üçün məntəqələrə gəlirdilər". Yasril Ananta Baharuddin isə qeyd edib ki, baş çəkdiyimiz məntəqələrdə seçki prosesi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir: "Həmin məntəqələrdə nizam-intizam hökm sürürdü. Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq".