Nərimanov rayonunda səsvermə prosesi yüksək səviyyədə təşkil olunub
1 Noyabr 2015 10:58 Siyasət
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə start verilib. Seçki-2015.az saytının məlumatına görə, ölkə ərazisinin dairələr üzrə bütün seçki məntəqələrində olduğu kimi, 19 saylı Nərimanov birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində də səsvermə prosesi saat 08:00-dan başlayaraq 19:00-dək davam edəcək.
Seçki məntəqəsinin sədri Elsevər Orucov qeyd edib ki, məntəqədə səs vermək üçün 1324 seçiciyə bildiriş göndərilib.
Onun sözlərinə görə, bu proses oktyabrın 25-də başa çatıb.
Məntəqənin bütün zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunduğunu deyən E.Orucov səsvermə prosesini keçirməyə tam hazır olduqlarını bildirib.

Yeni Azərbaycan Partiyasının müşahidəçisi Vaqif Mehdiyev isə bildirib ki, seçicilər səmimiyyətinə, işgüzarlığına inandığı namizədlərə səs verəcək: "Məntəqədə səsvermə prosesinə hazırlıq işləri yüksək səviyyədə tamamlanıb və proses başlayıb. İnanıram ki, seçicilər parlament seçkilərində yüksək səviyyədə iştirak edəcək. Azərbaycan vətəndaşlarının konstitusiya ilə onlara verilən bu hüquqlarından necə istifadə etdiyini beynəlxalq müşahidəçilər də əyani şəkildə görəcəklər".
Qeyd edək ki, bundan başqa Hamlet Cəbiyev, Nizami Qasımov, Məmməd Əliyev və Günəş Həsənova müstəqil müşahidəçi kimi 13 sayı seçki məntəqəsində səsvermə prosesini izləyirlər.
Bildirilib ki, səsvermə prosesinin şəffaflığına mane ola biləcək hər hansı bir nöqsan aşkarlanmayıb. Məntəqədə proses normal qaydada davam edir.