“Exit-poll” keçirən daha bir təşkilatdan ilkin açıqlama

118 dairədə 500 müşahidəçi ilə parlament seçkilərində "exit-poll" keçiririk. Bunu Trend-ə Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə parlament seçkilərində "exit-poll" keçirən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Elçin Salmanov deyib.

E.Salmanov qeyd edib ki, hazırda Abşeron rayonu ərazisindədir: "Təkcə mən özüm 45 seçki məntəqəsində seçkiləri müşahidə edəcəm. Ümumilikdə isə Bakı və Sumqayıt şəhərlərində 300 müşahidəçi ilə seçkiləri müşahidə edirik. Proses artıq başlayıb və çox yüksək səviyyədə davam edir".

Təşkilat rəhbəri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün ərazilərində "exit-poll" keçirəcəklər.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 501 beynəlxalq və 63 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00