Mirvari Fətəliyeva: Seçkilərdən sonra Azərbaycan–Fransa əlaqələri daha da inkişaf edəcək

"Noyabrın 1-də parlament seçkiləri Azərbaycanda demokratik dövlət quruculuğu prosesində önəmli addım olacaq. Bunu qəbul etmək istəməyən qüvvələr erməni lobbisi ilə əlbir hərəkət edir və Azərbaycana qarşı təzyiqlərdə xüsusi fəallıq göstərirlər".  Bu fikirləri Secki-2015.az saytına Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən "Azərbaycan  Evi"nin  rəhbəri Mirvari Fətəliyeva bildirib.

Diaspor nümayəndəsi qeyd edib ki, bu gün Qərbi Avropanın bir sıra dövlətlərində, o cümlədən, Fransa və Almaniyada  şəbəkələşmiş erməni lobbisi fəaliyyət göstərir: "Onların əsas missiyası Azərbaycanın siyasi imicinə xələl gətirmək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaq və azərbaycanlılar haqqında mənfi fikirlər formalaşdırmaqdır. Sözsüz ki, Parisdə öz fəaliyyətimizlə erməni təbliğatının qarşısını almaqda fəallıq göstəririk. Lakin, ermənilərin 150 ildən çoxdur ki, burada kök salmış diasporu və lobbisinin Avropanın bir sıra siyasətçilərinə təsiri danılmazdır".

M. Fətəliyeva seçki prosesi öncəsi bəzi ölkələrin siyasətçilərinin Azərbaycan dövləti ilə uzlaşmayan baxışlarına da münasibət bildirib: "Düşünmürəm ki, Azərbaycana olan təzyiqlər demokratiya təbliğatına xidmət edir. Bu təzyiq əslində, Azərbaycan dövlətinin regionda güclənən siyasətini qəbul etməmək, ölkəmizin geostrateji mövqedə yerləşməsini əsas tutaraq idarəçilik sükanını ələ almaq istəyindən qaynaqlanır. Burada erməni lobbisinin canfəşanlığı başadüşüləndir. Çünki, güclü Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi deməkdir. Təəssüf ki, bəzi avropalı siyasətçilər bu sahədə erməni lobbisi ilə asanlıqla işbirliyinə gedirlər".

Qurum rəhbəri qeyd edib ki, noyabrın 1-də  Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Fransadan Azərbaycana ictimai-siyasi sektoru təmsil edən nümayəndələr gələcək.

"Azərbaycanı Fransada istəyən, dəyərləndirən kifayət qədər ictimai xadimlər, politoloqlar var.  Əminik ki, Azərbaycan -Fransa əlaqələri seçkilərdən sonra daha əzmlə inkişaf edəcək və ölkələrimizin ikitərəfli əlaqələrinin artmasında mühüm rol oynayacaq",- deyə M. Fətəliyeva əlavə edib.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00