Müsavatın bu qərarı həm imza verənlərə, həm də partiyanın öz üzvlərinə hörmətsizlikdir
30 Oktyabr 2015 14:00 Siyasət"Müsavat Partiyasının seçkilərdən imtina etməsindən nə qazanacağını özlərindən başqa heç kim bilmir. Bu çox yanlış bir qərardır". Bu fikirləri "OLAYLAR"-a "Ağ Blok"un üzvü Emin Məmmədli səsləndirib. Bildirib ki, Müsavatın son anda seçkilərdən geri çəkilməsi həm imza verənlərə, həm də partiyanın öz üzvülərinə hörmətsizlikdir: "Çünki namizədlər həm maddi, həm də mənəvi xərc çəkiblər. Təbii ki, namizəd olub-olmamağımızdan asılı olmayaraq əziyyətimiz təmənnasızdır. Amma məsələ burasındadır ki, heç olmasa imza toplama zamanı geri çəkiləydilər və bu qədər də çətinlik yaranmazdı. Məncə seçkiyə 2 gün qalmış belə bir qərarın verilməsi mənasızdır". Emin Məmmədlinin sözlərinə görə, boykot o vaxt effektli olur ki, nəticəni dəyişir: "Amma 1998, 2008 və 2009 seçkiləri onu göstərir ki, müxalifət hələ bu gücdə deyil".