Müsavatın pozuculuq fəaliyyəti nəyə hesablanıb?

Anar Axundzadə: “Biabırçı məğlubiyyətlə gündəmə gəlməkdənsə, belə ucuz şou ilə özlərinə bəraət qazandırmağa çalışırlar”

Azərbaycan yenə də hədəfdədir. Adəti üzrə ölkədə mühüm siyasi hadisə və ya beynəlxalq miqyaslı mədəni-kütləvi tədbir keçirilən ərəfədə Azərbaycana qarşı təzyiq vasitəsi işə düşür. Özü də mərhələli şəkildə. Startı Avropada verilən, kulminasiyası okeanın o tayında davam edən, finalı isə ölkə daxilində sonuclanan bu prosesdə qarşıya qoyulan yeganə hədəf Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, ona ləkə gətirməkdir. Necə ki, Birinci Avropa Oyunları və ondan əvvəl ölkədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər zamanı bu mənfi tendensiya baş verdi, bu gün də eyni proses müşahidə edilir. AntiAzərbaycan şəbəkənin bu dəfəki hədəfi və qarşısına qoyduğu başlıca məqsəd noyabrın 1-də ölkədə keçiriləcək parlament seçkiləri barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq, seçkilərin demokratikliyinə şübhə yaratmaqdır. Hər halda parlament seçkilərinə rəsmən start verilən gündən Azərbaycana qarşı yönələn təzyiqlər belə deməyə əsas verir. Yenə də eyni ssenari davam edir. Avropa Parlamentinin məlum qətnaməsi, ATƏT DTİHB-in seçkiləri müşahidədən imtina etməsi, Birləşmiş Ştatlarda Azərbaycanda insan haqlarının vəziyyətinə dair təşkil edilən dinləmə və sonda bu dairələrin maraqlarına xidmət edən siyasi partiya və təşkilatların seçkilərdə iştirakdan imtina etməsi. Hər halda Müsavat Partiyasının ötən gün parlament seçkilərində iştirakdan imtina etməsi belə deməyə əsas verir.

***

Məlum olduğu kimi noyabrın 1-də baş tutacaq parlament seçkilərində Müsavat Partiyası öz iştirakının dayandırılması və partiyanın qeydə alınmış namizədlərinin geri çağırılması barədə qərar verib. Sözügedən partiya iddia edib ki, belə bir addımın atılmasına səbəb seçki ərəfəsində qeyri-demokratik mühitin mövcud olmasıdır. Bu səbəbdən partiya seçkilərdə iştirakdan geri çəkilir.

Göründüyü kimi, partiya hər zaman olduğu kimi bu dəfə də irəli sürdüyü mülahizələr və ortaya qoyduğu əsaslandırmalarda qeyri-səmimidir. Sual oluna bilər ki, nə üçün.

Birincisi, seçkilərə start verilən gündən Müsavat Partiyasının məlum qərarı qəbul edən tarixə qədər seçkilərin antidemokratik keçiriləcəyinə dəlalət edən heç bir hadisə baş verməyib. Əksinə seçki prosesi dövründə ortaya çıxan müəyyən xırda problemlər dərhal müvafiq qurumlar tərəfindən aradan qaldırılıb. Yəni, mənfiyə doğru dəyişən heç nə yoxdur. Deməli Müsavat Partiyasının irəli sürdüyü əsaslandırma kökündən yanıışdır. Əgər seçki mühiti doğurdan da Müsavat Partiyasının iddia etdiyi kimi antidemokratikdirsə, onda müsavatçılar bu antidemokratikliyi namizədliklərin irəli sürülməsi, imzaların toplanması zamanı niyə görmürdülər. Bu minvalla onda gərək Müsavat Partiyası heç namizəd irəli sürməzdi.

İkincisi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, demokratik seçki mühitinin yaradılmasını tələb edən Müsavat Partiyası əslində özü son addımı ilə seçki qanunvericiliyinin tələblərini pozmuş olur. Belə ki, Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir. Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən isə seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır. Müsavat  Partiyasının bu barədə  qərarının  məhz cari ilin noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə 10 gündən az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, həmçinin keçiriləcək seçkilərə şüurlu olaraq əngəllər törətmək cəhdidir. Onu da qeyd etmək yerinə düşər ki, seçki prosesinə təkcə Müsavat Partiyası deyil, eləcə də seçki subyekti olmayan, seçki prosesində ümumiyyətlə  iştirak etməyən və namizəd qeydə aldırmaq hüququna malik olmayan NİDA Vətəndaş Hərəkatı da mane olmağa çalışır. Seçki təcrübəsinə mənfi təsirsiz ötüşməyən belə neqativ addımlar onlar tərəfindən davamlı olaraq atılmaqdadır. Bütün bu hərəkətlər onu sübut edir ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin qanunun tələblərinə uyğun olaraq keçirilməsi Müsavat Partiyasının və NİDA Vətəndaş Hərəkatının maraqlarına cavab vermir. Eyni zamanda onların xaricdəki ağalarının istəyinə uyğun gəlmir. Ona görə də təxminən bir ay bundan əvvəl başlanan antiAzərbaycan kampaniyasının Avropa və Amerikadan sonra icrası indi də daxildə Müsavat Partiyasının əli ilə davam etdirilir.

***

Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili Anar Axundzadə hesab edir ki, Müsavat Partiyasının bu qərarı əslində məlumun elanıdir. Anar Axundzadənin sözlərinə görə, Müsavat Partiyası Azərbaycanda iflasa uğramış bir siyasi təşkilat olduğunu coxdan anlayıb: "Belə bir qərar əslində onlar ücün ağıllı qərar sayılır. Çünki bir daha biabırçı məğlubiyyətlə gündəmə gəlməkdənsə, belə ucuz şou ilə özlərinə bəraət qazandırmağa çalışırlar. Eyni zamanda ən azından seçki müddətində gündəmdə qalmaq istəyirlər". Anar Axundzadə deyir ki, hər hansı bir xarici təşkilatin Müsavat Partiyasına göstəriş verəcəyinə də inanmır: "Artıq antiAzərbaycan xarici təşkilatlar da Müsavata etimadlarını tamamilə itiriblər. Yəqin onlar da, yeni bir partiya axtarışındadırlar. Amma bu gün antiAzərbaycan xarici təşkilatlar açıq söyləməsələr də, onlar da Azərbaycan xalqı ilə Azərbaycan Prezidentinin birliyini və hakim partiyanın tam şəffaf şəkildə qələbə çalacağını anlayırlar. Arzu edərdim ki, Azərbaycanda fəaliyyətdə olan digər müxalif mövqedə dayanan partiyalar da çox sevdikləri demokratiyanın tələblərinə uysunlar və qalib gələni təbrik etmək cəsarətini özlərində tapsınlar. Hər halda bu onlara baş ucalığı gətirər. Nəinki, belə ucuz şoular göstərmək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00