Oqtay Əsədov avstraliyalı deputatları qəbul edib
30 Oktyabr 2015 11:24 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Avstraliya İttifaqı Parlamentinin nümayəndə heyətini qəbul edib. MM-dən verilən məlumata görə, sədr bildirib ki, ölkəmiz Avstraliya ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Əməkdaşlığı genişləndirmək üçün potensial imkanlar mövcuddur. Milli Məclisin Sədri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dəvəti qəbul etmiş Avstraliya tərəfinə öz minnətdarlığını bildirib. Spiker müstəqil Azərbaycanın V çağırış Milli Məclisinə seçkilərin azad və demokratik keçirilməsi üçün görülən işlərdən söz açıb. Bildirilib ki, bu məqsədlə ölkədə lazımi hüquqi baza yaradılıb. Prosesin şəffaflığını təmin etmək üçün 125 dairənin mindən çox məntəqəsində veb-kameralar quraşdırılıb. Seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə bütün lazımi işlər görülüb. Spiker Avstraliya nümayəndə heyətinin bu səfərini müsbət dəyərləndirərək, parlamentlər səviyyəsində əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə inamını bildirib. Qonaq parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafına müsbət təsir göstərəcəyinə diqqət çəkərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təcrübə və informasiya mübadiləsi baxımından yüksək qiymətləndirib.