Gürcüstanlı ekspert: "Azərbaycandakı seçkilər region üçün strateji əhəmiyyətə malikdir"
30 Oktyabr 2015 07:28 Siyasət"Seçkilər" Media Mərkəzi- "Noyabrın 1-də Azərbaycanda keçiriləcək seçkilər təkcə ölkəniz üçün deyil, bütün region üçün strateji əhəmiyyətə malikdir". Bunu Seçki-2015.az saytına açıqlamasında Gürcüstan parlamentinin keçmiş üzvü, politoloq Ramin Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanı sevməyən qüvvələrin və ölkə daxilindəki "5-ci kolon"un bu seçkilərə kölgə salmaq cəhdləri baş tutmayacaq: "Hazırda Azərbaycanı idarə edən komandanın qələbəsi ölkənizin müstəqilliyinin güclənməsi və inkişafı istiqamətində böyük stimul verəcək. Bəzi qüvvələr Azərbaycanın inkişafı etdiyini görmək istəmir. Buna görə də müxtəlif istiqamətlərdən təzyiqlər etməyə cəhd edirlər. Hesab edirəm ki, Azərbaycan seçicisi seçkilərdə öz güclü iradəsini ortaya qoyacaq".
R. Bayramov Azərbaycanın seçki təcrübəsini Cənubi Qafqaz regionu üçün əsas nümunə adlandırıb: "Demokratiya və şəffaflığa əsaslanan bu seçki təcrübəsi nə Gürcüstanda, nə də Ermənistanda var. Ermənistanda demokratiyadan ümumiyyətlə danışmaq mümkün deyil".
Ekspert noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin demokratiya və şəffaflıq baxımından nümunə olacağını qeyd edib.