Politoloq Arkov seçkilər haqqında: "Bu, çox yaxşı təcrübədir"
30 Oktyabr 2015 07:27 Siyasət"Seçkilər" Media Mərkəzi - "Müasir Azərbaycanda seçkilərin keçirilməsi təcrübəsi ölkə rəhbərliyinin demokratik dəyərlərə sədaqətini göstərir". Bunu Secki-2015.az saytına açıqlamasında "Politrus.com" saytının rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib.
Politoloq Qərbin bəzi qüvvələri tərəfindən seçki öncəsi Azərbaycana qarşı qarayaxma cəhdlərinə də münasibət bildirib: "Hazırkı siyasi şəraitdə seçki prosesinin monitorinqi ilə məşğul olan təşkilatların nümayəndələri Qərbdə bəzi dairələrin Azərbaycanda keçiriləcək seçkilərin şəffaflığına kölgə salmağa cəhdlər edirlər. Çox vaxt bu qüvvələr öz bəyanatlarını dəqiq arqumentlərlə əsaslandıra bilmirlər. Bu da əsl məqsədin Azərbaycana siyasi təzyiq cəhdi olduğunu sübut edir".
V. Arkov qeyd edib ki, ötən seçkilərdə Milli Məclisin tərkibinə üç əsas partiya daxil oldu: "Digər deputatlar isə bitərəfdirlər. Bu, çox yaxşı təcrübədir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 15 siyasi partiya və 7 partiyanın daxil olduğu siyasi blok qatılıb. Bütün bunlar bir çox Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda demokratiyanın inkişaf etməsinə əyani sübutdur. Halbuki, öz daxilində demokratiyanın olmadığı bir çox Qərb dövləti postsovet ölkələrindən demokratiya tələb edirlər. Özləri isə utanmadan demokratiyanı tapdalayırlar".