MSK xüsusi bəyanat yayıb

"Seçkilər" Media Mərkəzi- Milli Məclisə seçkilərdə Müsavat  Partiyasının və NİDA Vətəndaş  Hərəkatının iştirakdan imtina etməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bəyanat yayıb. Bəyanatda deyilir: "2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Müsavat partiyası öz iştirakının dayandırılması və partiyanın qeydə alınmış namizədlərinin geri çağırılmasının həmin namizədlərin  mülahizəsinə verilməsi barədə qərar qəbul olunub.

Bildiririk ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 154.1-ci  maddəsinə əsasən siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən isə seçki bülletenləri  Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi  altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır.

Müsavat  Partiyasının bu barədə  qərarının  məhz cari ilin noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə 10 gündən  az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin  pozulması ilə yanaşı, həmçinin keçiriləcək seçkilərə şüurlu olaraq əngəllər  törətmək kimi qiymətləndirilir. Səsvermə prosesində seçicilərin çaşdırılmasına xidmət edən bu addım seçki subyekti olmayan, seçki prosesində ümumiyyətlə  iştirak etməyən və  namizəd qeydə aldırmaq hüququna malik olmayan NİDA Vətəndaş Hərəkatının belə bəyanat verməsi ilə daha da qabarıq ortaya çıxmışdır. Təəssüflər olsun ki, seçki təcrübəsinə mənfi təsirsiz ötüşməyən belə neqativ addımlar onlar tərəfindən davamlı olaraq atılmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək  seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunması da Müsavat Partiyası  tərəfindən irəli sürülmüşdür.

Halbuki, bu təklifi irəli sürənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 84-cü maddəsinin ll hissəsinə uyğun  olaraq, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir və onun iddia edilən  müddətə və əsaslarla təxirə salınması qaydası seçki qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır.

Bütün bu hərəkətlər onu sübut edir ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin qanunun tələblərinə uyğun olaraq keçirilməsi Müsavat  Partiyasının və NİDA Vətəndaş Hərəkatının maraqlarına cavab vermir".

Secki-2015.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00