Rusiyalı jurnalistlər Xəzər seçki dairəsində seçkilərə hazırlıq prosesini izlədilər

Rusiyanın "Vestnik Kavkaza" analitik-informasiya portalı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq prosesindən reportaj hazırlayıb. Secki-2015.az saytı xəbər verir ki, rusiyalı reportyorlar 14 saylı Xəzər seçki dairəsində seçkilərə hazırlıq prosesi ilə tanış olublar. "Vestnik Kavkaza" portalının reportajında qeyd olunur ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin deputatı Mehriban Əliyeva namizədliyini bu dairədən irəli sürüb. Reportajda bildirilir ki, Xəzər rayonuna paytaxtın əsas qəsəbələri daxildir: "Ötən seçkilərdə saat 15:00-a qədər bu rayonda seçicilərin 82 faizi səs vermişdi. Rayonun hər bir qəsəbəsində seçki məntəqələri fəaliyyət göstərir. Onlar seçici siyahılarının hazırlanmasını ciddi şəkildə həyata keçirirlər. Əgər hansısa seçici öz adını siyahıda tapmazsa, məsələ əlavə siyahıların köməyi ilə dərhal həll olunur". Məntəqə nümayəndələri qeyd edirlər ki, rayonda ilk dəfə səsverənlərə Mərkəzi Seçki Komissiyası tərəfindən bloknot, qələm və digər rəmzi hədiyyələr təqdim olunur. Reportajda seçki prosesinin şəffaf şəkildə həyata keçirildiyi diqqətə çatdırılır: "Seçki məntəqələrində təbliğat-təşviqatla bağlı lövhələrin qurulmasına icazə yoxdur. Lakin xüsusi quraşdırılmış tabloda bütün namizədlərin şəkilləri var. Hər bir məntəqədə necə səs verməklə bağlı təlimat lövhələri asılıb. Həmçinin məntəqələrdə bülletenlərin saxlanıldığı seyflər mövcuddur. Bu seyfləri yalnız məntəqə sədrləri aça bilər". "Əgər kimsə səs vermək üçün məntəqəyə gələ bilmirsə, o zaman, xüsusi qruplar fəaliyyətə başlayır. Adətən evlərdə hər dairə üzrə 7-8 seçici səs verir. Onlar əsasən məntəqəyə gələ bilməyən ahıllara və sağlamlıq imkanları məhdud olan insanlara evlərində xidmət göstərirlər. Mətbuat nümayəndələri seçki günü məntəqələrdə siyasi prosesi azad şəkildə izləyə bilərlər. Seçki dairəsində müşahidəçilər üçün xüsusi yerlər ayrılıb",- reportajda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00