Parlament seçkisini geopolitik seçim prosesinə çevirənlər
Və ya Devid Kramerin yarımçıq etirafları
29 Oktyabr 2015 16:16 Siyasətİki gün sonra baş tutacaq parlament seçkiləri ilk baxışdan Azərbaycanın müstəqilliyi dövründə keçirilmiş respublika səviyyəli 15 seçkidən biridir. Amma texniki gedişat baxımından ənənəvi olsa da, bu seçkilər dövründə siyasi müstəvidə məxsusi nüansların mövcudluğu diqqəti çəkir. İlk sırada gələn məsələ ATƏT-lə yaşanan gərginlik, qurumun Demokratik Təsisatalar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən seçkilərin müşahidəsindən imtina etməsidir. Avropa məkanının təhlükəsizliyini və bölgə dövlətlərinin əməkdaşlığını təmin etmək üçün qurulmuş ATƏT-in rəsmən elan edilmiş missiyası ilə yanaşı, böyük güclərin əlində Avropa məkanını, ümumilikdə dünyanı yönləndirmək üçün qurulmuş vasitəçi mexanizmlərdən biri olduğu sirr deyil. Xüsusən ABŞ-ın əlində bir alətə çevrildiyi şübhə doğurmayan bu qurumun asılılığında olduğu dövlətin hegemonluğunu təmin etmək yolunda hansı vasitələrə əl atdığı aşkar görünür. Məsələn, sənədlərlə isbat edildi ki, ilkin danışıqlarda Azərbaycandakı 2015-ci ilin parlament seçkilərini müşahidə etmək barədə razılığa gələn ATƏT DTİHB bu razılaşmadan ABŞ-ın təzyiqi ilə imtina edib. Siyasi analitiklər imtina qərarının Nyu-Yorkda ATƏT DTİHB-in direktoru Maykl Linklə ATƏT PA-nın baş katibi Oliver Spenser arasında baş tutan görüşdən sonra verilməsini təsadüfi saymırlar. O da aşkarlandı ki, ABŞ dünyanın hər bir yerində olduğu kimi, Cənubi Qafqaz regionunda da geosiyası maraqlara malikdir və bu maraqları təmin etmək üçün sistemli çalışan mexanizm qura bilib. Regionun lider dövləti sayılan Azərbaycanı bu maraqların icraçısına çevirmək üçün qurulan oyunların bariz nümunəsi isə əvvəlcə "Avroviziya" mahnı müsabiqəsi, daha sonra Bakı I Avropa Oyunları zamanı ortaya çıxdı. Beynəlxalq statuslu QHT-lər, beynəlxalq statuslu dövlətlərarası təşkilatlar, transmilli KİV-lərdən təşkil edilmiş şərləmə şəbəkəsi tam gücü ilə ölkəmiz üzərinə yönləndirildi. İnsan hüquqları, ifadə azadlığı mövzularını əldə şüar edib anti-Azərbaycan kampaniyaları təşkil edən bu şəbəkə Beynəlxalq Olimpiya Komitəsini Bakı Oyunlarını boykot etməyə çağırmaqdan başlamış, Azərbaycan hakimiyyət təmsilçilərinin Avropaya çıxışını yasaqlayan sanksiyaların tətbiqinə qədər ən müxtəlif təkliflər paketi hazırladı. Bənzər hadisələrin 2015-ci ilin parlament seçkiləri ərəfəsində də təkrarlanacağı gözlənilən idi. Bu baxımdan ATƏT DTİHB-nin Azərbaycanda parlament seçkilərini müşahidədən imtina etməsinin arxasında hansı qüvvənin dayandığını axtarmağa gərək qalmadı.
Ötən illərdə baş verənlər yardım edib ki, bu şəbəkənin fəaliyyət mexanizmləri barədə tam təsəvvür yaransın. Haradan başlayıb haraya qədər gedəcəklərini, hansı məqamda hansı texnologiyadan istifadə edəcəklərini öncədən planlaşdırmaq artıq çox asandır. Öncə transmilli KİV-lərdə məqalələrin dərc edilib Azərbaycan barədə qeyri-obyektiv, neqativ rəy formalaşdırılacağı gözlənilirdi. Bu, baş verdi. "2015-in Parlament seçkilərindən nə gözləyək?" başlığı ilə dərc edilən və adından fərqli olaraq, parlament seçkisindən başqa hər şeyə toxunan, Azərbaycanı qara rəngdə göstərən məqalə simvolik dəyişikliklərlə kopyalanıb əksər ABŞ yönlü KİV-lərdə dərc edildi. KİV-lərin ardınca beynəlxalq statuslu ABŞ yönlü QHT-lərin prosesə qatılacağı gözlənilirdi. Bu da baş verdi. "Human Rights Watch" və "Freedom House"un dirijor çubuğu ilə yönləndirilən ABŞ yönlü QHT-lər prosesə qatıldılar. Sonda ABŞ Senatının "bu işə laqeyd qalmayacağı" gözlənilirdi. Bu da gerçək oldu. Təsirlərində olan ölkəiçi müxalifətin seçkiləri boykot qərarları verməsindən başlamış, Milli Məclisin yeni tərkibinin beynəlxalq aləmdə tanınmaması üçün cəhd göstərəcəklərinə qədər çalışacaqları da gözləntilər sırasındadır.
Amma bu qədər aydınlığın içində sona qədər açılmayan iki sual var: ABŞ Azərbaycandan nə istəyir; bu qədər maxinasiyalar qurmaqla, parlament seçkilərinin boykotuna çalışmaqla Azərbaycanı nəyə sövq etməyi planlayır? İkinci, Azərbaycan bu təzyiqlər qarşısında hansı məqama qədər duruş gətirə bilər?
Parlament seçkiləri ərəfəsində müəyyənləşən məqamlardan biri də budur ki, ABŞ-ın marağı heç də ədalətli seçkilər keçirilməsinə yardım göstərilməsi, insan hüquq və azadlıqlarının dəstəklənməsi deyil. Məqsəd Azərbaycanı geopolitik seçim anında öz yanında saxlamağa məcbur etmək, seçim anında milli maraqların yox, ABŞ maraqlarının müdafiəçisi etməkdir. Bir sözlə, 2015-in parlament seçkilərini geopolitik seçim prosesinə çevirmək istəyi sezilir ABŞ-ın hərəkətlərindən. İstək özü yeni olmasa da, məcburetmə mexanizmlərində modernləşmə çıxıb ortaya. Bakı I Avropa Oyunları zamanı Qərb texnoloqları açıq tekstlə yazırdılar ki, bu oyunlara Azərbaycan hakimiyyətini öz istəklərinə uyğunlaşdırmaq üçün yaranmış fürsət kimi baxırlar. Bu cür hallar barədə elmi-ideoloji tezislər də hazırlamışdılar. Yazırdılar ki, beynəlxalq diqqəti bir ölkə üzərində cəmləmək üçün populyar idman, musiqi yarışlarının həmin ölkədə kecirilməsindən yaxşı fürsət ola bilməz. İlk mərhələ, yəni diqqət çəkimi tamamlanınca, hədəf ölkədə insan haqları, demokratiya barədə həyəcanverici siqnallar yaymaq kifayət edir ki, diqqət mərkəzinə gəlmiş bu ölkə beynəlxalq təzyiqlə üzləşib, istəklər qarşısında ram olsun.
Beləcə, "Avroviziya" və Bakı I Avropa Oyunlarından sonra Azərbaycan indi də parlament seçkiləri ilə diqqət mərkəzindədir. Ənənəvi texnologiyaya uyğun olaraq, seçki ərəfəsində gərginlik yaradıb, Azərbaycanı ram etmək istəyi də baş qaldırıb və son günlər ortaya çıxan hadisələri də bu prizmadan araşdırmaqla həqiqət yoluna çıxmaq mümkündür. 28 oktyabrda ABŞ Senatında keçirilməsi planlaşdırılmış Azərbaycan üzrə dinləmələrin təşkilatçılarından biri, məşhur "Freedom House"un sabiq direktoru Devid Kramerin az öncə yayılmış müsahibəsi ABŞ-ın Azərbaycan ətrafında qurmağa çalışdığı torun mahiyyəti barədə çox dəqiq təsəvvür yaradır. Kramer öz maraqlarını ifadə edərkən ortadakı reallıqlar barədə həqiqət izini itirmək üçün uzun danışıb. Amma bu uzun nitqi səbirlə oxuyanda, ayrı-ayrı cümlələrin arasında gizlədilməyə çalışılan həqiqətləri tapmaq mümkündür. Bu baxımdan, onun nitqi, istəyinin əksinə olaraq, həm də həqiqətlərin etirafıdır, yarımçıq etiraflar olsalar belə. Kramer deyir: "Azərbaycanın çətin qonşuları var. O, Rusiya və İranla birgə mövcud olmalıdır və bunu dəyişə bilməz. Buna baxmayaraq, o, Qərbi seçməlidir... Bakıdakı hökumət Ukraynadakı hadisələri görüb və ehtiyatlanıb. Öz ölkəsində bu ssenariyə yol verməmək üçün manevrlər edir... Əlbəttə, Bakı Moskva ilə münasibətlərini davam etdirir... Gec və ya tez, Qərb cəzalandırmağa və cərimələməyə başlayacaq. Azərbaycanın ABŞ-a, Avropaya ehtiyacı var". Kramer falçılıq etməyib, o, ölkəsinin qurduğu planlardan, regiona baxış bucağından ayrı-ayrı detalları açıqlayıb. Bu detalları parlament seçkiləri ərəfəsində baş verənlərlə uyğunlaşdıranda hadisələrin səbəbi ortaya çıxır.
Bu yerdə sualın ikinci hissəsi aktuallaşır: "Azərbaycan bu təzyiqlər qarşısında hansı məqama qədər duruş gətirə bilər?"
Bu barədə növbəti yazımızda...
Müşfiq Ələsgərli
Milli.Az