İnsan hüquqlarına hörmət etməyən ABŞ-ın Azərbaycanda demokratiya axtarışı

Seçkilər yaxınlaşdıqca Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artacağı proqnozları təssüflər olsun ki, özünü doğruldur. Hər halda son günlər Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı Qərbdən və Avropadan səslənən qərəzli fikirlər və ortaya qoyulan ədalətsiz yanaşma belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi okeanın o tayında Azərbaycandakı insan hüquqlarının vəziyyətinə dair dinləmələr keçirilir. Dinləmələrin keçirilməsinin təşəbbüskarı isə bir vaxtlar Azərbaycanda Amerikanın səfiri olmuş Riçard Kozlariç və hər zaman ermənipərəst mövqeyi ilə seçilən "Fredoom House" təşkilatının rəhbəri Devid Kremerdir. Dinləmələrin mahiyyət və məqsəd də aydındır. Seçkilər ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, onu ləkələmək və beləliklə də erməni əlinə oynamaq. Birləşmiş Ştatlarda Azərbaycandakı insan hüquqları ilə bağlı dinləmələr keçirilməsinin səbəbi, bunun doğru və ya səhv addım olduğunu araşdırmaqdan əvvəl bu dinləmənin nə üçün məhz parlament seçkiləri ərəfəsində baş tutduğuna aydınlıq gətirək.

Birincisi, ortada olan mənzərə ondan ibarətdir ki, bu dinləmə də indiyə qədər Azərbaycana qarşı qurulmuş ssenarinin tərkib hissələrindən biridir. Özü də bu ssenarinin tamaşasının nümayişi Avropadan başlayıb, okeanın o tayında bitir. Necə ki, anolojo proses Birinci Avropa Oyunları ərəfəsində özünü göstərdi. Əvvəlcə Avropanın "heyvansevərləri" ayağa qalxıb Azərbaycandakı "həmkarlarının" (itlər, pişiklər, digər heyvanlar) öldürüldüyünü iddia etdilır, Azərbaycanı qaniçən bir ölkə kimi qələmə verməyə, Avropa dövlətlərini bu oyunlardan imtina etməyə çalışdılar. Lakin "heyvansevərlərin" haray-həşiri özünü doğrultmadı və Azərbaycanda küçə heyvanları üçün hətta Avropa ölkələrinin bir çoxunda olmayan saxlama yerlərinin tikildiyi təsdiq edildikdən sonra antiAzəbaycan şəbəkə ikinci bir planı işə saldı. Bu dəfə insan hüquq və azadlıqları əldə bayraq idi. Buna cavab olaraq həmin ərəfədə Azərbaycanda bir neçə beynəlxalq tədbirin keçirilməsi və ölkəmizdə yüksək səviyyədə insan hüquq və azadlıqlarının mövcud olduğunun elə avropalıların dilindən səsləndirilməsi məlum şəbəkəni məcbur etdi ki, Amerika vasitəsilə Bakıya təzyiq göstərilsin. Hətta nə qədər təssüfedici və qəribə də olsa ABŞ dövlət katibi Con Kerrinin ofisi də bu "oyunda" əsas fiqurlardan birinə çevrildi. Nəticə isə yenə də sabun köpüyü oldu.
İndi də proseslər eyni ssenari ilə gedir. Əvvəlcə Avropa Parlamenti, daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Komitəsi, "final"da isə Birləşmiş Ştatlar. Nəticənin yenə də sabun köpüyü olacağına şübhə yoxdur.
Birincisi ona görə ki, nə Kozlariç, nə Kremer, nə də onlara dəstək verən erməni lobbisinin havadarları okeanın o tayında oturub Azərbaycanda insan hüquq və azadlıqlarının necə qorunduğunu, yaxud bu sahədə problemlər olduğunu müəyyən edə bilməzlər. Azəbaycandakı istənilən sahədə mövcud olan inkişaf və ya problemi müzakirə etmək üçün mütləq Azəbaycanda olmaq lazımdır. Daxildəki dövlətçilik əleyhinə fəaliyyət göstərən siyasilər, ictimai təşkilat nümayəndələri, "5-ci kolon"un donosları ilə Azərbaycandakı durumu, insan hüquq və azadlıqlarını müzakirə edərək mənfi rəy bildirmək heç bir məntiqə və obyektivliyə sığmır.
İkincisi, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətini müzakirə edib ölkəmiz barədə mənfi rəy söyləyənlər ilk növbədə öz ölkələrinə nəzər salmalıdırlar. Görməli və dünyaya çatdırmalıdırlar ki, bir neçə ay əvvəl amerikan polisi qaradərililərə qarşı hansı qeyri insani davranışlara yol verdi. Yaxud Avropa ona pənah gətirən əcnəbilərə qarşı hansı aqressivliyə əl atdı. Məgər onlar insan deyillər? Yaxud onların hüquq və azadlıqları qorunmalı deyil.  Bir qədər də
uzağa gedib Birləşmiş Ştatlar İraqda diktatoru devirmək adı altında törətdiyi vəhşiliklərə nəzər salmaq lazım idi. Hələ bu sıraya işğalçı Ermənistan tərəfindən 1 milyon azərbaycanlının hüquqlarının pozulmasını əlavə etmirik. Təkcə Aropada, Amerikada insan hüquq və azadlıqlarının pozulması ilə bağlı baş verən hadisələrə nəzər salmaq kifayət edir ki, Azərbaycana irad tutan dairələrin insan hüquqlarına necə "hörmət" etdiklərini görək. Ona görə də bu gün öz gözündə tiri görməyən Avropa, Qərb, Birləşmiş Ştatların başqasının gözündə saman axtarması, daha dəqiq desək Azərbaycanda hansısa problemin olduğunu bildirməsi qərəz, qeyri-obyektiv bir yanaşmadır. Prezident İlham Əliyevin də dediyi kimi bu cür bəyanatlar, hesabatlar bizim üçün kağız parçasından başqa bir şey deyil.


Süleyman 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00